67 saylı məktəb: "Müşahidə kameraları da qurulub"
46 saylı məktəb: "Şəraitə uyğun olaraq təhlükəsizliklə bağlı nə lazımdır, ilkin tədbirləri görmüşük"
20 saylı məktəb: "Məktəbin mühafizəsi iki aspektdə həyata keçirilir"
Məlumat verildyi kimi iki gün öncə Xətai rayonundakı 59 saylı məktəb binasının zirzəmisində döyüş sursatı aşkarlanıb. Dərhal da hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi müvafiq qurumlarının mütəxəssisləri və xilasedicilər lazımi tədbirlər görmək üçün hadisə yerinə cəlb olunublar. Aşkarlanan sursata baxış keçirilib.
Məlum olub ki, məktəbin zirzəmisində istifadəyə yararsız olan 4 ədəd 100 mm-lik top mərmisi (2 ədəd gilizli, 2 ədəd gilizsiz), 2 ədəd tank əleyhinə TM-62 markalı mina, 2 ədəd MVC-62 markalı mina partlayıcısı varmış.
Bu hadisə orta və ali məktəblərdə təhlükəsizlik məsələlərilə bağlı problemlərin aktual olduğunu bir daha gündəmə gətirir. Xatırladaq ki, bir neçə il öncə Neft Akademiyasına edilən silahlı hücum nəticəsində xeyli sayda günahsız insanlar həlak olmuşdu. Bu hadisə isə istər-istəməz təhsil ocaqlarının təhlükəsizliyi məsələsini gündəmə gətirdi. O vaxtdan üzü bəri bəzi məktəblər təhlükəsizliyin təmini istiqamətində müəyyən addımlar atıblar. Bir çox məktəblər özəl mühafizə xidmətlərilə müqavilə əsasında təhsil ocağının təhlükəsizliyini təmin edirlər. Hazırda bu sahədə təhsil ocaqlarında durumun nə yerdə olduğunu aydınlaşdırmaq üçün bir neçə orta məktəblə əlaqə saxladıq.
104 saylı məktəbin direktoru Kərəm Mehdiyev rəhbərlik etdiyi təhsil ocağında təhlükəsizlik qaydalarının bütün aspektlərinə riayət olunduğunu bildirdi: "Məktəbdə kameralar qurulub. Ərazidə ümumiyyətlə, 24 müşahidə kamerası quraşdırılıb. Eyni zamanda, mühafizə prosesi də mövcuddur. Hələlik mühafizə məktəbin öz kollektivi vasitəsilə həyata keçirilir. Düşünürəm ki, məktəbdə bu istiqamətdə lazım olan bütün müvafiq tədbirlər görülüb. Məktəb bütün 24 saat ərzində mühafizə olunur".
67 saylı məktəbin adını deməyən qadın direktoru da rəhbərlik etdiyi sahədə təhlükəsizliyin tam şəkildə təmin edildiyinə əmindir: "Məktəbin öz mühafizəçiləri var. Eyni zamanda, özəl mühafizə firmasının əməkdaşları da müqavilə əsasında məktəbin mühafizəsini təmin edirlər. Həmçinin müşahidə kameraları da qurulub. Bütün bunlara əsasən məktəbin mühafizəsinin tam şəkildə qorunduğuna əminəm".
46 saylı məktəbin direktoru Sevinc Budaqova da təhlükəsizlik məsələsində ilkin tədbirlərin görüldüyünü dedi: "Məktəb ciddi şəkilə mühafizə olunur. Təhlükəsizlik məsələsi ciddi nəzarətdə olduğundan prosesin qaydasında olduğunu düşünürəm. Şəraitə uyğun olaraq təhlükəsizliklə bağlı nə lazımdır, ilkin tədbirləri görmüşük. Məktəbin mühafizəsi Valideyn Assosiasiyası İdarə Heyətinin hesabına həyata keçirilir".
20 saylı məktəbdə də direktor müavini Rauf Həşimovun sözlərinə görə, təhlükəsizlik məsələlərilə bağlı hər şey qaydasındadır: "Məktəbin mühafizəsi iki aspektdə həyata keçirilir. Sistematik olaraq müəllimlər tərəfindən də reydlər keçirilir. Zirzəmilərə, ətraf ərazilərə ciddi diqqət yetiririk. Kənar şəxslərin məktəbə daxil olmasına şəxsən özüm nəzarət edirəm. Bir an olsa belə məktəbin təhlükəsizlik məsələsini nəzərdən qaçırmırıq. Hər şeyin ideal olduğunu da demirəm, amma çalışırıq. Məktəbə gələn kənar şəxsləri dəqiqləşdirib sonra içəri buraxırıq. Digər tərəfdən təhlükəsizliklə bağlı şagirdlər arasında da maarifləndirmə işləri aparılır. Buna aid xüsusi dərslərimiz var. Bu işlə hərbi müəllim məşğul olur".
Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev isə tədris mərkəzlərində təhlükəsizliyin təminatının qənaətbəxş olmadığını söylədi: "Məktəblərin təhlükəsizlik məsələsi əsasən Neft Akademiyasındakı terror hadisəsindən sonra gündəmə gəldi. Nəticədə proses tədricən də olsa tətbiq olunmağa başladı. Amma universitetlərarası təhlükəsizliyin təminatı məsələsi bir birindən kəskin fərqlənir. Məsələn, Bakı Dövlət Universitetində həm rektorun, həm də təhsil ocağının təhlükəsizliyi məsələləri vardır. Pedoqoji Universitetdə isə ancaq binanın təhlükəsizliyi qorunur. Bir çox ali məktəblərdə təhlükəsizlik təminatı ciddi şəkildə müşahidə olunmur. Təhlükəsizliyin təminatı yaxşı vasitədir. Amma başqa bir tərəfdən təhlükəsizlik amili digər ali məktəblərdən bu və ya başqa ali məktəbə seminarlara, kitabxanalara gələn alimlərin qarşısı kəskin şəkildə kəsilir. Demək olar ki, heç kimi içəri buraxmırlar. Universitetlər dövlət təşkilatı olmaqla yanaşı böyük ictimai yükü də var. Ona görə də onlar cəmiyyət üçün, alimlərin üzünə açıq olmalıdır. Orta məktəblərə gəldikdə burada təhlükəsizlik təminatı çox zəifdir, bir o qədər də qənaətbəxş deyil. Bir və ya iki nəfər orta məktəbin qapısı önündə gözətçi dayanır. Ona da qeyd etmək lazımdır ki, təhlükəsizlik məsələsi bir sıra hallarda məktəb rəhbərliyinin iradəsindən asılı olan məsələyə çevrilib. Hansı məktəb və texnikum rəhbəri daha imkanlıdırsa, özünün rəhbərlik etdiyi təhsil müəssisəsini daha çevik şəkildə qoruyur. Buna ciddi diqqət yetirməyən, laqeyd yanaşanlar da var. Vahid sistemli işlək funksional təhlükəsizlik sisteminin təhsilin bütün pillələrində tətbiqindən hələ danışmaq bir qədər tezdir".