Movqe.Az xəbər verir ki, mayın 31-də Azərbaycan Mətbuat Şurasında "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər" kitabının təqdimatı keçirildi. Kitabın müəllifi Bakı Dövlət Universitetinin qocaman müəllimi Şirməmməd Hüseynovdur. Təqdimatda müəllif, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, mətbuat orqanlarının rəhbərləri, alim və tədqiqatçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amamşov açdı.
Ə. Amaşov çıxışında kitabda yer alan
məqalələr Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd
Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi olduğunu
bildirdi: "Onu xüsusi vurğulamalıyam ki, Rəsulzadə irsinin tətqiq
edilməsində və bu kitabın ərsəyə gəlməsində demək olar ki, yalnız
Şirməmməd müəllim çalışıb. Amma, xaricdə belə şəxsiyyətlərin irsini
hansısa institutlar öyrənir."
O, kitaba M. Ə. Rəsulzadənin 1915-1916-cı illərdə "İqbal", "Yeni iqbal", "Açıq söz" qəzetlərində, "Qurtuluş" məcmuəsində işıq üzü görən 200-ə yaxın əsəri daxil edildiyini açıqladı.
Sonra çıxış edən Milli Məclisin
deputatı Aqil Abbas müəllifin araya-ərsəyə gətirdiyi kitabın
əhəmiyyətindən danışdı. Onun sözlərinə görə Şirməmməd Hüseynov M.
Ə. Rəsulzadənin irsini tədqiq etməklə gənclərimizə çox böyük örnək
olur. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə kitabda yer
alan əsərlərin onun rəhbərlik etdiyi qəzetdə nəşr edildiyini
bildirdi. Baş redactor həmin yazıları məmnuniyyətlə nəşr etdiyini
açıqladı: "Biz fikirləşməliyik ki, kimlərlə oturub-dururuq!
Şirməmməd müəllim həmin adamdır ki, Üzeyir hacıbəyovun qarşısında
imtahan verim. Bundan böyük xoşbəxtlik nə ola bilər?"
"Olaylar" qəzetinin baş redaktoru
Yunus Oğuz və digərləri Ş. Hüseynovun Rəsulzadə irsinin
araşdırılmasında, cəmiyyətə sevdirilməsində əvəzsiz rolu olduğunu
vurğuladılar. Tədbirdə bildirildi ki, müəllif 20 ildir təmənnasız
M. Ə. Rəsulzadənin əsərlərini araşdırmaq, toplamaq və nəşr
etdirməklə məşğuldur.
Mərasimin sonunda çıxış edən Ş. Hüseynov M. Ə. Rəsulzadənin Azərbaycan dövlətçiliyi, bu istiqamətdə gördüyü və həyata keçirmək istədiyi işlər barədə danışdı: "M. Ə. Rəsulzadə deyirdi ki, Şərq xalqlarında bir problem var ki, o da şəxsiyyətə pərəstişdir. Görün necə uzaqgörən şəxsiyyət olub ki, bu günümüzü də görə bilib."
Ş.Hüseynovun şəxsi təqaüdündən qənaət etdiyi vəsait hesabına çap olunan kitaba böyük təlabat var. Müəllif bildirdi ki, bu və daha əvvəl nəşr edilmiş kitabın iki cildini əldə etmək üçün ona Yaponiya, Almaniya, Amerika, Rusiya, Fransa, İrandan pedaqoqlar, elm adamları müraciət edirlər: "Əgər Rəsulzadənin yaradıcılığındakı bütün əsərlər çap olunsa, bu, 14-15 cild olacaq."
Qeyd edək ki, kitabın birinci cildi 1992-ci ildə nəşr olunub. Orada M. Ə. Rəsulzadənin 1903-1909-cu illərdə qələmə aldığı nümunələr toplanıb. İkinci cild 2001-ci ildə oxuculara təqdim edilib. Kitabda M. Ə. Rəsulzadənin beş il ərzində (1909-1914) yazdığı əsərlər yer alıb.