Əlaqə Arxiv
news Image
2012.06.14
09:00
| A A A
Uşaq hesabına pul qazananlar
Yusif Bəkirov: “Monitorinq etmək lazımdır ki, uşaqlar hansı sahədə əməyə cəlb edilib, hansı formada istismar olunurlar” İbrahim Əsədli: “Psixoloji sarsıntını verən əməyin özü yox, məcburiyyətdir”

Əbülfəz Süleymanlı: "Valideynlərin maarifləndirilməsi vacibdir"

Məlumdur ki, ölkəmizdə uşaqların əməyə cəlb edilməsi qanunla qadağandır. Lakin bəzi hallarda uşaq əməyinin istismarının şahidi oluruq. Məsələn, ictimai nəqliyyatda daşıma haqqı yığan, restoranlarda "mələk" rolunu ifa edən, satış bazarlarında müxtəlif işlər görən uşaqlara, demək olar ki, hamımız rast gəlirik. Bəllidir ki, onların əksəriyyəti maddi vəziyyətin pis olması səbəbindən vaxtından əvvəl əməyə cəlb olunsalar da, bəziləri müəyyən əyləncə, şou təqdimatı baxımından bu cür istismara məruz qalırlar. Son zamanlar ölkəmizdə bu cür halların sayı azalsa da, onlar tam aradan qalxmayıb.

Uşaq Hüquqları Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov bildirir ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının Uşaq Əməyi Konvensiyaya qoşulub: "Bu konvensiyanın əsas məqsədi uşaq əməyinin, istismarının qarşısını almaqdan ibarətdir. Bu beynəlxalq təşkilatın Azərbaycanın qarşısına qoyduğu əsas məsələlərdən biri də Azərbaycanda uşaq əməyinə nə qədər uşağın cəlb edilməsini müəyyənləşdirməkdir. Əsasən də ağır əməyə cəlb edilmə halları iləbağlı hallar priortiet istiqamət təşkil edir".

Yusif Bəkirov qeyd edir ki, qanunla uşaqlar 15 yaşından sonra əməyə cəlb edilə bilərlər: "Ancaq uşaqlar ağır əmək formalarında istismara məruz qalmamalıdır". O, uşaq istismarının azaldılması üçün birinci növbədə, statistikanın müəyyənləşdirilməsini önə çəkir: "Təəssüflər olsun ki, Azərbaycanda buna aid dəqiq statistika aparılmır. Bundan başqa monitorinq etmək lazımdır ki, uşaqlar hansı sahədə əməyə cəlb edilib, hansı formada istismar olunurlar. Bunlar olmadan uşaq əməyinin qarşısını almaq qeyri-mümkündür".

Yusif Bəkirov qeyd edir ki, uşaq qanunsuz əməyə cəlb ediləndə birinci növbədə təhsildən yayınır: "Bu da gələcəkdə uşaqda savadsızlığa gətirir. Bundan başqa, uşaq əməyə cəlb ediləndə 15 kq - dan artıq yük qaldıra bilməz. Ancaq təəssüflər olsun ki, bizlərdə buna tam riayət edilmir. Nəticədə gələcəkdə uşağın bədənində, onurğa sütünunda problemlər yaranır".

Ekspert uşaqların əməyə cəlb edilməsini birinci növbədə sosial vəziyyətin ağır olmasında görürür: "İkincisi də onların üzərində bəzən nəzarətin az olması bu kimi halların baş verməsinə gətirir".

Psixoloq İbrahim Əsədli isə bildirir ki, uşaqlar 14 yaşa kimi yeniyetmələr sayılır: "14 yaşa kimi yeniyetmələr əməyə cəlb ediləndə onlarda bir sıra problemlər yaranır. Çünki bu vaxt uşaqlarda psixika, bədən tam formalaşmayıb. Onunla yanaşı, hər bir əmək prosesi müəyyən ardıcıllıq, nizam-intizam, iradə tələb edir. Uşaqlarda da daxili nizam-intizam, iradə hələ tam formalaşmamış olduğu halda onlar işə cəlb olunmamalıdırlar. İşlərin də əksəriyyəti eyni ritmdə olduğu üçün yaradıcı yox, yorucu hərəkətlər sayılır. Uşaqlar isə daha çox oynamağı xoşlayırlar ki, orada sərbəstlik və yaradıcılıq var. Hər hansı bir əməkdə isə yardıcılıq olmadığına görə onlarda daxili sıxıntılar başlayır. Daxili sıxıntılar da uşaqlarda müəyyən psixoloji problemlər yaradır".

Psixoloq erkən yaşından əməyə ədətən imkansız insanların cəlb olunduğunu bildirir: "Kapitalist ölkələrində uşaq əməyindən istifadə daha rahatdır. Çünki eyni işə görə uşağa daha az pul verilir".

İbrahim Əsədli bu məsələnin həm hüquqi, həm sosial, həm də psixoloji cəhətləri olduğunu qeyd edir: "Uşaqları əməyə cəlb etmək olar. Amma onlara tam şərait yaratmaq lazımdır. Uşaqlar o zaman işləyə bilər ki, onlar bunu özləri istəyirlər. Ancaq onları nəsə məcbur edirsə, bu artıq məcburiyyətdir və qəbul edilməzdir. Psixoloji sarsıntını verən əməyin özü yox, məcburiyyətdir".

Psixoloq uşaq istismarının fərdi şəkildə aradan qaldırılmasının mümkün olmayacağını bildirir: "Bu sosial tədbirlər olduğundan buna sosial, iqtisadi və dövlət siyasəti uyğun gəlməlidir".

"Aktual" elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri sosioloq Əbülfəz Süleymanlı da hazırda biznesdə uşaq əməyindən istifadə hallarının olduğunu bildirir: "Bunların hamısı uşaq hüquqlarının pozulması, həm də təhsildən yayınma halları kimi qiymətləndirilməlidir. Həm də eyni zamanda, həmin uşaqların şəxsiyyət kimi formalaşmasında böyük bir əngəllər törədir. Çünki onların düşdüyü mühit həm uşaq psixologiyasına uyğun deyil, həm də ümumi dünya görüşünün formalaşmasında fayda vermir. Onların müəyyən əxlaqi dəyərlərdən uzaq bir mühitdə olmalarını düşündükdə sanıram ki, o uşaqların şəxsiyyətlərinin formalaşması haqqında ciddi şübhə işarələri ortaya çıxır. Birdən də olur ki, onlar vaxtından əvvəl böyüyürlər. Bu da yol verilməzdir".

Sosioloq bu kimi halların aradan qaldırılması üçün burada ilk öncə vətəndaşların mövqeyinin vacibliyini vurğulayır: "Həmçinin bizdə müvafiq uşaq təşkilatları da mövcuddur. Bundan başqa inzibati rezuslardan istifadə etmək lazımdır. Daha sonra valideynlərin maarifləndirilməsi vacibdir. Orta məktəbdə müəllimlərin üzərinə də bu istiqamətdə böyük vəzifələr düşür. Kompleks şəkildə vətəndaş strukturları, QHT sektorunun nümayəndələri, xüsusi ilə də uşaq hüquqları sahədə çalışanlar, ombudsman bu sahədə işləri intensivləşdirə bilər".

Sizin Reklam Yeriniz