Bilindiyi kimi Əmanətlərin Sığortalanması Agentliyi kommersiya banklarına münasibətdə diferensial sistemə keçmək istəyir. Buna əsasən risk amili çox olduqca banklar tərəfindən ödənilən sığorta məbləği də çox olmalıdır. Görəsən, yeni sistem banklar məsələsində hansı dəyişikliklərə rəvac verə bilər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, banklara münasibətdə diferensial sistemin tətbiqi və icrasında müəyyən qüsurlar vardır: "Əmanətlərin Sığortalanması Agentliyi deferensial sistem tətbiq etmək istəyir. Agentlik diferensial olaraq müflisləşmə riski olan bankların daha çox üzvlük haqqı ödəməsinə çalışır. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, Əmanətlərin Sığortalanması Dövlət Agentliyi bankların üzvlük haqqı ödəməsi mexanizminə yenidən baxmaq və bu mexanizmi dəyişmək niyyətindədir. Yeni tətbiq edilən qaydalara əsasən, müflisləşmə riski olan banklar öz əmanətlərinin sığortalanması üçün daha çox ödəniş etməlidirlər. Belədə müflisləşmə riski az olan banklar isə az ödəniş edəcəklər. Lakin bu sistemin tətbiqi və icrasında ciddi qüsurlar var. Ən ciddi qüsur odur ki, hansı bankın müflisləşmə təhlükəsində olub, hansının bu təhlükə ilə üz-üzə qalmadığını müəyyənləşdirmək asan deyil. Dövlət Agentliyi heç bir halda müflisləşmə təhlükəsi altında olan bankların siyahısını tərtib edə bilməz. Çünki "Banklar haqqında" qanuna əsasən banklar o zaman müflisləşmiş elan olunur ki, onlar nizamnamə kapitalını yerinə yetirə bilmir və eyni zamanda, öz funksiyalarında bank qanunvericiliyinin qaydalarını pozurlar. Adətən müflisləşmə təhlükəsi altında olan banklar o banklardır ki, onların nizamnamə kapitalının formalaşması istiqamətində problemlər yaşanır. 2014-cü ilin yanvarın 1-dən bankların nizamnamə kapitalının 50 milyon manata qədər artırılacağı nəzərə alınarsa, bu o deməkdir ki, 50 milyon manatdan artıq nizamnamə kapitalına malik banklar arasında müflisləşən bankların seçimi də kifayət qədər çətindir. Burada seçim aparmaq bəzi hallarda ümumiyyətlə mümkün deyil".
Bu baxımdan da ekspert düşünür ki, agentliyin hansı kriteriyalara əsasən müflisləşmə təhlükəsi altında olan bankları müəyyənləşdirəcəyi sual altındadır: "Bu prosesin praktik olaraq işlək mexanizmi yoxdur. İkinci tərəfdən hansı bir bankın müflisləşmə təhlükəsində olduğunun elan edilməsi, hansısa bir bankın isə daha yaxşı bank elan edilməsi bank sektorunda haqsız rəqabətin yaranmasına gətirib çıxaracaq. Belə vəziyyət praktik olaraq banka olan inamın azalmasına gətirib çıxaracaq. Bu da adminstrativ olaraq bank sektorunda rəqabətin pozulmasıdır. Çünki heç bir halda bank sektorunda rəqabətin pozulmasına agentlik və ya hansısa bir dövlət qurumu gedə bilməz. Belə hal bank sektorunda qeyri-sağlam rəqabətin yaranmasına gətirib çıxarar ki, bu da əmanətlərin bəzi banklardan digərlərinə axmasına şərait yaradar. Ona görə də düşünürəm ki, Agentliyin diferensial olaraq müflisləşmə riski olan bankların daha çox üzvlük haqqı ödəməsini istəməsi arzuolunan sistem deyil. Agentlik bu addıma getməklə əslində öz məsuliyyətini azaltmağa və banklardan daha çox vəsait almağa çalışır". Vüqar Bayramov bildirdi ki, bu addım bankların sayının azalmasına gətirib çıxara bilər: "Nizamnamə kapitalının artırılması qanunun qəbulu ilə güman olunur ki, 2013-cü ildə Azərbaycandakı bankların sayında kəskin azalmalar baş verəcək. Hazırda ölkədə 45 bank fəaliyyət göstərir. Sözügedən addımın atılmasından sonra isə 2013-cü ilin sonuna qədər bankların sayı 30-a qədər düşə bilər. Belədə praktik olaraq 15-ə qədər bank ya müflisləşəcək, ya da digərlərilə birləşəcək. Digər tərəfdən, Mərkəzi Bank kommersiya banklarına yönəldilən mərkəzləşdirilmiş kredit resurslarının həcmini artırmalıdır. Bu gün kommersiya banklarının cəlb etdiyi vəsaitlərinin cəmi 5 faizi Mərkəzi Bankın kredit resurslarıdır. Bu da kifayət qədər kiçik rəqəmdir. İkincisi, bankların özfəaliyyətinin də təkmilləşdirilməsinə ehtiyac var. Kredit faizlərinin yüksək olması kredit borclarının yaranmasına gətirib çıxarıb ki, Azərbaycanda ölmüş kreditlərin həcmi artıq 900 milyon manata yaxındır. Praktik olaraq bank sektorunda inkişaf həm Mərkəzi Bankın siyasətini təkmilləşdirməkdən, həm də kommersiya banklarının öz fəaliyyətlərini normal və müasir prinsiplər əsasında qurmasından keçir".
Digər ekspert Razi Abasbəyli isə Əmanətlərin Sığortalanması Agentliyinin diferensial sistemə keçidlə bağlı atmaq niyyətində olduğu addımı ümumən bəyəndi: "Əvvəlcə ona diqqət yetirmək lazımdır ki, 2012-ci ilin birinci yarısına olan məlumata görə Azərbaycan banklarının əmanət yığımı 37 faizə qədər azalıb. Banklarda vətəndaşların əmanətlərinin saxlanılması ilə bağlı problemləri həll etmək lazımdır. Digər tərəfdən əmənətlərin sığortalanması ilə bağlı kriteriyalarda diferensiallığı qoruyub saxlamaq lazımdır. İlk növbədə yüksək məbləğli əmanətlərin də sığortalanması nəzərdə tutulmalıdır. Bilirsiniz ki, əmanətlərin sığortalanması haqqında qanuna görə Əmanətlərin Sığortalanması Agentliyi 10 min manata qədər olan əmanətlərin sığortalanmasını həyata keçirir. Bir müddət əvvəl onu artırdılar və hazırda 30 min manata qədər əmanət sığortalanır.
İkinci tərəfdən, ölkədə bəzi bankların bağlanacağı, nizamnamə kapitalının artacağı ilə bağlı verilən açıqlamalar da vətəndaşların bank sektoruna olan etibarını azaldır. Nəticədə yerli bankda əmanət göstəriciləri aşağı düşür. Hesab edirəm ki, əmanətlərin sığortalanması ilə bağlı aparılan islahatlar, diferensial sistemin tətbiqi üst qatda deyil, aşağılarda, yəni yerli bankların əmanət yığımına stimul verən şəklində olmalıdır".