Əlaqə Arxiv
news Image
2012.05.21
13:23
| A A A
Orta məktəblərdə iş dəftərləri ləğv olunur
Firudin Həmzəyev: "İş dəftərlərinin ləğvi gündəmdə deyil" Əjdər Ağayev: “Yükü azaltmaq məqsədilə iş dəftərlərinin ləğvi ehtimal oluna bilər”

Məlumat veril-diyi kimi gələn ildən Azərbaycanın orta məktəblərinin aşağı siniflərində iş dəftərlərinin ləğvi gözlənilir.Hazırda Təhsil Nazirliyində iş dəftərlərindən bir neçə tapşırığın dərsliklərə daxil edilməsi sahəsində iş aparılır. Xatırladaq ki, Azərbaycanda I-V sinif dərslikləri üçün milli kurikulum hələ 2008-ci ildə daxil edilib. Yeni təhsil növünə əsasən, başlanğıc üçün 123 min dərslik nəşr olunub.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də ibtidai siniflərdə fiziki ağırlığı azaltmaq üçün iş dəftərlərindən imtinanı lazım bilir: "Orta məktəblərin aşağı siniflərində iş dəftərlərinin ləğv olunacağı məsələsi yəqin ki, ehtimaldır. Həmin məsələ ilə bağlı hələ rəsmi sənəd, göstəriş və ya bəyanat eşitməmişəm. Amma bir məsələ var ki, o da valideynlərin uşaqlarının ibtidai sinifdə həddən artıq yükləməsindən narahat olmaları ilə bağlıdır. Bu zaman təkcə təlim yükünü demirəm, uşaqlar həm də fiziki baxımdan çox yüklənirlər. Uşaqların məktəbə gedərkən arxalarında apardıqları çantalarda xeyli ağırlıqda yük olur. Bu da dərslik, iş dəftəri, gündəlik, dərsliyə əlavə dəftər, kitablardan və s. ibarətdir. Ümumiyyətlə, bu sahədə bir norma qoyulmalıdır. Uşağın fiziki qüvvəsi və fiziki ağırlığa salınmasının tibbi əsasları işlənməlidir. Birinci sinif uşaqlarının arxalarında ağır çanta daşımalarından hamı narazıdır. Belədə onların bel sütunlarının əyilə biləcəyi təhlükəsi yarana bilər. İş dəftərlərinin ləğv olunacağını deyə bilmərəm. Amma yəqin ki, onu nələrisə bir-birinə birləşdirməklə əvəz edəcəklər. Çünki iş dəftərləri də müəyyən işlər görmək üçün lazımdır. Amma yükü azaltmaq məqsədilə bu halın baş verməsi ehtimal oluna bilər və belə olarsa məsələyə müsbət yanaşardım. Amma pedoqoji, metodiki, sərfəli iş forması seçmək şərtilə. Bu formanı müəllimin özü seçərsə, onda dərsliyə, əlavə ədəbiyyatın hamısına münasibəti dəyişmək və uşaqları yükdən azad etmək gərəkdir".

Digər təhsil eksperti Rafiq İsmayıl da bildirdi ki, iş dəftərləri prinsipi formal xarakter daşıdığından ondan imtina olunmalıdır: "Hadisələr göstərir ki, ümumiyyətlə, hazırkı tədris, sistemin özü istənilən nəticəni vermir. Prinsip etibarilə tədris prosesi yarıtmaz günə düşüb. Azərbaycanın təhsil sistemində, ümumiyyətlə, aşağıdan yuxarıya doğru ciddi islahata, qayda-qanun və sistemin yaradılmasına böyük ehtiyac yaranıb. Aşağı siniflərdə həyata keçirilən iş dəftərlərindən istifadənin ləğvi də təhsildə islahatlar aparılmasının bir elementidir. Bir iş ki, fayda vermir onun formal olaraq saxlanılmasının nə mənası var? Ya bu mexanizm işlək hala gətirilməli, ya da ondan, ümumiyyətlə, istifadə olunmamalıdır. Bizdə isə təhsilin aşağı pilləsindən üzü yuxarı formalizm baş alıb gedir. İş görmək əvəzinə formal olaraq müxtəlif sənəd və dəftərlərin tərtibi prosesi istənilən qədərdir. Bu hal özünü təkcə orta məktəblərdə deyil, ali məktəblərdə də göstərir. Bir şey ki, formal xarakter daşıyırsa, ondan imtina edilməsi daha yaxşıdır. Çünki ən azı bu halda böyük miqdarda kağız məsrəfi mənasız yerə sərf olunur".

Azərbaycan Təhsil Şurasının nümayəndəsi Firudin Həmzəyev isə iş dəftərlərinin ləğvi məsələsinin gündəmdə olmadığını bildirdi: "İbtidai siniflərdə iş dəftərlərinin ləğvi məsələsi həqiqəti əks etdirmir. Hələ ki, belə söhbətlər yoxdur. İbtidai siniflər iş dəftərlərindən də istifadə etməkdə davam edəcək. Onların ləğvi gündəmdə deyil. Uşaqların mükəmməl təhsil alması üçün iş dəftərlərinin də olması vacibdir".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz