Əlaqə Arxiv
news Image
2012.04.13
14:19
| A A A
Narkomaniya gənclər üçün daha böyük bəlaya çevrilir
Əjdər Ağayev: «Orta məktəblərdə şagirdləri pis vərdişlərdən çəkindirmək üçün müxtəlif tədbirlər həyata keçirilməlidir» Əhməd Qəşəmoğlu: «Bakının elə məktəbləri var ki, qızların çantasında siqaret olur» Azərbaycanda narkomaniyanın səviyyəsinin artması rəsmi qurumları, ictimaiyyəti daim narahat edib. Rəsmi məlumatlara görə, ölkədə 26 700 nəfərdən çox narkoman var. Bu qeydiyyatda olanların sayıdır. Qeydiyyata düşməyənlər bundan bir neçə dəfə çoxdur. "Ağ ölüm"ün gətirdiyi bəlaların sayı və dərəcəsi getdikcə artmaqdadır.
Yayılan son məlumatlara görə, narkomaniya indi orta məktəblərə də nüfuz edib. Bu bəlaya mübtəla olan şagirdlərin sayı çoxalır.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə və Təhsil nazirliklərinin təşkil etdiyi "Narkomanlığa yox deyək!" kampaniyası ilə bağlı keçirilən tədbirdə bir daha bildirib ki, ölkədə narkomanların sayı ildən-ilə artır: "Bu artım hər il 1000 nəfər təşkil edir. Məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır".
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev isə deyib ki, yeniyetmələr arasında narkomaniyaya meyillilik artıb: "Onlar daha çox kley, aseton, apteklərdə reseptsiz satılan bəzi dərmanlardan istifadə edirlər. Narkomanlar arasında savadlı, bilikli insanlar da var. Amma onlar nə vaxtsa edilən təkliflərə "yox" deyə bilməyib, həyatlarını məhv ediblər".
Narkomaniyanın şagirdlər arasında yayılması təhsil üzrə ekspertləri, sosioloqları ciddi narahat edir.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, narkomaniyanın məktəblilər arasında yayılması gözlənilən idi: "Qərb ölkələrində, Rusiyada bu problem xeyli müddət öncə özünü göstərib. İndi Azərbaycana gəlib çıxıb. Hələ sovet dövründə orta məktəb şagirdləri siqaret çəkəndə onlara qarşı pis münasibət var idi. İndi 10-11-ci siniflərin oğlanlarının əksəriyyəti siqaret çəkir, günlərini internet klublarda keçirirlər. Yeniyetmə internet klubdan yaxşı heç nə götürə bilməz. Əxlaqsız filmlərə baxıb, zövqsüz mahnılar dinləyirlər. Bu da onların tərbiyələrinə pis təsir göstərir. Türk liseylərində şagirdlərin istifadə etdikləri internetlər yalnız elmi saytları açır, istifadə etdikləri mobil telefonlar da sadə olur. Ona görə də türk liseylərinin şagirdlərinin əksəriyyəti ali məktəblərə qəbul olunurlar. Bizim orta məktəblərdə də şagirdləri pis vərdişlərdən çəkindirmək üçün müxtəlif tədbirlər həyata keçirilməlidir. Çox sevindirici haldı ki, Təhsil və Səhiyyə nazirlikləri bu istiqamətdə kampaniyaya start veriblər".
Ə.Ağayev əlavə etdi ki, orta məktəb şagirdlərinin narkomaniyaya qurşanmasının əsas səbəblərindən biri ailələrdəki qeyri-münasib yaşam tərzidir: "Ata siqaret çəkir. Evdə daha çox döyüş janrında olan filmlərə baxılır. Cinayətkarların, narkomanların həyatlarından bəhs edən, onları qəhrəman kimi təqdim edən və açıq-saçıq səhnələrlə zəngin olan filmlərə uşaqların baxması məsləhət deyil. Bizdə bəzən nəinki oğlan, hətta qız uşaqları da valideynlərilə birlikdə belə filmlərə baxırlar. Bunun sonu isə narkomaniyaya qurşanmaqdır. Tərbiyə ailədən başlamalıdır. Ümumtəhsil məktəblərində uşaqlara tərbiyə deyil, təhsil verilir. Dərsliklərdə narkomaniyaya qarşı olan kifayət qədər mövzular var".
Sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, təhsil cəmiyyətin bir hissəsi olduğundan, cəmiyyətdəki neqativ hallar orta məktəblərə də sirayət edir: "Qadınlar açıq şəkildə siqaret çəkirsə məktəbli qızlar da buna meyil göstərirlər. Bakının elə məktəbləri var ki, qızların çantasında siqaret olur. Tənəffüsdə çəkirlər. Gözlərimlə bunun şahidi olmuşam. Oğlanların siqaret çəkməsinə isə heç bir maneə yoxdur. Bundan başqa hərəsinin mobil telefonu var və axşama kimi sosial şəbəkələrdə tanışlıq çatlarındadılar. Əgər kənd qızları evdən məktəb adına çıxıb Bakıya görüşə gəlirsə, oğlanların narkotik qəbul etmələrindən təəccüblənmək olmaz. Siz gedin rayon məktəblərinə baxın. Savadlı şagirdlər müəllim yanına gedir. Müəllimlər 3-5 nəfərə dərs keçirlər. Onlar da 2-3-cü dərsdən çıxıb gedirlər qumar oynamağa, siqaret, nəşə çəkməyə. Bu təkcə təhsilin deyil, cəmiyyətin bəlasıdır".
Ə.Qəşəmoğlu hesab edir ki, orta məktəblərdə narkomaniyanın yayılmasının qarşısını almaq üçün geniş kampaniya aparılmalıdır: "Narkomanların sonu onlara əyani şəkildə göstərilməlidir. "Ağ ölüm"ün bu vaxta qədər heç kəsə xoşbəxtlik gətirmədiyini şagirdlərə izah etmək lazımdır. Onların arasında "narkomaniyaya yox" adı altında inşa, məqalə müsabiqələri keçirilməlidir".
R.XƏLİLOV

Sizin Reklam Yeriniz