Əlaqə Arxiv
news Image
2012.05.15
14:46
| A A A
Avropa kapitalını Azərbaycan banklarından geri çəkir
Samir Əliyev: “ Avropa banklarının Azərbaycan banklarından kapitallarını geri çəkməsi arzuolunan hal deyil “ Əli Əlirzayev: “Xarici kapitalın geri çəkilməsi yaxşı hal olmasa da, Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq”

İqtisadi böhranın əlində aciz qalan "köhnə qitə"də maliyyə problemləri genişlənməkdədir. Bir sıra Avropa ölkələri böhrandan çıxmaq üçün əməlli-başlı büdcə və maaş ixtisarlarına getməli olub ki, bu da insanların kəskin narazılığı ilə qarşılanır.

Hətta İspaniya kimi nəhənglərdən hesab olunan ölkədə işsizliyin səviyyəsi 25 faiz artıb. Belə bir vəziyyətdə məlumatlar var ki, Avropa bankları xarici ölkələrdən kapitallarını geri çəkməyə başlayıblar. Bu proses Azərbaycana da aiddir. Azərbaycanda da bəzi xarici ölkə bankları bir çox yerli banka öz kapitalını yerləşdirib. Ümumiyyətlə, Azərbaycandakı bank sistemində xarici kapitalın da önəmli yeri vardır. Lakin indi böhran şəraitində xaricilərin öz kapitallarını geri çəkməsilə Azərbaycanın bank sisteminə də müəyyən qədər ziyan vura bilərlər. Ümumiyyətlə, maraqlıdır, görəsən, xaricilərin kapitallarını geri çəkmələri Azərbaycana nə vəd edir?

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, xarici kapitalın geri çəkilməsilə Azərbaycan banklarının xaricə çıxış imkanları məhdudlaşacaq və onların resursları məhdud səviyyəyə enəcək: "Xarici, xüsusən də Avropa banklarının Azərbaycan banklarından kapitallarını geri çəkməsi arzuolunan hal deyil. Çünki bu gün ölkədə fəaliyyət göstərən bankların heç də hamısı yerli banklar deyil. Ölkədə fəaliyyət göstərən bankların təxminən yarısı xarici kapitalın cəlb edildiyi bank hesab olunur. Bəzi banklar yüz faiz xarici banklar vasitəsilə kapitalla təmin olunur, bəzilərində də xarici investorlar müəyyən paya malikdirlər. Ona görə də böhranla bağlı olaraq xarici kapitalın geri çəkilməsinin ölkəmizin bank sektoruna zərərinin ola biləcəyi mümkündür. Düzdür, Ukrayna, Rusiya və Qazaxıstan kimi ölkələrdən fərqli olaraq bizdə bu təsir elə də güclü olmaya bilər. Çünki həmin ölkələrdə xarici kapital bank sektoruna daha geniş şəkildə oturuşub. Ona görə də sadaladığım üç dövlətdə qlobal böhran baş verəndə xarici kapitalın geri çəkilməsinin təsiri Azərbaycana nisbətən özünü daha kəskin göstərir. Azərbaycanda isə böhranın təsiri az oldu. Çünki bizim bank sistemimiz izolyasiya olunmuş haldadır və yəni dünya bank sisteminə az inteqrasiya olunmuşuq. Amma bütün hallarda xarici kapitalın geri çəkilməsinin Azərbaycan banklarına da zərəri ola bilər. Həmin banklar kapitallarını çəkdikdə Azərbaycan banklarının da resursları kifayət qədər azalar. Onsuz da bizim xaricdən resurs cəlb etmək imkanımız məhduddur. Yalnız barmaqla sayıla biləcək bir neçə bank hazırda resurs cəlb etmək imkanındadır. Belədə xarici kapitalın getməsilə Azərbaycan banklarının xaricə çıxış imkanları məhdudlaşacaq, digər tərəfdən də yerli bankların resurslarında kəskin azalmalar baş verə bilər. Hansı ki, bu gün həmin hal əksər banklarda müşahidə olunur. Belə vəziyyət isə bankların kredit resurslarının daha da bahalaşmasına gətirib çıxaracaq. Proses hətta bir neçə bankın ləğvilə də nəticələnə bilər".

Xarici kapitalın geri çəkilməsini arzulamayan iqtisadçı alim Əli Əlirzayev bununla belə baş verən olayın Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsirinin olacağını düşünmür: "Hər halda xarici kapitalın geri çəkilməsi bizim xeyrimizə deyil. Belə olduqda iş yerlərinin azalması baş verir, proses iqtisadiyyatın dövriyyəsinə mənfi təsir edir. Bununla belə hesab edirəm ki, xarici kapitalın geri çəkilməsi yaxşı hal olmasa da, Azərbaycan iqtisadiyyatına elə də ciddi təsiri olmayacaq. Ölkə iqtisadiyyatı hazırda xarici investisiyadan asılı deyil. Əksinə Azərbaycanın özünün investor olaraq gəlirləri, büdcəsi və ehtiyat fondları kifayət qədərdir. Ölkədə investisiya qoyuluşunun 70 faizə qədəri Azərbaycanın öz daxili imkanları hesabına əldə olunub. Amma o da var ki, pul nə qədər çox olarsa bir o qədər də genişlənmə siyasəti olar".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz