Əlaqə Arxiv
news Image
2012.11.29
12:43
| A A A
Ətin qiyməti yenə narazılıq doğurur
Alıcılar mövcud qiymətlərin çox yüksək olduğunu bildirirlər

Azərbaycan əhalisinin qida rasionunda ət və ət məhsullarının hər zaman xüsusi yer tutması danılmaz həqiqətdir. Xüsusən də ilin soyuq aylarında ət istehlakı əhəmiyyətli dərəcədə artır. Atıq ətsatanlar da ötən aylarla müqayisədə daha çox məhsul satdıqlarını etiraf edirlər. Lakin ət satışının çoxalması yalnız satıcıları məmnun edir. Ət alıcıları qiymətə görə bundan elə də məmnun deyillər.

Qiymətin baha olduğu bildirilir. Yeri gəlmişkən qeyd edək ki, payızın başlanmasından sonra ətin qiymətində müəyyən artımlar qeydə alınıb. Ümumiyyətlə, hər il qış qabağı ətin qiymətinin qalxması artıq adət halını alıb. Aqrar sahəni araşdıran mütəxəssislər hesab edirlər ki, ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma daha çox süni xarakter daşıyır. Hazırda 1 kq ətin pərakəndə ticarət şəbəkələrində satışı 6-10 manat arasında dəyişir. Araşdırmalar onu da göstərir ki, MDB dövlətləri arasında ən bahalı ət satışı Azərbaycandadır. İqtisadçi ekspert Vüqar Bayramov Azərbaycanda ət məhsullarının baha olmasının iqtisadi amillərdən asılı olmadığını deyir. Mövcud problemin səbəblərinə gəldikdə isə o bildirir: "Bütövlükdə ətin qiymətinin bahalaşmasının səbələrini qruplaşdırsaq yem məhsullarının qiymətinin yüksək olması, ölkədaxili bazara çıxışda maneələr ölkə daxilində ətin qiymətinin bahalaşmasına gətirib çıxarır".

Kənd Təsərrüfati Nazirliyinin Heyvandarlıq Şöbəsinin müdiri Çingiz Fərəcov isə bildirib ki, bu gün Azərbaycan ət məhsullarına olan tələbatın 87%-ni öz hesabına təmin edir. Qurum rəsmisinin sözlərinə görə, Azərbaycana ət məhsulları əsasən Rusiya, Ukrayna və Belarusiyadan idxal olunur. Buna baxmayaraq, Azərbaycanda ət məhsullarının baha olmasına heç bir səbəb olmadığını deyən Çingiz Fərəcov qiymətlərin süni şəkildə artırıldığını bildirib.

Qeyd edək ki, mal ətini ən ucuz qiymətə Gürcüstanda tapmaq olar. Bu ölkədə mal ətinin 1 kq-i 4-5 manatdan baha deyil. Rusiya və Ukraynada da qiymətlər eynidir. Belə ki, 1 kq ət hər iki ölkədə 5-5,5 manata satılır. Beləliklə, aydın görünür ki, ölkəmizdə ətin qiyməti qonşu ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. O baxımdan ətin qiymətindəki artımlar, eləcə də ətin qiymətinin mövcud səviyyəsi heç də bazarın diqtə etdiyi qiymət artımları deyil. Bu fonda bildirilir ki, ətin qiymətinin azalması o zaman mümkündür ki, süni baryerlər aradan qaldırılsın və ölkə daxilində ətin qiymətinin bazar tərəfindən tənzimlənməsi həyata keçsin. Əks halda, təbii ki, yüksəlmənin qarşısını almaq mümkün olmayacaq. Çünki ətin qiymətinin süni şəkildə qorunub saxlanması həyata keçirilir. Burada isə əsas rol bazara nəzarət edən inhisarçılara və daha çox qazanc götürməyə çalışan alverçilərə məxsusdur.

Ekspertlər vurğulayır ki, təkcə inzibati deyil, həm də iqtisadi metodlardan istifadə olunsa, qiymət artımının qarşısını almaq olar. Əks halda qiymətlər gündən-günə bahalaşmaqla xərclərin kifayət qədər artmasına gətirib çıxaracaq. Məsələ burasındadır ki, bunu yalnız fərdi yolla həll edə bilmək də mümkün deyil. Yəni kimisə cəzalandırmaq, kimisə bununla bağlı müəyyən intizama, məsuliyyətə cəlb etmək problemin bütövlükdə həlli deyil. Bahalaşmasını şərtləndirən əsas amillərdən biri qiymətlərin diqtə edilməsidir. Bu prosesin qarşısını almaq üçün ilk növbədə bir neçə ildir parlamentdə qalan Rəqabət Məcəlləsi qəbul edilməlidir.

Belə fikirlər də səslənir ki, indiki halda fermerlər istehsal etdiyi məhsuldan gəlir götürə bilmir. Buna yem məhsullarının qiymətinin qalxması da təsir edib. Həm də hazırda ət və ət məhsullarının qiymətinin bahalaşması prosesi bütün dünyada gedir. Son aylar dünya miqyasında, ərzaqla bərabər, ət və ət məhsullarının da qiymətində yüksəlmə tendensiyaları müşahidə olunur. Dünyada cərəyan edən proseslər isə əvvəl-axır Azərbaycana da sirayət edir.

Hələlik isə iqtisadçıların rəyinə görə, qiymət artımları davam edəcək. İlin sonuna doğru bu artımlar daha da sürətlənəcək. Lakin bahalaşma yalnız idxal olunan ərzaq məhsullarının qiymətində deyil, o cümlədən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının qiymətində də özünü göstərir.

Sizin Reklam Yeriniz