Movqe.Az xəbər verir ki, iyulun 31-də Zərdabi Mətbuat Mərkəzi "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda "dəyirmi masa" keçirib. Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbirdə KİV-lərin rəhbərləri, sahədən jurnalistlər, bank-kredit qurumlarının təmsilçiləri, həmçinin alimlər və mütəxəssislər iştirak ediblər. Tədbiri ZMM-in sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, bu "dəyirmi masa" təşkilatın eyniadlı layihəsi çərçivəsində reallaşdırılır. R.Hüseynzadə layihənin istiqamətlərinə ölkənin 24 aparıcı qəzetinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqinin aparılmasının, monitorinqin nəticələri ilə medianın, aidi qurumların və ictimaiyyətin məlumatlandırılmasının, tərəflərin iştirakı ilə "dəyirmi masa"ların keçirilməsinin daxil olduğunu deyib. Sonra o, 4 aylıq monitorinqin nəticələri ilə əlaqədar hesabatı açıqlayıb.
Ümumilikdə
qəzetlərə gəldikdə ən çox material təqdim edən "Ekspress" (67),
"Bakı xəbər" (65), "Mövqe" (52) ilk üçlüyü tutur. Lakin "Bakı
xəbər" (36), "Mövqe" (34), "Yeni Müsavat" (25) qəzetləri analitik
yazıların sayına görə digərlərini üstələyirlər. "Zerkalo",
"Ekspress", "Bizim yol", "Azadlıq", "Paralel", "Üç nöqtə" qəzetləri
isə təqdim olunmuş bu istiqamətli materialların sayına görə sonrakı
yerləri tuturlar.
İnformasiya agentliklərində 4 ayın yekununa görə "Trend" 221, "Azəri-Press" (APA) 159, "Salamnyus" 85, "Milli.az" 70, "Azadinform" 50 materialla ilk beşliyi bölüşdürürlər.
Sonra söz
"KredAqro" BOKT-nin departament rəhbəri, layihənin ekspreti Zaur
Əliyevə verilib. O, bank-kredit sektorunun media və ictimaiyyətlə
əlaqələrinin sıxlaşdırılmasına xidmət göstərən layihənin mənsub
olduğu qurum tərəfindən dəstəklənməsinin müsbət nəticələrini
monitorinqin yekunlaırnda ifadəsini tapdığını söyləyib. Azərbaycan
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş
redaktoru Aydın Quliyev layihənin xoş niyyətə xidmət göstərdiyini
söyləyib. Azərbaycan Mətbuat Şurası sədrinin müavini,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
çıxışında hüququ və bankı media üçün ən qəliz sahələr kimi
dəyərləndirib.
Azərbaycan
Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov çıxışında
dünyada ilk növbədə iqtisadi prosseslərin izləndiyini misal çəkərək
Azərbaycanın kütləvi informasiya vasitələrində bunun tendensiya
şəklində nəzərə çarpmadığnı bildirib. "Dünyanın əksər ölkələrində
maliyyə ombudsmanları mövcuddur. Mediamız Azərbaycanda da belə bir
qurumun yaradılması məsələsini daim diqqətdə saxlamalıdır.
İqtisadiyyatdan yazan jurnalistlər üçün kurslar təşkil
olunmalıdır".