Bir müddət öncə Dünya Bankı əsrin sonuna qədər dünyada temperaturun 4 dərəcə artacağını açıqldı. İndi isə ABŞ-ın "Chiristian Sains Monitor" mətbu orqanı yaxın 10 ildə dünya əhalisinin şirin sudan istifadəsində problemlərlə qarşılaşacağını bildirib. Proqnozun nə qədər real olub - olmamasından asılı olmayaraq ölkəmizin şirin su sarıdan problemləri olduğundan ekspertlərin fikirləri maraqlıdır.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov ilkin olaraq bildirdi ki, bu məlumat həqiqətə uyğundur: "Əgər belə bir məlumatlar ABŞ tərəfindən yayılırsa, deməli, mümkündür. Çünki, onların əllərində silah var. İstədikləri müddətdə proqnozlarının doğruluğunu inandırmaq üçün silahlarından istifadə edəcəklər. Onların dünyada 18 ədəd qurğuları var. Ən nəhəngi Alyaskada, 2-ni Norveçdə qalanları isə Şotlandiya, Fransa, Avstraliya və digər yerlərdə yerləşdiriblər. Ona görə də onlar istədikləri zaman ionasferada təbii fəlakət yarada bilirlər. Həm də o silahlar tək onlarda yox, Rusiya və Çində də var. Odur ki, həmin silah vasitəsi ilə dünyada şirin suyun qıtlığını yarada bilərlər. Məqsədləri isə odur ki, dünyanı özlərindən asılı vəziyyətə salsınlar. Amma şirin su yoxa çıxdıığ hala, digər tərəfdən də çox yerdə daşqınlar baş verir. Bu dövrlərdə isə əhali maariflənməlidir ki, daşqın sularını bir yerə yığıb, onu çökdürüb, şirin su kimi qoruyub saxlaya bilsinlər".
Ekspert problemin süni edilə biləcəyinin real olduğunu bildirsə də, təbii olaraq bunun mümkünsüzlüyünü qeyd edir: "Çünki, təbiət elə qurulub ki, nə qədər su buxarlanırsa, elə həmin miqdarda da su yerə düşür. Yəni, təbiətdə tarazlıq pozulmur. Əgər təbiətdə tarazlıq pozulsa, Yer kürəsi öz orbitindən çıxa bilər. Həm də şirin su qıtlığı meşələrin kütləvi şəkildə qırıldığı yerlərdə olur. Çünki, meşələr havada olan nəmişliyi torpağa ötürür. Yəni, laylararası su anbarlaşdırırlar. Bunun da nəticəsində içməli su, bulaqlar əmələ gəlir. Meşələr qırılanda da orada içməli suyun əmələ gəlməsi çətinləşir".
Telman Zeynalov son olaraq onu əlavə etdi ki, bu problem yaransa, Azərbaycandan yan keçməyəcək: "Çünki, bu gün Azərbaycanda həm içməli suda, həm də suvarmada əsas yük daxil olan 3 nəhəng çayın üzərinə düşür. Bunlar Samur, Kür və Araz çaylarıdır. Amma bu gün Rusiya ölkəmizlə danışıqlar apara - apara Samur çayının suyunun miqdarını kəsir. Nəticəsidir ki, Abşeronun 1956-cı illərdə tikdiyi kanalları hazırda qurudur. İran da Arazdan Urmiya gölünə su çəkmək istəyir. Buradan da Azərbaycanın Aran zonası şoranlaşa bilər. Kür çayı da Türkiyədən tutmuş Gürcüstana qədər çirklənə - çirklənə gəlir. Azərbaycan da həmin suyu təmizlənilməsi üçün 36 ədəd təmizləyici mini qurğu qoyub".
Davamlı İnkişaf Cəmiyyəti
İctimai Birliyinin sədri Fikrət Cəfərov bildirir ki, deyilən fikir
tam doğrudur: "Həm də hələ 15 il əvvəl Turqut Ozal demişdi ki, 3-cü
dünya müharibəsi şirin su üzərində olacaq. Bu gün 2 milyarda yaxın
insan şirin suyun əldə edilməsində problemlərlə qarşılaşır. Bu da
çox böyük problemdir. Azərbaycan üçün isə bu problem bir tərəfdən
həll olunub. Birinci növbədə Oğuz - Qəbələ kəməri istifadə olunur.
Digər tərəfdən də dövlət proqramı əsasında kənd yerlərində 188 ədəd
təmizləyici qurğular inşa olunub. Bu sürətlə getsə, gələcəkdə
əhalinin 90%-i tam beynəlxalq standartlara uyğun içməli su ilə
təmin olunacaq. Ancaq işin digər tərəfi də var. Bu gün Ermənistan
və İran Araz çayının üzərində anbar tikmək istəyir ki, oradan
Urmiya gölünə su ötürsünlər. Belə olan təqdirdə isə su balansı
xeyli azalacaq. Digər tərəfdən Türkiyə Gürcüstanla sərhədində Kür
çayının suyunu Qara dənizə axıtmaq istəyir. Belə olanda da bizə
gələn tranzit suların miqdarı azalacaq. Ona görə də bu məsələlər
ciddi nəzarətdə saxlanılmalıdır. Azərbaycanın əhalisini su ilə
təmin etmək üçün birinci növbədə ən yaxşı variant odur ki, yerli
kiçik su anbarları inşa edilsin. Yəni, yağış, qardan cəmləşən su
birbaşa dənizə axıdılmasın. Həmin anbarlarda saxlanılsın ki, lazım
olan vaxtlarda ondan istifadə etmək mümkün olsun".