Əlaqə Arxiv
news Image
2012.12.06
11:44
| A A A
Tələbələr hələ də aşağı faizli kredit üzünə həsrətdirlər
Məhərrəm Zülfüqarlı: “Hazırda bu qanuna ehtiyac yoxdur” Akif Nəsirov: “Təhsilə həvəsi, qabiliyyəti olan insanları itirməmək üçün bu qanunun qəbul olunması çox vacibdir”

Məlumdur ki, artıq iki ildir "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Amma qanun layihəsinin təqdiminin üzərindən göstərilən müddət qədər vaxt ötməsinə baxmayaraq, hələ də parlamentdə müzakirəyə çıxarılamayıb. Elə cari ilin yaz sessiyasında da ilkin müzakirəyə çıxarılması gözlənilirdi. Lakin gündəlikdəki məsələlərin çoxluğu buna imkan vermədi.

Odur ki, qanun layihəsinin payız sessiyasına planlaşdırıldı. Ancaq Milli Məclisin son sessiyanın müzakirələrində də "Təhsil kreditləri haqqında" qanun yer almadı. Qanunun taleyi öz yerində, mütəxəsislər isə bu cür qanun tələbə üçün faydalılığını fərqli qiymətləndirirlər.

Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı bildirir ki, bu qanun iki cür baş düşülür: "Birincisi, öz hesabına oxuyan tələbələrə dövlətin kredit verməsidir ki, ali məktəbi bitirdikdən sonra o, işləyib qaytaracaq. İkincisi isə Boloniya sisteminə keçəndən sonra kredit balını toplamağa üçündür. Yəni, oxuduğu müddət ərzində həmin kreditin balını toplayandan sonra tələbə diplom alır. Sözügedən bu qanunda öz hesabına oxuyan tələbələr üçün kreditin verilməsini nəzərdə tutulur. Amma hazırda bu qanuna ehtiyac yoxdur. Çünki, bizim tələbələrin ali təhsilini bitirdikdən sonra işlə təmin olunmaları çətindir. Belə olanda da işləyib bu krediti qaytarmaqları da çətinləşəcək. Əlavə olaraq borclu qalacaqlar. Ona görə də belə qanunun qəbulundansa, birinci növbədə tələbələrin təqaüdü, müəllimlərin əmək haqları artırılsa, daha yaxşı olar. Bundan başqa elə bir mühit yaradılmalıdır ki, tələbə ali təhsili bitirdikdən sonra özünə normal əmək haqqı olan iş tapa bilsin. Bu, təmin edildikdən sonra həmin qanunun qəbul edilməsi haqqında fikir yürütmək olar. Yoxsa, bu gün müəllim, həkim aşağı maaşa alırsa və sonradan krediti qaytaracaqsa, bəs, özünü necə dolandıracaq? Ona görə də bu qanun qəbul edilsə, əksinə, vətəndaş dövlətdən tam asılı vəziyyətə düşəcək. Odur ki, birinci əhalinin maddi rifah halı yaxşılaşdırılmalıdır. Gələcəkdə ali məktəbi bitirən tələbə yaxşı yerdə işləyib, krediti qaytarmaq imkanına malik olandan sonra bu qanunu qəbul etmək olar". Ekspert həm də onu vurğuladı ki, bu qanun qəbul edilsə, təhsilin səviyyəsinə təsir etməyəcək: "Kredit veriləndən sonra tələbə potensial olaraq borclu olur. Ona görə də bunun təhsilin keyfiyyətinə heç bir müsbət təsiri ola bilməz. Odur ki, tələbəni oxutduran valideynin əmək haqqını yüksəltmək lazımdır. Bir də tələbə bitirdikdən sonra normal maaşlı işlə təmin olunması asanlaşdırılmalıdır".

İqtisadçı ekspert Akif Nəsirov isə əks mövqedədir: "İnsanlar var ki, təhsil almaq istəyir, amma təhsil haqqını ödəməyə imkanı yoxdur. İnsanlar da var ki, təhsil haqqı ödəməyə imkanı var, təhsil almaq həvəsi yoxdur. Ona görə də təhsilə həvəsi, qabiliyyəti olan insanları itirməmək üçün bu qanunun qəbul olunması çox vacibdir. Amma bu, o anlam gəlmir ki, Azərbaycanda insanlar kasıb yaşayır. Bu qanun dünyanın bütün inkişaf etmiş ölkələrində qəbul olunub və çox rahat şəkildə işləyir. Çünki, əksər insan gənc olaraq həyata başlayanda onların sərmayəsi olmur. Həm də təhsil almaq üçün o, kommersiya krediti almalıdır. Amma bu qanun qəbul olunandan sonra Azərbaycanda təhsilə həvəsi olan gənc rahat şəkildə o krediti alıb, gələcəkdə də işləyib onu qaytaracaq. Yəni, bu gün savadlı mütəxəssislərə ehtiyacı olan ölkə üçün çox vacib qanundur. Odur ki, qanun mütləq müzakirə edilib, qəbul olunmalıdır. Heç kəs əsaslandıra bilməz ki, bu qanun Azərbaycana lazım deyil".

İqtisadçı bildirir ki, qanunun qəbul edilməsi təhsilin səviyyəsinə o qədər də ciddi təsir etməz: "Sadəcə olaraq, maddi vəsait çatışmazlığına görə kənarda qalan istedadlara köməkliyi dəyə bilər. Çünki, bəzən istedadlı insanların böyük əksəriyyəti maddi çatışmazlıq üzündən təhsildən kənarda qalır. Odur ki, qanun qəbul edilsə, onların hesabına bizim təhsilin nəticələri yaxşılaşa bilər. Yəni, dolayısı ilə nəticələri yaxşılaşdıracaq".

Sizin Reklam Yeriniz