Əlaqə Arxiv
news Image
2012.11.24
12:13
| A A A
Yerli şirkətlər fond birjalarından uzaq düşüb

Nazim Məmmədov: "Bizim şirkətlərə xarici birjaların marağı yoxdur"


Bu gün dünya miqyasında tanınan nüfuzlu şirkətlərin, korporasiyaların böyük əksəriyyətinin əsas gəlir mənbələrindən biri də onların səhmlərinin satışından əldə olunur. Bu səhmlərin əsas satış məntəqələri isə müxtəlif fond birjalarıdır. Həmin birjalarda şirkətlərin səhmlərinin qiymətinə nəzər salmaqla onun barəsində ilkin dolğun rəy də formalaşdırmaq mümkündür. 

Ancaq təəssüf ki, Azərbaycan şirkətlərinin adlarına hələ də belə beynəlxalq fond birjalarında rast gəlinmir. Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov bununla bağlı bildirir: "Çox təəssüf olsun ki, bu gün Azərbaycan yeni bazar alətlərindən istifadə etmək və şirkətlərinin kapitallaşması demək olar ki, yox səviyyəsindədir. Çünki, əslində bizdə səhmdar cəmiyyətlər əsas olaraq özəlləşmədən sonra yaranan səhmdar cəmiyyətlər idi. Bu səhmdar cəmiyyətlər də 3 formada özəlləşdirildi. Birincisi, 55 faiz çek əvəzində satıldı, ikincisi, 15 faiz güzəştli olaraq orada işləyənlərə verilir, üçüncüsü isə 30 faiz pullu hərracdır. Amma adətən 55 faizi alan insan sonradan da 30 faizi almaq məcburiyyətində qalırdı. Bu mümkün olduğuna görə də koorperativ idarəetmə mədəniyyətini sıfra endirirdi. Yəni, sovet vaxtından işləmiş insanlar - "qırmızı direktorlar" səhmdar cəmiyyətin tam hüquqlu, tam sahibi olurdular. Onların yeni bazar alətləri ilə investisiya qoymaq marağı yox idi. Onlar adətən həmin iri müəssisənin torpağını, əmlakını satmaq ilə məşğul idilər. Onların koorperativ idarəetmə mədəniyyətinin yüksəlməsi, investorluğa cəlb olunsun, səhmləri bazarda alınıb - satılsın kimi maraqları yox idi. Çünki, adətən belə müəssisələrin 95 faizi özəlləşəndən sonra istehsal sahələrini dəyişirdilər. Sonradan da ancaq və ancaq onların yerində iri binalar tikilməklə və digər məsələlərlə məşğul idilər. Belə olan bir şəraitdə bunun davamı olaraq Azərbaycanda həmin şirkətlərin səhmləri alınıb - satılmadığına görə, öz ölkəsində kapitallaşması mümkün olmur. Yəni, onun bazar qiyməti müəyyən olunmur. Çox təəssüf olsun ki, bunun davamı olaraq özəl şirkətlər, yaranmış iri holdinqlərin də səhmləri alınıb satılmır. Çünki, adətən belə şirkətlər bir - iki nəfərə məxsus olur. Bunlar da bazarda səhmlərinin alınıb - satılmasında maraqlı deyillər. Ona görə də Azərbaycan vətəndaşları əllərində olan vəsaitlərini səhmlərə yox, daha çox torpağa, əmlaka və digərlərinə yönəltməyə başlayırlar. Belə demək mümkünsə, xaricə çıxmamağın əsas səbəbi öz ölkəsində onların səhmlərinin legitimliyinin olmamasıdır.  Legitimlik deyəndə isə həmin iri şirkətlərə çox şübhə ilə yanaşırlar. Belə olan bir şəraitdə onların xarici bazarda da nüfuzu ola bilməz. Xarici birjalar da onların səhmlərinin satılmasında maraqlı olmazlar. Yəni, kökündə duran səbəblərdən ən birincisi, yerli şirkətlərin Azərbaycanın öz bazarında kapitallaşmanın olmamasıdır. İkincisi, isə yerli şirkətlərin xaricdə nüfuzunun aşağı olmasıdır. Çünki, xaricdə həmin şirkətlərin illik balansına diqqət yetirirlər. Baxmayaraq ki, bizdə hazırda milyardlarla idarə edilən şirkətlər var. Amma onlar koorperativ idarə olunan şirkətlər deyil. Bunlar şərikliyi olmayan şirkətlərdir. Ona görə də bizim bazara, bizim şirkətlərə xarici birjaların marağı yoxdur. Tək dövlətin mülkiyyətində olan ARDNŞ-ə etibar edirlər. Çünki, onun da arxasında dövlət və neft var. Xarici investorlar da ona ümid edib, vəsait yatırda bilirlər".

Ekspert bildirir ki, banklar səhmdar cəmiyyətlərdir: "Bundan başqa sığorta şirkətlərinin də hamısı səhmdar cəmiyyətlər formasındadır. Həm də qanunda da var ki, açıq səhmdar cəmiyyətlərin səhmləri bazarda alınıb satılmalıdır. Amma çox təəssüf olsun ki, bu baş vermir. Yəni, xarici birjalarda səhmlərinin alınıb - satılması baxımından perspektivi ola bilən banklar ola bilərdi. O da təbii ki, cəmiyyət açıq olsa, eyni zamanda bizim fond birjasında onların səhmləri alınıb satılsa. Bu zaman da hansısa şirkətlərin perspektivinin açılması ehtimalı ola  bilər". 

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz