Azərbaycanda "Mənzil fondunun özəlləşdirilməsi" haqqında qanun çoxdan qüvvədə olsa da, ölkədə hələ də xeyli miqdarda özəlləşdirilməyən mənzillər var. Xatırladaq ki, sözügedən qanun dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri müəyyən edilmiş şərtlərlə şəxsi mülkiyyətinə keçirmək hüququnu tənzimləyir.
Həmçinin onu da xatırladaq ki, sözügedən qanuna əsasən, mənzillərin özəlləşdirilməsi könüllü və pulsuz həyata keçirilməlidir. Lakin bütün bu sadalananlara baxmayaraq, hazırda Azərbaycanda özəlləşmiş mənzillər mənzil fondunun heç də böyük hissəsini əhatə etmir. Xüsusən də paytaxtdan kənarda mənzillərin özəlləşməsi təsadüfən rast gəlinən hal olaraq qalmaqdadır. Amma qonşu Rusiyada artıq məsələyə əncam çəkilməsi nəzərdə tutulub. Belə ki, vətəndaşalara mənzillərini özəlləşdirmək üçün müəyyən zaman limiti veriləcək. Həmin limit daxilində özəlləşdirilən mənzillər, sahiblərinə müəyyən standart qiymətə başa gələcək. Amma göstərilən müddətdən sonra özəlləşdirmənin başqa qiymətlər əsasında həyata keçirilməsi nəzərdə tutulub.
Özəlləşmə özündən sonra sığorta və s. kimi prosesləri aktivləşdirdiyindən, görəsən, qonşumuzda tətbiq olunacaq praktikanı ölkəmizdə də həyata keçirmək mümkündürmü? NBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, həmin praktikanı bizdə tətbiq etmək mümkün olmaz: "Çünki, bizdə sənədləşmə prosesi çox ağır gedir. Əvvəlcə sənədləşmə prosesinin sadələşməsinin həlli yolunu tapmaq lazımdır. Hətta regionlarda elə evlər var ki, onların heç ilkin sənədləri yoxdur. Onların sənədləşməsi prosesini həll etdikdən sonra özəlləşməyə müəyyən müddət qoymaq mümkün ola bilər. Bu gün bizdə müddət qoyulsa, bu, demək olar ki, böyük bir sosial gərginliyə səbəb olacaq. Ona görə də bunu tətbiq etmək hələ tezdir. İndi bizdə özəlləşmə prosesi pulsuz həyata keçirilir. Ancaq özəlləşdirmənin aparılması üçün ilkin sənədlərin olması tələb olunur. Yəni, həmin ilkin sənədlər torpağın ayrılması, evin tikilməsi haqqında olan sənədlərdir ki, sənədləşməni həyata keçirən təşkilata təqdim olunmalıdır. Amma, xüsusən də kənd yerlərində bu sənədlərin bir çoxu yoxdur".
Ekspert ölkəmizdə özəlləşmənin ləng getməsində müəyyən amillərin olduğunu qeyd etdi: "Birincisi, insanların bir çoxu buna zərurət görmür. İkincisi, mənzillərin, binaların xidmət edilməsi strukturu hələ yaranıb ortalığa qoyulmayıb. Mənzil kommunal təsərrüfatları struktur kimi sənəddə olmasa da, digər qurumların yaradılması tövsiyə olunsa da, bu proses sona çatdırılmayıb. Bundan başqa, vətəndaşlar o vaxt özəlləşmə edirlər ki, onlar ya vərəsəlik hüququ ilə pay verirlər və yaxud da həmin yerlər satış obyekti olsun. Üçüncü amil isə yuxarıda dediyimiz kimi, ilkin sənədlərin olmamasıdır. Yəni, əhali, zərurət olmadıqda özəlləşməyə getmirlər".
Nüsrət İbrahimov sonda onu da qeyd etdi ki, tam özəlləşmə başa çatandan sonra sığorta bazarı işə düşməyə başlaya bilər: "Bu gün mənzilləri özəlləşmədiyi üçün vətəndaşların çoxu sığortaya getmir. İkincisi isə həmin mənzillərin qulluq edilməsi prosesi reallaşacaq. Bu gün çoxmənzilli binaların yarısı özəlləşib, yarısı özəlləşməyib. Ona görə də yeni qanunda belə bir maddə var ki, həmin mənzildə yaşayanlar, ümumi bir işçi orqanı təşkil edirlər. Həmin işçi orqanı da binaya xidmət, təmir olunması və digər işlər üçün qurumlarla müqavilələr bağlayır. Ancaq hazırda yaşayış binalarındakı mənzillərin hamısı özəlləşmədiyi üçün bu proses həyata keçirilə bilmir".
"Əmlak
Bazarı İştirakçıları" İctimai Birliyinin
rəhbəri Ramil Osmanlı
isə qeyd etdi ki, Azərbaycanda özəlləşdirmə
ilə bağlı problemlər
təkcə mülkiyyət sahiblərinin problemi deyil: "Çünki, konkret
əmlakın özəlləşdirilməsi və yaxud təkrar qeydiyyatı ilə bağlı
Nazirlər Kabinetinin müvafiq qərar və
sərəncamları daxilində Tarif Şurasının tənzimlədiyi tariflər mövcuddur. Amma
təəssüflər olsun ki, bu gün aparılan
araşdırmalar göstərir ki, həmin tariflərin
daxilində mülkiyyət subyektini qeydiyyata almaq, özəlləşdirmək
çətindir. Odur ki, ilk növbədə Azərbaycanda bu istiqamətdə köklü
islahatlara ehtiyac var. Çünki, bu islahatlar
aparılmadan özəlləşmə, təkrar qeydiyyat, çıxarışların
alınması məsələsi problem olaraq qalacaq.
Ona görə də yaxın zamanlarda
həmin praktikanın
Azərbaycanda tətbiqini gözləmirəm. Yəni,
Rusiyada tətbiq olunan qaydaların
Azərbaycan praktikasında tətbiqi düzgün yanaşma sayılmır.
Çünki, Rusiyanın faktiki real vəziyyət ilə Azərabycanda olan real
vəziyyət fərqlidir. Yəni, bu məsələyə yanaşmada Rusiya vətəndaşı və
məmuru ilə Azərbaycan vətəndaş və məmuru arasında fərq var. Bu fərqlər olduqca,
oxşar presedent yaradan halların tətbiqi nəninki xeyr, hətta bəzi
hallarda ziyanlı nəticələrə gətirib çıxara
bilər".