Əlaqə Arxiv
news Image
2012.12.25
18:11
| A A A
Bakı Slavyan Universitetində "Ulduz" müzakirə olundu
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində "Ulduz" jurnalının Kəramət Böyükçölün məsul redaktorluğu ilə buraxılan son sayının müzakirəsi keçirilib. Müzakirədə Kamal Abdulla, tənqidçi Tehran Əlişanoğlu, yazar Etimad Başkeçid, gənc imzalar Cavid Zeynallı, Kəramət Böyükçöl, Yaradıcılıq fakültəsinin tələbələri iştirak ediblər.
Qeyd edək ki, "Ulduz" jurnalının gənclərin - Qismət, Aysel Əlizadə, Cavid Zeynallı və Kəramət Böyükçölün - məsul redaktorluğu ilə 4 sayı işıq üzü görüb. Aysel Əlizadə və Qismətin də dəvət olunmasına baxmayaraq, onlar müzakirəyə qatılmamışdılar.  
Tədbiri giriş sözü ilə açan Kamal Abdulla bildirib ki, ədəbi dərgilərin bütün məsuliyyətini gəncliyin ixtiyarına buraxmaq müsbət ənənə yaradır: "Ancaq hesab edirəm ki, gənclərin buraxdığı dərgiləri bir-biri ilə yox, Elçin Hüseynbəylinin redaktorluğu ilə çıxan ənənəvi nüsxələrlə müqayisə etmək daha məqsədəuyğundur. İndiyə qədər müxtəlif polemikalar aparılıb və əsasən son buraxılışdan danışılanda yalnız jurnalın üzqabığından söhbət açılır. Əslində, mahiyyətə varmaq, diqqəti mətnlərin təhlilinə yönəltmək lazımdır. Nəzərə alaq ki, bir nömrə ilə adam yalnız cəhdini ortaya qoya bilər, öz potensialını tam mənası ilə nümayiş etdirə bilməz. Gənclərin məsul olduğu nüsxələri müqayisəyə gətirdikdə isə, öncəki jurnallarda bilinmir ki, bu layihə nədir, redaktor kimdir, ümumiyyətlə, heç bir təqdimat yoxdur, sanki redaktor çəkilib mətnlərin arxasına, özünü materiallarda əridib, müəllifləri təqdim edir. Son buraxılışda isə həm dizayn, həm redaktorun "Ön söz"lə çıxışı və təqdimatı, jurnalı vərəqlədikcə oxucunu tək buraxmaması təqdirəlayiq işdir. Bu nömrə artıq redaktorun öz istəyi ilə buraxılan nömrədir. Mənə elə gəlir, redaktorun imkanı olsaydı, təkrarlar daha da çoxalacaqdı, çünki öz sevdiyi əsərləri nəşr edəcəkdi.
Digər buraxılışlarda isə daha geniş mənzərə var, redaktorlar, bəlkə də, sevmədikləri materialı da jurnalda çap ediblər. Bu baxımdan, buraxılışın kiminsə zövqüncə olmaması normal sayıla bilər. Əgər oxucu jurnalda oxumağa mətn tapırsa, deməli, o jurnal var".
K.Böyükçöl nəşri hazırlayarkən münasibəti olan bütün qələm sahiblərinin fikirlərini öyrəndiyini önə çəkdi: "Bu baxımdan "Ulduz"un son sayında yaradıcı şəxslərin əksəriyyətinin rəyini nəzərə almağa çalışmışıq. Xüsusilə, şəhər mühitində təmsil olunan yazarların mətbuata çıxma imkanlarının genişliyini əsas götürdük və diqqəti əyalətlərə ayırmağa çalışdıq. Təkcə bir faktı deyim ki, mənim elektron ünvanıma əyalətlərdən 100-dən artıq ədəbi mətn gəlmişdi. Bu, əyalətlərdə diqqətdən kənarda qalan yazarların miqyasını təsəvvür etməyə imkan verir və biz çalışmalıyıq ki, onların arasında olan ən istedadlılarının nüfuzlu dərgilərdə çapına şərait yaransın".
Cavid Zeynallı isə jurnalın son sayı ilə bağlı təbriklərini və dəstəyini bildirdikdən sonra ətraflı təhlilə başladı: "Gənclik - məsul olduğu jurnalın dörd sayının hər birində nə istədiyini və nəyə nail olduğunu tam olaraq göstərə bildi. Və 2004-cü il Elçin Hüseynbəyli redaktor gələndən sonra işıq üzü görən dörd sayı çıxmaq şərtilə, gənclik buraxılışlarının hər biri onlardan daha yaxşıdır. Və bu jurnala məsul olan gənc redaktorların hər biri jurnala baş redaktor olmağa qadirdir və layiqdir".
C.Zeynallı bu və ya digər vaxtlarda ədəbi portal və saytlarda dərc olunan materialların təkrar nəşrinə iradlarını da bildirdi: "Hesab edirəm ki, bu materialların təkrar çapından qaçmaq daha yaxşı olardı. Ancaq bir məsələni də etiraf edək ki, biz nə qədər çalışsaq da, "Ulduz"un bəlli büdcəsindən və qəlibindən çıxa bilmirik. O maliyyə büdcəsi və qəliblərlə xüsusi, tam fərqli buraxılış hazırlamaq çox çətindir".
Daha sonra Yaradıcılıq fakültəsinin tələbələri ilə açıq dikussiyalar başladı. Tələbələri maraqlandıran suallara - mətnlərin çapa seçilməsində hansı meyarların əsas götürüldüyü, təkrarların, əyalətdəki yazarlara geniş yer verilməməsinin səbəbi, ümumiyətlə, redaktorların ədəbi baxışları və bunu ifadə etmə yolları barədə və s. - Kəramət Böyükçöl və Cavid Zeynallı cavab verdi, yaradıcı gənclərlə polemika aparıldı. Tələbələr K.Böyükçölün uğurunun səbəbi kimi gənclərin buraxdığı digər nüsxələri göstərdilər. Belə ki, artıq ənənə yaranır və hər bir gənc məsul redaktor olduqda özündən əvvəlki müsbət layihələri davam etdirmək, yanlışlıqları isə təkrarlamamaq fürsəti əldə edir və nəticə ümumi işdə özünü göstərir.
Yanlışlıqlar sırasında isə müsahibələrin çoxluğunu göstərdilər. Yazıçı Kamal Abdulla ilə müsahibəyə həm də BSU-da təhsil aldıqları və müəllifi yaxından tanımaq imkanları olduqlarından, xüsusi önəm verdiklərinə toxunan tələbələr sualları daha mükəmməl verməyin və söhbətə daha yaxşı hazırlaşmağın mümkünlüyünü bildirdilər.
Jurnalın Rafiq Tağıya deyil, yenicə rəhmətə getmiş Zərdüşt Şəfiyə həsr olunmasının vacibliyinə toxunan tələbələr K.Böyükçölün imzasının 4 dəfə getməyini, həmçinin materiallar hazırlandıqdan sonar baş redaktora verilməsini və Elçin Hüseynbəylinin imzasının saxlanılmasını nöqsan saydılar: "Əgər jurnalı gənclər buraxırsa, redaksiya tamam kənara çəkilməlidir və hazırlanan nüsxə birbaşa mətbəəyə göndərilməlidir".
Müzakirələrin gedişində söz alan tənqidçi Tehran Əlişanoğlu tələbələrə razılığını bildirdi: "Əslində, mənim toxunmaq istədiyim və müzakirəsinə çalışdığım problemlərdən də, uğurlardan da tələbələr ətraflı danışırlar və sevinirəm ki, belə gənc nəsil yetişir. Sadəcə, bəzi məqamlara toxunmaq istərdim. Əgər Aysel xanımın məsul olduğu sayda stixiya qorunurdusa, Kəramətin buraxdığı say öz konseptuallığı ilə diqqəti cəlb edir. Jurnalı vərəqlədikcə burada analitik təhlillərə daha çox yer ayrıldığını görürük. Materialların təkrarlılığına gəlincə, artıq internet dövrüdür, çap imkanları çoxdur və müəlliflərin təkrar çapını normal qarşılamaq gərəkdir. Xüsusi danışmağa ehtiyac görmürəm, bizə yalnız bu ənənələrin yaranmasına sevinmək və onların inkişafına dəstək vermək qalır".
Etimad Başkeçid çıxışında bildirdi ki, illərin sükutundan sonra bir ədəbi jurnalın belə müzakirəyə çıxarılması çox əlamətdar haldır: "Ədəbi proses təkcə mətnlərin bir yerə toplanması, çapı və cəmiyyətə təqdim olunmasından ibarət deyil. Ədəbi proses həm də bütün bu polemikaların məcmusu deməkdir. Və polemikalarda kimin nə deməyindən asılı olmayaraq, qabardılan nöqsanlar çox xırda nöqsanlardır ki, bunun üstündə bu qədər dayanmağa gərək yoxdur. Fakt ortadadər: Kəramət Böyükçölün buraxdığı say bir ədəbi hadisədir. Əgər belə bir uğurlu say çıxıbsa, varsa, deməli, Kəramət Böyükçölə ikinci, üçüncü şansı da vermək lazımdır".
Müzakirələrə yekun vuran K.Abdulla gənclərin buraxdığı "Ulduz"la ənənəvi "Ulduz"u müqayisə edərkən əksəriyyətin fikri ilə razılaşdığını və birinciyə üstünlük verdiyini söylədi: "Mən ilk dəfə "Ulduz"un son sayında, Kəramətin rəy üçün müraciətində özümü Redaksiya Heyətinin üzvü kimi hiss elədim. Halbuki "Ulduz"un Redaksiya Heyəti sırasında illərdir mənim adım da yer alır. Bu formallıq nəyə lazımdır? Bir Redaksiya Heyəti üzvü ki, redaksiyadakı yaradıcı proseslərdən xəbərdar edilməyəcək, ona münasibət bildirmək üçün bir dəfə də olsun material göndərilməyəcək, rəyi öyrənilməyəcək, belə adamın Redaksiya Heyətində qalmasının nə anlamı var?
Ona görə də burda rəsmən bəyan edirəm: Mən ənənəvi "Ulduz"un Redaksiya Heyətindən çıxıram və bundan sonra adımın dərginin Redaksiya Heyətində yazılmasına qəti şəkildə etiraz edirəm. Çox istəyərəm ki, Redaksiya Heyətinə Cavid Zeynallı, Kəramət Böyükçöl və ya "Ulduz"un hazırlanmasında iştirak edən digər bir gəncin adı salınsın".
Xatırladaq ki, K.Böyükçölün məsul redaktorluğu ilə nəşr olunan "Ulduz" jurnalının son sayının müzakirələri müxtəlif yaradıcı birliklər və tənqidçilər tərəfindən davam etdirilir.
Sizin Reklam Yeriniz