Yeni ilə bir ay qalıb. Uşaqların sevimli bayramı olan yeni ilə hərə bir cür hazırlaşır. Böyüklərin bayram bazarlıq səbətinə ərzaq məhsulları daxildirsə, uşaqların bayram səbətində isə əsas yeri pirotexniki məhsullar tutur.
Artıq indidən xırdavat satılan mağazalarda uşaqlar üçün nəzərdə tutulan partlayıcı qurğulara rast gəlmək mümkündür. El arasında "zırpaket" olaraq adlandırılan partayıcılar uşaqları nə qədər sevindirib şənləndirsə də, böyükləri bir o qədər narahat edir, onsuz da sakit olmayan əsəbləri bir qədər də tarıma çəkir. Şəhərdə insan sıxlığın çoxluğunu nəzərə alsaq, pirotexniki məhsullardan istifadənin nə qədər təhlükəli olduğunu təsəvvür etmək mümkündür.
Dünyanın əksər ölkələrində bayram günlərində uşaqların yanğın törədə biləcək, insanların qorxuya salacaq, panika yarada biləcək qurğulardan istifadə etmələri qadağan olunur. Belə şəhərlərdə bayramlarda fişənglər xüsusi təşkil olunmuş qruplar tərəfindən havaya açılır. Əhalinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bakı və ölkənin digər iri şəhərlərində də son illərdə analoji addımlar atılır. Lakin əvvəlki kimi satışda yenə pirotexniki məhsullar tapmaq mümkündür.
Bu sətirlərin müəllifi dəfələrlə şahidi olub. Şəhərin mərkəzi sayılan "Torqovıy" adlanan məkanda qadağada xəbərdarlqları olsa da, uşaqlar, hətta gənclər bilərəkdən partlayıcılardan istifadə edirlər. Sakinlərin gur olduğu məkanlarda partlayıcının hansı uşaq tərəfindən işə salındığını müəyyən etmək çətindir.
Bəs problemin qarşısını necə almaq olar?
İlk növbədə pirotexniki məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq lazımdır. Digər tərəfdən mağazalarda pirotexniki məhsulların satışının qarşısı alınmalıdır. Düzdür, aidiyyəti dövlət qurumları bayramqabağı mağazalarda, bazarlarda monitorinqlər həyata keçirirlər. Qadağan olunmuş partalıyıcı qurğuları satanlar aşkar olunur, barələrində müvafiq tədbirlər görülür. Bütün bunlara baxmayaraq, yenə də gizli yollarla həmin qurğuların satışı həyata keçirilir.
Bildirək ki, pirotexniki məhsulların əksəriyyəti Çin istehsalıdır. Həmçinin, o da məlumdur ki, partalayıcı qurğular insanlarda bir sıra xəstəliklərə səbəb ola bilir. Əsəblər tarıma çəkilir, psixi pozğunluq yaranır, ürək ağrılarından əziyyət çəkənlərin səhhəti pisləşə bilir, qəfil qorxu, hətta sarılıq, fobiya, şəkər və s. xəstəliklər yarada bilir.
Ekspertlər bildirirlər ki, pirotexniki məhsullara qarşı təkcə hüquq müstəvisində deyil, həmçinin media vasitələrilə əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Ailədə, məktəbdə uşaqlara başa salmaq lazımdır ki, ictimai yerlərdə partalıyıcı qurğulardan istifadə ciddi mədəniyyət pozuntusudur. Bu cür hərəkətlərə yol verənlərə qarşı həm jdə ictimai qınaqlar təşkil olunmalıdır.
Onu da bildirək ki, hər il olduğu kimi bu il də Yeni İl ərəfəsində polis əhalinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışacaq. Pirotexniki məhsulların satışı və istifadəsinin qarşısı alınacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı qeyd edib: "Yeni il ərəfəsində Bakıda tez alışan maddələr və pirotexniki məmulatların satılması ilə bağlı polis mübarizəni daha da gücləndirəcək". Onun sözlərinə görə, Yeni il bayramı ərəfəsində küçə, meydan və digər ictimai yerlərdə yüksək səsyayıcı qabiliyyətə malik oyuncaqlardan istifadə olunması nəticəsində həddən artıq səs-küy yaranır ki, bu da bəzən əhali arasında haqlı narazılığa səbəb olur. "Belə pirotexniki məmulatların istifadə olunması və satışının qarşısının alınması üçün polis bütün səyilə çalışacaq", - deyə E.Zahidov vurğulayıb.