Əlaqə Arxiv
news Image
2012.08.11
08:21
| A A A
Demoqafik disbalans ciddi problemə çevrilməkdədir
Mehriban Zeynalova: “Seleksion abortlar davam etdikcə bu nisbət kişilərin xeyrinə daha da çoxalacaq” Mətanət Əzizova: “Əsas diqqəti maarifləndirmə işlərinin gücləndirilməsi və ölkədə qadının rolunun çoxaldılmasına vermək lazımdır”

Dünya Bankının hesablamalarına görə hazırda Azərbaycanda hər doğulan 100 qız uşağına 115 oğlan uşağı düşür. Həqiqətən də son illər ölkəmizdə ailələrin əksəriyyəti qız uşağının doğulmasına elə də müsbət yanaşmayaraq, bir çox hallarda aborta gedirlər. İndi Azərbaycan ailələri adətən bir-iki uşaqla kifayətlənir.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bununla bağlı bildirir: "Son illər ölkədə doğum proseslərinə nəzər yetirdikdə gender balansının qadınlarla müqayisədə kişilərin xeyrinə dəyişdiyini,onların üstünlük təşkil etdiyini müşahidə etmək olar. Düzdür, ölkədə 25-30 yaş arası insanlarda bu o qədər hiss olunmur. Amma gələcək üçün doğum prosesində kişilərin qadınları üstələməsi müəyyən problemlər yarada biləcək məsələdir. Belədə ölkədə qadınların sayı azalır, kişilərin sayı isə çoxalır. Bu da son illər əhali arasında qız uşaqlarına arzuolunmaz cins kimi baxılması ilə bağlıdır. Ona görə də bir çox hallarda hamiləliyin ilk dövrlərindən bəzi ailələr aborta meyllənirlər. Hətta elə məqamlar olur ki, qadın aborta hamiləliyin 3-4 ayında müraciət edir. Belə vəziyyətin nəticəsi olaraq kişilə qadının nisbəti arasında disbalans yaranır və bu disbalans gələcəkdə böyük fəsadlar törədə bilər, yeni-yeni problemlər ortaya çıxar. Qız uşaqları ilə müqayisədə oğlan uşaqlarının çox doğulması ölkəni gələcəkdə müəyyən demoqrafik təhlükələrlə üz-üzə qoyar. Bu halda kənardan qızların evlənmək üçün gətirilməsi, eyni cinsdən olanların evlənməsi kimi hallar baş qaldıra bilər. Dünya Bankının Azərbaycanda 100 doğulan qız uşağına, 115 oğlan uşağının düşməsinə gəldikdə, hesab etmirəm ki, bu hal indiki evlilik yaşında olan insanlar üçündür. Yalnız son üç ildə gender balansının pozulduğunu görürük. Əvvəllər qadınlar ölkə əhalisinin 51, kişilərsə 49 faizini təşkil edirdisə, indi əksinədir, ikincilər 51 faizdir, zərif cins nümayəndələri isə 49 faizə düşüb. Seleksion abortlar davam etdikcə bu nisbət kişilərin xeyrinə daha da çoxalacaq. Bu disbalansın qarşısını almaq üçün seleksion abortlar aradan qaldırılmalıdır. Cinsə görə ayrı-seçkilik qoymaq olmaz. Digər tərəfdən hansısa stimullaşdırıcı addımlar da atılmalıdır ki, əhali aborta getməsin. Belə olarsa düşünürəm ki, kişilə qadın arasında yaranmış hazırkı situasiyanın qarşısı alınar".

Digər ekspert Mətanət Əzizova vurğuladı ki, maarifləndirmə və qadının rolunun artırılması yolu ilə doğum prosesində baş verən sözügedən disbalansın aradan qaldırılmasına nail olmaq olar: "Son illərin statistikası göstərir ki, Azərbaycanda kişilərin sayı qadınlara nisbətən artır. Belə davam edəcəyi təqdirdə yaxın illərdə qadınla kişinin nisbəti yəqin ki, yarıbayarı olacaq. Ona görə də Dünya Bankının qız uşaqları ilə müqayisədə doğulan oğlan uşaqlarının sayının çox olması barədə açıqlaması həqiqəti əks etdirir. Ola bilsin ki, sadəcə olaraq, rəqəmlərdə bir qədər fərqlər olsun. Amma reallıq odur ki, ölkədə oğlan uşaqlarının sayı artır.

Bu balansın pozulmaması üçün müxtəlif maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq, son 10 ildə insanlar oğlan uşaqlarının doğulmasını daha çox istəməyə başlayıb. Nəticədə də qız uşağı olduqda aborta gedirlər. Bu disbalansdan qurtarmaq üçün müxtəlif çıxış yolları ölkədə təklif olunub. Maarifləndirmə işləri aparılmasından tutmuş abortun ləğvi məsələsini də gündəmə gətiriblər. Amma düşünürəm ki, abortun ləğvi yeni daha çox problemə gətirib çıxarar. Belədə kriminal abortların sayı artar və ya əhali abort üçün qonşu Gürcüstana üz tuta bilər. Ona görə də əsas diqqəti maarifləndirmə işlərinin gücləndirilməsinə və ölkədə qadının rolunun çoxaldılmasına vermək lazımdır. Qız uşağı cəmiyyətdə rolunun və qadına qarşı daha çox hörmətin olduğunu görsə, ailədə də qız uşaqlarının olmasına normal baxacaqlar".

Sizin Reklam Yeriniz