Əlaqə Arxiv
news Image
2012.11.23
10:56
| A A A
Müasir texnologiyadan kənar qalan ali məktəb müəllimləri
Məhərrəm Zülfüqarlı: “Nazirin dediyi fikirlər yaşlı nəslə aiddir” Qüdrət İsaqov: “Bu bir həqiqətdir ki, ali məktəb müəllimlərinin əksəriyyəti informasiya texnologiyalarından öz dərslərində ümumiyyətlə istifadə etmirlər”

Xəbər verildiyi kimi, təhsil naziri Misir Mərdanov ali təhsil ocaqlarındakı müəllimlərin hazırlığından narazılıq edib. Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatında çıxışı zamanı nazir bu gün Azərbaycanda ali məktəblərdəki müəllim hazırlığının orta məktəblərdəki müəllim hazırlığından geri qaldığını vurğulayıb. O bildirib ki, bunun əsas səbəblərindən biri ali məktəb müəllimlərinin müasir texnologiyalara yiyələnməməsidir. 

Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı bildirir ki, bu məsələyə fərdi yanaşanda görmək olar ki, hər iki sahədə çalışan müəllimlərdən müasir dövrün tələblərinə uyğun gələn də var, gəlməyən də: "Bilirik ki, orta məktəblərdən fərqli olaraq ali məktəblərdə 63 yaş məsələsi yoxdur. Orta məktəblərdə yeni qaydalara görə, təqaüd yaşına çatan müəllimlər işdən azad olunur və yeni gənclər gəlir. Amma bu proses ali məktəblərdə yoxdur. Ona görə də nazirin dediyi fikirlər nisbətən yaşlı nəslə aiddir. Çünki, bəzən kafedralarda 70 - 80 yaşlarında müəllimlər olur ki, onların dediyi dərsin keyfiyyəti cavan müəllimlərin dediyi dərslə eyni olmur. Onlar da tam ştatda yer tutmaqla gənclərin gəlişinə müəyyən maneələrə törədirlər. Ona görə də həmin yaşlı müəllimləri kafedralarda məsləhətçi kimi saxlamaqla təqaüdə göndərilməsi daha məqsədə-     uyğun olardı. Düzdür, onların müəyyən yüksək elmi dərəcələri var. Amma onların əksəriyyəti sovet dövrünün kadrlarıdır. Ona görə də indiki müasir texnoloji biliklərə yiyələnə bilmirlər. Yaşlı nəslin mütləq əksəriyyəti kömpüterdən istifadə etmək, dərslərdə yeni texnologiyanın tətbiqi,  müəyyən slaydlarla dərs keçmək və s. edə bilmirlər. Həm də yaşlı nəsil tənqidə dözümlü olmadığına görə, onlara heç o iradı da tutmaq mümkün olmur. Ancaq bəzi universitet rəhbərləri onların xətrinə dəyməyə - dəyməyə illəri ötürürlər. Bu baxımdna bəli, orta məktəblərdə daha çevik iş gedir, gənclərin daha çox axını olur, nəinki ali məktəblərə".

Ekspert onu da qeyd etdi ki, müasir texnologiyaların tələbləribə cavan verən kadrlar həm də öz hüquqlarını bilib, onu müdafiə etməyi bacaran kadrlardır: "Çox zaman isə rəhbərlik bu cür kadrlardansa, daha "üzüyola" olan insanlara üstünlük verirlər. Bu da əlbəttə ki, keyfiyyətə mənfi təsir edir. Ali məktəb rəhbərləri müasir texnologiyalardan istifadə etmək bacarığı olan müəllimlərdən çəkinməməlidir. Əksinə, onları irəli çəkməyə meylli olmalıdır ki, universitetlərdə tədrisin keyfiyyəti yüksəlsin. Amma nəsillər dəyişdikcə, yəqin ki, bu problem aradan qalxacaq. Çünki, gənclik gəlir. Özü də Azərbaycan dövlətinin bilavasitə qayğısı nəticəsində Qərb  ölkələrində təhsil alan gənclərin sayı  ildən - ilə artmaqdadır.  Odur ki, gələcəkdə də onların Qərbdən gətirdiyi yeni təfəkkür deyilən problemin həllinə müsbət təsir göstərəcək".

Fizika - riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov isə bildirir ki, müasit texnologiya sözünün dəqiq nə anlamda deyilməsinə açıqlama gətirmək lazımdır: "Müasir texnologiya deyəndə müxtəlif anlamda başa düşmək olar. Bunlardan birincisi, dərsin metodlarıdır. İkincisi, müəllimlərin müasir informasiya texnologiyalarından istifadə edib - etməməsi məsələsidir. Deyilən iradla tam razılaşmaq olmaz. Çünki, informasiya texnologiyaları baxımından desək, elə kənd orta məktəbləri var ki, orada hələ də ciddi kompüterləşmə getməyib. Əgər informasiya texnologiyalarının tədris prosesində istifadəsindən söhbət gedirsə, müəyyən nümunəvi orta məktəblər var ki, orada müəllimlər informasiya texnologiyalarına daha yaxşı yiyələnə biliblər, nəinki ali məktəblərdə. Amma bu, əsas məsələ deyil. Əsas məsələ təhsilə münasibətdə yeniliklərin gətirilməsidir".

Professorun sözlərinə görə, bu da bir həqiqətdir ki, ali məktəb müəllimlərinin əksəriyyəti informasiya texnologiyalarından öz dərslərində ümumiyyətlə istifadə etmirlər: "Lakin informasiya texnologiyaları müasir dövrdə həyatımızın ayrılmaz hissəsidir. Ona görə də  təhsilimizdə də informasiya texnologiyalarından ciddi şəkildə istifadə edilməlidir. Təhsil prosesində informasiya texnologiyalarından ciddi şəkildə istifadə edilməməsi sonda  kadr hazırlıqlarına da çox mənfi təsir göstərəcək. Çünki, kadr ali məktəblərdə hazırlanır. Həmin kadrlar da tədris olunan fəndə informasiya texnologiyalarının rolunu görə bilmirsə, iş həyatında o informasiya texnologiyalarının rolunu səthi qavrayacaq və gələcək fəaliyyətində də ondan düzgün istifadə edə bilməyəcək".

Ekspert bildirir ki, müəllimlərin texnoloji biliklərini artırmaq üçün hər bir məktəbdə informasiya texnologiyalarını yaxşı bilən şəxs olmalıdır: "O da həmin təhsil ocağında olan bütün müəllimləri hazırlamalıdır. Həmin şəxs elə məktəbin daxilində müəllimlər üçün kurslar da təşkil edə bilər".

Sizin Reklam Yeriniz