Əlaqə Arxiv
news Image
2012.06.21
09:00
| A A A
Keyfiyyətsiz şərablar bazarlarda tüğyan edir
Eyyub Hüseynov: “Əhali bilməlidir ki, araqların saxlanma müddəti 1 ildən, şərabların 6 aydan, konyaklarınkı isə 3 ildən artıq deyil” Dövlət Məmmədov: “Spirtli içkilərin üzərinə gündəlik tarix qoyulmursa, birinci növbədə, bu, markalanmanın pozulması deməkdir”

Ta qədimlərə nəzər saldıqda bəlli olur ki, şeytan suyu sayılan şərab ilk dəfə elə müsəlman Şərqinin özündə istehsal olunub. Zaman keçdikcə bütün dünyada yayılan bu içkinin sonradan xeyli növləri yaradılıb, həmçinin şərab keyfiyyət deformasiyasına da məruz qalıb. Məsələ ondan ibarətdir ki, bu gün "şərab nə qədər çox saxlanılarsa, bir o qədər yaxşıdır" deyimi artıq keçərli deyil.

Elə indinin özündə şərab bazarına nəzər saldıqda məlum olur ki, burada saxta, keyfiyyətsiz məhsulların sayı kifayət qədərdir. Araşdırmalar göstərir ki, istehlakçılar tərəfindən çox da fikir verilmədiyindən bəzi spirtli içkilərin əksəriyyətində istifadə müddəti belə göstərilmir. Dövlətin aidiyyatı qurumları bu kimi hallara qarşı mübarizə aparsalar da problem aktual olaraq qalır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkə daxilində 90 faiz spirtli içkilərin saxlanma müddətinin göstərilmədiyini qeyd edir: "Bizim birlik illər boyudur ki, buna qarşı mübarizə aparır. Hətta "Tütün və tütün məmulatları haqqında" qanun qəbul olunanda mən parlamentdə çıxış edərək qəti tələb etdim ki, tütün məmulatlarının üzərində buraxılma və son yararlılıq müddəti göstərilsin. Azad İstehlakçılar Birliyi olaraq biz çalışırıq ki, bütün ərzaq mallarının etiketlənməsi "Yeyinti məhsulu haqqında" qanunun tələblərinə cavab versin. Üzərində buraxılma tarixi və son istifadə müddəti göstərilsin. Bir çox ölkələrdə istehlakçı üçün məlumat standartı deyilən bir standart var. Təəssüflər olsun ki, Azərbaycanda belə bir etiketləşdirmə standartı yoxdur. Amma hazırda Azad İstehlakçılar Birliyi bu məsələnin üzərində işləyir və artıq 50 faizdən çox iş görmüşük. Məqsədimiz odur ki, mallar etiketlənsin, vahid formada, vahid standartda olsun və üzərində son yararlılıq tarixi göstərilsin".

Eyyub Hüseynov şərab məhsullarının 90 faizinin etiketində buraxılma və son yararlılıq müddətinin olmadığını qeyd edir: "Əhali bilməlidir ki, araqların saxlanma müddəti 1 ildən, şərabların 6 aydan, konyaklarınkı isə 3 ildən artıq deyil. Çox səhv fikirdir ki, şərab nə qədər saxlanılarsa, o qədər yaxşı olar. Düzdür, istisna hal olaraq elə şərablar var. Fransanın cənubunda aqrar bölmə var ki, orada şərabı xüsusi şəraitdə, xüsusi işıq rejimində, xüsusi temperaturda və xüsusi qablarda saxlayırlar. Onda da spirtli içkilərin saxlanma müddəti uzun olur".

Ekspert bu gün Azərbaycan bazarında, demək olar ki, şərabların, spirtli içkilərin bir hissəsinin ağır metallarla zənginləşdirilib əhaliyə verildiyini də fikirlərinə əlavə edir: "Eyni zamanda buna nəzarət etməli olan bir çox dövlət qurumları var. İdxal olunanda gömrük orqanları, bazara daxil olandan sonra İqtisadi Inkişaf Nazirliyi, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi də buna nəzarət edir. Amma təəssüflər olsun ki, ölkədə mükəmməl istehlakçı siyasəti olmadığından ayrı-ayrı dövlət orqanları istehlakçı hüquqlarını qorumaq əvəzinə bazara kim nəzarət edəcək uğrunda öz aralarında mübarizə aparırlar. Onda da istehlakçıların hüquqları pozulur".

Birliyin sədri cərimələrin kifayət qədər olduğunu düşünür: "Cərimələrin artırılmasının, hökumətin inzibati müdaxiləsinin gücləndirilməsinin tərəfdarı deyilik. Çünki qoyulan o cərimələr də istehlakçılardan çıxır. Cərimələr malların üzərinə əlavə olunur və malların qiyməti, inflyasiya qalxır".

Eyyub Hüseynov bildirir ki, dövlətin mükəmməl istehlakçı siyasəti ola bilər: "Dövlət malların etiketlənməsini həyata keçirə, vaxtı keçmiş malları Avropa ölkələrində olduğu kimi müəyyən dükanlar şəbəkəsi yaradıb ora ucuz qiymətə verə bilər. Ticarətçi məhv etdiyi mala görə vergi verir. Yaxud da dövlət onları vergidən azad etməlidir. Dövlət bu kimi bazar fəndlərindən istifadə etməlidir".

Birliyin sədri bazarda belə bir vəziyyətin əmələ gəlməsini rəhbərlik etdiyi qurumun pis işləməsindən irəli gəldiyini də vurğulayır: "İstehlakçılar belə malları almayıb, boykot etməlidirlər. Bazar fəndləri işləməlidir, istehlakçı maarifçiliyi olmalıdır. Hökumət istehlakçının səsini eşitmək üçün mexanizm yaratmalıdır. Bu qədər təhlükəli mal hardasa boşaldılırsa, onun qarşısını almaq üçün istehlakçının hüququnu qorumağa dövlətdə cəld reaksiya mexanizmi yaradılmalıdır".

"Su İstehlakçıları" İctimai Birliyinin sədri Dövlət Məmmədov isə bildirir ki, spirtli içkilərin üzərinə gündəlik tarix qoyulmursa, birinci növbədə bu markalanmanın pozulması deməkdir: "Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin işidir ki, elə məhsulları satışdan çıxarsınlar. Onu istehsal edən müəssisə, yaxud da onu respublikaya gətirən şirkət cəzalandırılmalıdır. Cəza nə qədər yüksək olsa, bir o qədər yaxşıdır".

Dövlət Məmmədov istifadə müddəti göstərilməyən məhsulu saxta mal kimi qiymətləndirərək bildirir ki, qonşu Gürcüstanda saxta mal istehsal edən və satan şəxs üçün maddi cərimələr yoxdur: "Gürcüstanda saxta məhsul satan müəssisənin müdirinə 5 ildən 7 ilə, onu istehsal edib, dükana verənə isə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası düşür. Orada heç bir pul cəriməsindən söhbət getmir. Əlbət ki, belə cərimələrin Azərbaycanda da tətbiq olunması birinci növbədə insanların sağlamlığı üçün lazımdır. Həm də gələcəkdə belə məhsulların buraxılmasının qarşısı alına bilər".

Sədr qeyd edir ki, istehlakçıların əksəriyyəti heç vaxt aldığı malın tarixinə baxmırlar: "Hamı bilir ki, spirtli içki insana ziyandır. Buna baxmayaraq, telekanallarda reklamlar gedir. Yalançı reklamlara inanmamaq lazımdır".

Sizin Reklam Yeriniz