Firudin Cəlilov: "Elə etməliyik ki, uşaqlar, həmçinin böyüklər öz telekanalımıza baxsınlar"
Uşaqlar valideynlərindən çox zəmanənin övladları olurlar. Onlar məhz yaşadıqları tarixi şəraitə uyğunlaşırlar. İstəsək də belə uşaqları dəyişə, düzgün hesab etdiyimiz kimi formalaşdıra bilmərik. Bəzən özümüz də bilmədən balacaları yad tərbiyə, təsir altında böyüdürük. Evdə saatlarla xarici kanallara baxır, əcnəbi musiqilərə qulaq asırıq.
"Sakit durun, səs salmayın, seriala baxırıq" kimi iradlar bildirməyi unutmuruq. Onlar əlacsız qalıb valideynlərilə birliklə əcnəbi serialı izləməli olurlar. Elə hər şey buradan başlayır. Böyüklərdən fərqli olaraq balacalar daha tez və asan təsirə məruz qalırlar. Hansı dildə filmlərə, verilişlərə baxırlarsa, həmin dili mənimsəməklə yanaşı, yad ölkənin mədəniyyətini, düşüncəsini də daşımalı olurlar. Xüsusən də televiziyanın təsiri altında Türkiyə türkcəsində balacaların daha çox danışmağa başlaması az qala adi hala çevrilib. Bir millət, iki dövlət olmasına baxmayaraq Türkiyə və Azərbaycan fərqli tarixi inkişaf yolu keçib, fərqli ictimai, siyasi, mənəvi mədəniyyətlərə malik olan ölkələrdir. Türkiyədə Azərbaycan dilini çoxları başa düşsələr də, söhbət zamanı öz türkcələrində danışırlar. Azərbaycanlıların əksəriyyəti isə necə ki, ərəblə ərəb, farsla fars, rusla rus, ingilislə ingilis dilində danışmağa üstünlük verir, eləcə də Anadolu türklərilə danışanda onların başa düşdükləri sözləri eşidirik. Hətta bundan qürur da duyuruq.
Yetişməkdə olan gənclik şifahi və yazılı nitqlərində xeyli Türkiyə sözlərindən istifadə edirlər. Bu ölkənin təsiri altında olduqlarını onların düşüncələrindən də başa düşmək çətin deyil.
Ölkəmizdə elə ailələr var ki, televizorlarının antenaları Azərbaycan telekanallarını tutmur. Belə evlərdə ancaq Türkiyə kanallarına baxılır. Burada böyüyən uşaqların Türkiyə türkcəsində danışmaları təbiidir.
Azərbaycanda Türkiyə türkcəsinin bu qədər məşhurlaşmasının heç bir elmi əsası ola bilməz. Əvvəla bu dil ana dilimizə yaxındır və asanlıqla başa düşülür. Türkiyə türkcəsini öyrənmək üçün dil kurslarına getməyə ehtiyac yoxdur. Ümumiyyətlə, bu dildə danışmaqla karyera qurmaq, maddi imkanları genişləndirmək kimi şanslar da mövcud deyil. Qardaş ölkənin dilinin Azərbaycanda populyarlaşmasının yeganə səbəbi mədəni həyatımızda yaranan boşluğun Türkiyə telekanalları, musiqisi, kinoları, serialları vasitəsilə doldurulmasıdır.
Azərbaycanda teatırın, kinonun, televiziya və radionun tarixi Türkiyənin anoloji sahələrindən daha çoxdur. Uzun müddət SSRİ-nin tərkibində yaşamağımız və sovet rejiminin mahiyyətinə uyğun olaraq rəqabət mühitinin olmaması mədəni həyatımızın inkişafının qarşısını aldı. Müstəqillik əldə etidikdən sonra ölkənin ictimai, siyasi və iqtisadi həyatında hökm sürən xaos yad ünsürlərin cəmiyyətimizdə ayaq açmasına stimul verdi. Qeyd etdiyimiz kimi boşluğu daxili imkanlar hesabına deyil, xaricdən bizə təklif olunan, bir sıra hallarda isə sırınan dəyərlərlə, xidmətlərlə doldurmalı oldu ki, bu gün bunun ağrısını çəkməkdəyik. Azərbaycan ailəsində doğulan, anasının deyil, baxdığı əcnəbi telekanalların dilində danışan uşaqlar ordusu yetişməkdədir.
Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilovun sözlərinə görə, ana dilimiz tarixin bütün dönəmlərində təsirlərə məruz qalıb, amma dəyişməyib: "Bizim dil o qədər gözəl, mükəmməl dildir ki, onu dəyişmək mümkün deyil. Ərəblərin, farsların əsarətində olmuşuq. 70 il Rusiya imperiyasının tərkibində qaldıq. Heç bir halda dilimizi dəyişmədik. Dilimizi dəyişmək üçün başqa xalqların adamlarını kompakt şəkildə içimizə yerləşdirdilər. Amma özləri dillərini dəyişməli oldular. Türkiyə türkcəsi bizə yad dil deyil. Qardaşımızın dilini çox gözəl anlayırıq. Bu o demək deyil ki, öz dilimizi unutmalı, bu dildə danışmamalıyıq. Uşaqların nitqinin formalaşmasında telekanalların böyük rolu var. Türkiyə kanallarında maraqlı cizgi filmləri, uşaq verilişləri efirə verilir. Uşaqlar da məcbur olub Türkiyə kanallarına baxmalı olurlar. Biz xarici kanalların ölkədə yayımlanmasının qarşısını ala bilərik. Amma elə etməliyik ki, uşaqlar, həmçinin böyüklər öz telekanalımıza baxsınlar. Başqa kanallara yox. Bu isə bir-birindən maraqlı, peşəkar kanalların açılmasından, verilişlərin hazırlanmasından keçir".
R.QAÇAYOĞLU