Əlaqə Arxiv
news Image
2012.07.24
11:15
| A A A
Çimərliklərdə qiymətlər "kəllə-çarxa" çıxıb
Vüqar Bayramov: “Qiymətlərin baha olması həmin xidmətlərin mövsümi və maya dəyərlərinin yüksək olması ilə də əlaqədardır” Eyyub Hüseynov: “Verilən pulun müqabilində bəzi çimərliklərimizdə xidmət səviyyəsi çox aşağıdır”

Hər il olduğu kimi mövsümlə əlaqədar çimərliklər öz qonaqlarını qarşılayıb, yola salmaqda davam edir. Çimərliklərdə xidmət menyusu isə hər il bəzi halları çıxmaqla demək olar ki, stabil olaraq qalır. Amma xidmətlər əvəzi olaraq istirahətçilər tərəfindən ödənilən pulların məbləği ilbəil artmaqdadır. Bu gün çimərliklərimizin adı və təyinatı pulsuz olsa da reallıqda bunun belə olmadığı heç kimə sirr deyil. Təbii ki, çimərlik personalı tərəfindən göstərilən xidmətlərə pul ödənilməlidir. Amma baxır nə qədər.

Bu gün Xəzər dənizinin Azərbaycana aid olan hissəsindəki yararlı çimərliklərin əksəriyyəti xidmətlərinin dəyərini belə demək mümkünsə, "kəllə-çarxa" çatdırıb. İnsanların isə fəslin ya tibbi, ya da istirahət tələbatını ödəmək üçün çimərliyə üz tutmaları, demək olar ki, zəruridir. Ancaq uyğunsuz qiymətlər əhalinin bəzi təbəqələrinin bu arzudan əl çəkməyə, bəzilərini isə natamam dadmağa məcbur edir.

İqtisadçı-ekspert Vüqar Bayramov həqiqətən də çimərliklərdə qiymətlərin çox yüksək olduğunu təsdiqləyir: "Qiymətlərin yüksək olması bəzi hallarda yerli sakinlərin bu xidmətlərdən istifadəsinə maneçilik törədir. Qiymətlər yalnız digər daxili xidmətlərə nisbətən yüksək deyil. Eyni zamanda qiymətlər digər ölkələrlə müqayisədə də kifayət qədər yüksək hesab olunur. Qiymətlərin yüksək olması yalnız sahibkarların daha çox pul qazanmaq istəyi ilə bağlı deyil. Qiymətlərin baha olması həmin xidmətlərin mövsümi və maya dəyərlərinin yüksək olması ilə də əlaqədardır. Əvvəla, bu xidmətlərin mövsümi olması və həmin mövsümi işlə məşğul olanların xüsusən mövsüm dövründə daha çox gəlir əldə etmə istəkləri var. Bu istəklər də qiymətlərin yüksək olmasını təşkil edir. Amma eyni zamanda, digər məqam onunla bağlıdır ki, çimərliklərdəki xidmət obyektlərinin fəaliyyətinə yersiz müdaxilələr kifayət qədər çoxdur. Hər müdaxilə də əlavə xərc, təklif edilən xidmətin qiymətinin artması deməkdir. Qiymətlərin də artması nəticəsində yaranan xərclərin aradan qaldırılması üçün sahibkar çalışır ki, qanunsuz müdaxilələrin xərclərini kompensasiya edə bilsin".

Ekspert burada qiymətlərin tənzimlənməsinin vacibliyini vurğulayır: "Ona görə vacibdir ki, Xəzər dənizinin sahilində yerləşən xidmət obyektləri yalnız varlı təbəqə üçün olmamalıdır. Eyni zamanda orta və aztəminatlı təbəqə də bu imkanlardan yararlana bilməlidir. Bunun üçün də qiymətlərin tənzimlənməsinə ehtiyac var. Əvvəla həmin xidmətlərin fəaliyyətinə yersiz müdaxilələr aradan qaldırılmalıdır. Həm də nəzərə alaq ki, cənab prezident sonuncu müşavirəsində yersiz müdaxilələrin aradan qaldırılması ilə bağlı xüsusi göstəriş verib. Bu göstəriş məhz çimərlik obyektlərinin fəaliyyətinə də tətbiq olunmalıdır. Ümumiyyətlə, qiymətləndirilmə də onu göstərir ki, xidmət obyektlərinin fəaliyyətlərinə yersiz müdaxilələr olmasa, onlarda xərc təxminən 30 faiz aşağı düşəcək. Bu da qiymətlərin 30 faiz azalması deməkdir. İkinci məqam isə süni qiymət artırılmasına qarşı İqtisadi İnkişaf Nazirliyi mübarizə aparmalıdır. Çünki bəzi hallarda, hətta yersiz müdaxilələrin xərci nəzərə alındıqda belə qiymətlər kifayət qədər yüksək olur. Dünyanın heç bir yerində dəniz sahilində heç bir xüsusi özəlliyi olmayan xidmət obyektində bir çaynik çay 10 avroya təklif olunmur. Bizim çimərlikdə isə çay içmək istəyən 10 manatından keçməlidir. Həm də nəzərə alaq ki, 10 manat 10 avrodan artıq deməkdir. O baxımdan bu süni qiymət artımıdır. Hətta bunun 30 faizi yersiz müdaxilələrdən formalaşan əlavə xərclər olsa belə bütün hallarda 7 manata təklif olunması da kifayət qədər yüksək qiymətdir. Bunu isə süni qiymətlər müəyyənləşdirir. Ona görə də süni qiymətlərin artırılmasına görə obyekt sahiblərinə cərimələr tətbiq edilməlidir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xarici ölkələrdə çimərliyə girişin pullu olmadığını qeyd edir: "Bizdə isə belə hal mövcuddur. Bu da istehlakçıdan pul qoparmaq cəhdlərinin bir nümunəsidir. İçəridə nə cür xidmətlərin olmasını bilmədən pul almaq düzgün deyil. Bundan başqa kassa çeki də verilmir. Bu isə vergidən yayınma halıdır. İkinci məsələ ondan ibarətdir ki, verilən pulun müqabilində bəzi çimərliklərimizdə xidmət səviyyəsi çox aşağıdır. Çimərliklərin bəzilərində yeyinti məhsulları təhlükəli olaraq qalır. Malların təhlükəsizliyinə dair tələbat ödənilmir. Bundan başqa pul verilən bəzi çimərliklərdə sanitariya qaydalarına riayət olunmur. Burada istehlakçıların da günahı var. İstehlakçılar yeməyi yeyir, artığı kənara atır, quma basdırır. Verilən pulun müqabilində suyun təmizliyi məsələsi də önəmlidir. Dəfələrlə səhiyyə orqanları təhlükəli yeri elan etsə də istehlakçılar buna əhəmiyyət vermədən ora gedirlər. Səbəb də odur ki, əhali səhiyyə orqanlarının tapşırıqlarına inanmır. Bu qədər arzu olunmayan halların qarşısında isə yüksək məbləğlərin ödənilməsinin qarşısı hansısa formada alınmalıdır".

Mübariz Bayramov

Sizin Reklam Yeriniz