Əlaqə Arxiv
news Image
2012.11.27
10:14
| A A A
Binaların istilik problemi hələ də tam çözümün tapmır
Ekspert: «Binalar MKİS-lərin balansındadırsa, mənzil sahibinin dövlət hesabına orada quraşdırılmış hər hansı boru xəttini kəsməyə ixtiyarı yoxdur»

Bir çoxlarının yadında xatirə kimi qalan mənzillərin su ilə qızdırılması müstəqillik qazandıqdan sonra zaman-zaman gündəmə gəlsə də, yalnız 2005-ci ildə Prezident İlham Əliyevin 8 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə reallaşdı.

"Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncam əsasında yaradılmış "Azəristiliktəchizat" ASC istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətləri sahəsində hələ də qarşıya qoyulan məqsədlərə çatmayıb desək yanılmarıq.

Çünki yaradılmasından 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq Bakı şəhərində sovet dövründə tikilmiş bəzi binalar hələ də istilik üzünə həsrətdilər. Həmin binaların əksəriyyətində otaqları qızdırmaq üçün qaz və ya elektrik sobalarından istifadə olunur.

Bu isə həm kommunal xərclərin artmasına, həm də hər zaman təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Heç kəsə sirr deyil ki, mavi yanacaq hesabına mənzillərin qızdırılması təhlükəlidir. Həm də orqanizm üçün zərərlidir. Ekoloji cəhətdən daha təmiz olan kombi istilik sistemlərindən təəssüf ki, bu gün bütün binalar yararlana bilmirlər. Düzdür, yeni tikilən binaların, həyət evlərində özəl qazanxanalar fəaliyyət göstərir. Amma rayon icra hakimiyyətlərinin balansında olan binaların əksəriyyətinin istilik sistemləri yoxdur.

Hazırda bəzi binaların istiliklə təchiz edilməsində ciddi problemlər yaşanır. Belə ki, sovet dövründə binalara çəkilmiş istilik xətlərinin müəyyən hissəsi yarıtmaz vəziyyətdədir, bəziləri korroziyaya uğrayıb. "Azəristiliktəchizat" ASC-nin xidmət rəisi Rafiq Əliyev bildirir ki, bu ilin sonu və gələn il respublika üzrə 2850 yaşayış binası, 270 məktəb, 165 uşaq bağçası, 139 səhiyyə müəssisəsi və 308 digər sosial obyektlər istiliklə təmin olunacaq: "Mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmək həm istehlakçı, həm də istehsalçı qurum üçün sərfəlidir. Mənzillərin elektrik və qazla qızdırılması ilə müqayisədə mərkəzləşdirilmiş istilikdən istifadə daha qənaətçildir".

R.Əliyev onu da bildirdi ki, təmsil olunduğu ASC istilik sisteminin binalara qədər çatdırılmasına cavabdehdir. Binalar mənzil istismar sahələrinin balansında olduğunda mənzillərdəki istilik sistemilərinin vəziyyətinə də həmin qurumlar cavabdehdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dövlət hesabına tikilmiş binaların, ümumiyyətlə istehlakçıları istiliklə təmin etmək istehsalçı qurumun borcudur: "Necə ki, təbii qaz və elektrik enerjisi satan qurum mənzilə qədər olan xərcləri özü ödəyir, "Azəristiliktəchizat" ASC bu məsələni özü həyata keçirməlidir, çünki göstərdiyi xidmətin qarşılığını alacaq".

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, məsələnin həlli yolu binaların balansında olduğu Mənzil Kommunal İstismar İdarələri ilə mülkiyyət sahibi arasında ümumi razılaşmanın əldə olunmasından keçir: "Binalar MKİS-lərin balansındadırsa, mənzil sahibinin dövlət hesabına orada quraşdırılmış hər hansı boru xəttini kəsməyə ixtiyarı yoxdur.

Yox əgər kəsibsə onu bərpa etməlidir. Düşünürəm ki, icra qurumları vətəndaşlarla söhbət aparmalı, onları başa salmalıdır ki, ümumi işin xeyri üçün istilik sistemlərini alıb quraşdırsınlar. Digər mənzildə istilik boruları qalıbsa, amma qonşu kəsibsə ikinci məsuliyyət daşıyır. Qonşunun səhvi ucbatından vətəndaş niyə istilik üzünə həsrət qalmalıdır? İş məhkəmə müstəvisinə çıxsa, borunu kəsmiş şəxs günahkar hesab olunacaq".

R.QAÇAYOĞLU

Sizin Reklam Yeriniz