Əlaqə Arxiv
news Image
2012.10.01
18:29
| A A A
Çexiyalı qubernator BSU-da

Movqe.Az xəbər verir ki, dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir.

1 oktyabr tarixində Çexiya Respublikasının Olomouts diyarının qetmanı (qubernatoru) cənab Martin Tesarjik, Çexiyanın Ostrav Universitetinin Fəlsəfə fakültəsinin dekanı, İqtisadi və Sosial Elmlər Mərkəzinin müdürü professor Aleş Zarjiçki, həmin fakültənin beynəlxalq əlaqələr və inkişaf üzrə dekan müavini doktor Marek Ottisk və Slavistika kafedrasının Rusistika bölməsinin əməkdaşı doktor Vitezslav Vilimek BSU-nun qonağı oldular. Qonaqları Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Radek Matula və onun xanımı İ. Matula müşayiət edirdilər.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayevlə görüşən çexiyalı qonaqlar qəbula görə rektora dərin təşəkkürlərini bildirdilər. Professor K.Abdullayev qonaqları səmimi salamladıqdan sonra BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və tələbə həyatı, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verdi, BSU-nun Azərbaycan elmi və mədəni mühitində xüsusi çəkiyə malik olduğunu vurğuladı. Görüş zamanı BSU və Çexiya Respublikasının universitetləri ilə əlaqələrin perspektivindən, BSU-da "Çexiyaşünaslıq" ixtisası üzrə təhsil alan tələbələrin Çexiya universitetlərində təhsillərini davam etdirməsi imkanlarından söz açdılar. Rektor qeyd etdi ki, universitetimiz tərəfindən xaricdə aparılan işlərin əsas hədəfi isə Azərbaycan dili və mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliğidir. Bu istiqamətdə atılmış uğurlu addımları sadalayan rektor Çexiya universitetlərində də bu sahədə işlərin görülməsi vacibliyini vurğuladı. Olomouts diyarının qetmanı (qubernatoru) cənab M.Tesarjik BSU-da Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirdi və qeyd etdi ki, bu mərkəzin daha da inkişaf etməsi üçün əlindən gələni etməyə hazırdır. Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri R.Matula isə rektor K.Abdullayevə BSU-da çex dili və mədəniyyətinə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Çexiyalı qonaqlar BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusiyanın tədris-mədəniyyət mərkəzləri, müasir standartlarla yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqla təhciz edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları ilə tanış oldular.

Sonra qonaqlar Çex Dili və Mədəniyyəti Mərkəzində oldular. Professor K.Abdullayev qonaqları çexiyaşünas tələbələrə təqdim edərək bildirdi ki, "bu otaq Çexiyanın bir guşəsidir və bizim tələbələr burada çex dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini böyük məhəbbətlə öyrənirlər". Rektor bir daha tələbələrin görüşünə gəldiyinə görə qonaqlara təşəkkür etdi.

Olomouts diyarının qetmanı cənab Martin Tesarjik BSU ilə tanışlıqdan şad olduğunu bildirdi və qeyd etdi ki, nəinki mərkəzin inkişafına yardım edəcək eyni zamanda mərkəzdə çex dili tədrisinin təkmilləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir. Tələbə-müəllim mübadiləsinin vacibliyini vurğulayan qubernator gələcəkdə bu sahədə mühüm addımlar atılacağını bildirdi.

Sonra Çex Dili və Mədəniyyəti Mərkəzinin fəalliyyətini əks etdirən videofilm nümayiş olundu. Videofilmdə Mərkəzin yarandığı gündən etibarən keçirdiyi maraqlı görüşlər əks olunmuşdu. Tələbələrin çoxsaylı suallarını cavablandıran qonaqlar sonda tələbələrlə xatirə şəkli çəkdirdilər və qubernator Martin Tesarjik universitetin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı.

Qeyd etmək lazımdır ki, Çexiyanın Ostrav Universitetinin professorları 5 oktyabr tarixinədək BSU-nun qonağı olacaqlar. Bu müddət ərzində professorlar BSU-nun Tərcümə və Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültələrinin tələbələrinə mühazirələr oxuyacaq, Bakı şəhərinin zəngin tarixi abidələri ilə, o cümlədən Şirvanşahlar sarayı və Qala Muzey Kompleksi ilə tanış olacaqlar.

Sizin Reklam Yeriniz