Əlaqə Arxiv
news Image
2012.07.13
08:35
| A A A
Yağışlar sürüşmə təhlükəsini yenidən qaytarır
Telman Zeynalov: "Ola bilsin ki, sürüşmənin son mərhələsində olan torpaq layı axırıncı leysanda sürüşsün"

Məlum olduğu kimi bir neçə gündür ki, Azərbaycanın dağətəyi və bəzi aran rayonlarına intensiv leysan yağışları yağır. Güclü yağışların yaratdığı sel suları bir neçə kənddə həyatı iflic edib. İsmayıllı, Ağsu, Şamaxı, Qəbələ və s. rayonlarda leysanın fəsadlarını hələ də tam aradan qaldırmaq mümkün olmayıb.

Rəsmi məlumatlara görə, güclü yağışlar nəticəsində yaranan sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomagistral yolunun 40 və 43-cü kilometrlərini dağıdıb. Təbii fəlakət nəticəsində həmin ərazidə yolun təqribən 1,5 kilometr hissəsi uçub. Ərazi sel sularının dağlardan gətirdiyi ağac kötükləri, kol-kos və digər töküntülərlə örtülmüş, nəticədə yolda nəqliyyatın hərəkəti dayandırılıb.

İsmayıllı Rayon İcra Hakimiyyətindən onu da bildiriblər ki, yağan yağışlar rayon ərazisindəki sürüşmə zonalarında sürüşmə riskini artırsa da, ərazidəki evlərə ciddi ziyan vurmayıb. Qeyd edək ki, leysan yağışlarının yağdığı və sel daşqınlarının olduğu rayonlar aktiv sürüşmə zonaları hesab olunurlar. Dağətəyi kəndlərdə yaşayanlar hər an torpağın ayaqlarının altından qaçacağından narahatdılar.

Qeyd edək ki, leysan yağışları təbii fəlakət həddinə çatmasa da, bəzi kəndlərin rayon mərkəzilə əlaqələri kəsilib, qaz və elektrik enerjisinin verilişində fasilələr yaradır. Sinoptiklər yağışlı hava şəraitinin davam edəcəyini bildirirlər. Bu isə sürüşmələrin olacağına dair narahatlıqları artırır.

Narahatlığa əsas varmı? Leysan yağışları və çaylarda su səviyyəsinin artması sürüşmə riskinə necə təsir göstərir?

Bu sualla müraciət etdiyimiz Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, yay aylarında yağan leysan yağışları ciddi sürüşmə riski yaratmır: "Ola bilsin ki, sürüşmənin son mərhələsində olan torpaq layı axırıncı leysanda sürüşsün. Amma bütövlükdə bu aylarda sürüşmə təhlükəsi az olur. Çünki torpağın altındakı qurunt sularının səviyyəsi aşağıdır. Sürüşmə o zaman baş verir ki, qrunt sularının səviyyəsi qalxsın. İndi torpağın suya tələbatının artdığı dövrdü. Ağacların, otların kökü su istəyir, torpaqda nəmlilik azdır. İstilər torpaqdakı nəmliyi buxarlandırıb. Həmçinin torpağın özünün temperaturu yağan yağışın dərhal buxarlanmasına səbəb olur. Yəni yağan yağışlar qrunt sularına gedib çata bilmir. Əsas sürüşmə yaz aylarında - mart və fevralda baş verir. Apreldən sonra sürüşmə zonalarında sakitlik yaranır".

Ekspert onu da vurğuladı ki, əsas leysan yağışları meşəlik massivinə düşüb: "Meşəlik massivində sürüşmənin olması o qədər də təhlükəli deyil. Əsas odur ki, insanların məskən saldığı ərazilərdə sürüşmə olmasın. Qaldı ki, yağışın dağlardan yuyub gətirdiyi iri daşlara belə hallar həmişə olub. Dağlıq rayonlarda yağış yağanda iri daşlar sürüşüb yolları bağlayırlar. Bu ilk növbədə, nəqliyyatın hərəkətinə maneə olur".

T.Zeynalov hesab edir ki, son vaxtlar Azərbaycanda iqlim anomaliyası hökm sürür: "Mövcud temperatur, təbii şərait yay normalarına uyğun deyil. Qlobal iqlim dəyişmələri Azərbaycanda da özünü biruzə verməkdədir. Ənənəvi olmayan iqlim müşahidə olunmaqdadır. Havaların bu qədər sərin və yağıntılı keçməsi insanların xoşuna gəlsə də, arzuolunan deyil. Hər fəslin öz iqlimi, temperaturu olmalıdır. Bu bizim istəyimizdən asılı olmamalıdır. Havaların yağmurlu keçməsi fermer təsərrüfatlarına, meyvə-tərəvəz məhsullarının yetişməsinə mənfi təsir göstərir. Amma bir daha bildirirəm ki, baş verənlər təbiət hadisələridir, insanların bunların qarşısını almaq imkanları yoxdur".
Sizin Reklam Yeriniz