Əlaqə Arxiv
news Image
2012.12.13
10:38
| A A A
Avropadan Azərbaycana böyük miqrant axını başlana bilər
"Köhnə qitə"də iqtisadi böhran dərinləşsə, belə bir halın qaçılmaz olacağı vurğulanır Avropada hökm sürən maliyyə böhranı, işçizlik xaricə miqrasiya axınını gücləndirir. İşsizlikdən əziyyət çəkən avropalılar arasında Rusiya, MDB ölkələri, o cümlədən Azərbaycana da üz tutanlar var.

Qeyd edək ki, indiyə qədər Azərbaycana gələn avropalılar əsasən neft sektorunda çalışanlardır. Lakin indi AVvropadan hələ çox az sayda olsa belə digər ixtisas sahibləri də ölkəmizə üz tutur. Ekspertlər isə belə miqrantların qeydə alınmasını və onlara nəzarətin gücləndirilməsini zəruri sayırlar. Çünki, Avropadan gələn miqrantların çoxu yüksək ixtisas sahibidirlər və onlara ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərdə tələb var. Həmçinin, Avropadan gələn miqrantlar əvvəlkindən fərqli olaraq indi daha az məvaciblə işləməyə hazırdırlar. Belə vəziyyət isə Azərbaycanda yüksəkixtisaslı kadrların iş tapmasına mənfi təsir göstərə bilər. Bu səbəbdən əməkçi miqrantların qeydiyyat proseduruna mütləq şəkildə cəlb olunması vacib sayılır.

Ümumiyyətlə, əməkçi miqrantların qeydiyyata alınması bir neçə səbəbə görə vacibdir. Birincisi, onların hüquqlarının müdafiə olunması, ikincisi isə belələrinin vergiyə cəlb edilməsi baxımından.

Ekspertlər hesab edirlər ki, hazırda Azərbaycanın əmək bazarında xarici mütəxəssislərə o qədər də ehtiyac yoxdur. Amma elə sahələr var ki, orada çalışmaq üçün yerli kadrlar çox azdır. Menecerlik, tikinti-dizayn işləri, yüksək səviyyəli mühəndis, neft sahəsi üzrə kadrlar, mürəkkəb proqram təminatçılarını buna misal göstərmək olar. Ona görə də, qeyd olunan sahələr üzrə xaricdən mütəxəssislər cəlb olunur.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov isə hesab edir ki, Avropada hökm sürən maliyyə böhranı, işsizlik həqiqətən də avropalıları kənarda iş yerləri axtarmağa vadar edir: "Amma onların sürətlə Azərbaycana axışdıqlarını da söyləmək düzgün olmazdı. Ayda bir neçə min avro əməkhaqqı almağa öyrənmiş avropalıya burada istəyinə uyğun iş tapmaq çətindir. Bizdə əcnəbilər daha çox tikinti, neft sahələrində çalışırlar. Onların da əksəriyyəti Pakistan, Çin və bu kimi ölkələrin vətəndaşlarıdır. Ölkəmizdə kifayət qədər Türkiyə vətəndaşları da var ki, uğurlu biznes qura biliblər. Düzdür, hazırda Azərbaycanda qeyri-qanuni əmək miqrasiyası ilə məşğul olanlar da var. Onlar fərdi qeydiyyat uçotundan keçməyiblər və vergi ödəmirlər. Ümumiyyətlə isə əməkçi miqrantların dəqiq sayı bilinmir. İllik 10 min əməkçi miqrant kvotası göstərilsə də, real rəqəmlər bundan bir neçə dəfə artıqdır. Düşünmürəm ki, avropalılar belə bir şəraitdə Azərbaycana gəlib ağır şəraitli işlərdə çalışsınlar.

Düşünürəm ki, neft və iqtisadiyyatın digər sektorları üzrə Azərbaycanda son illər peşəkar kadrlar yetişib. Daxili potensial üzrə əmək bazarındakı tələbatı ödəmək gücündəyik. Müəyyən dövlət səviyyəli layihələr var ki, onu icra etmək üçün xarici əmək miqrantlarını ölkəyə dəvət edə bilərik. Amma bu da kütləvi ola bilməz".

A.Allahverənov bütün hallarda hesab edir ki, xaricilərin qanun çərçivəsində Azərbaycana gəlib əmək fəaliyyətilə məşğul olması ölkəmizə yalnız xeyir verə bilər: "Əgər axın varsa, bu onu göstərir ki, Azərbaycanda iqtisadi inkişaf var. Dövlət qurumlarının burada üzərinə yalnız bir iş düşür. Xaricilrərin ölkəmizə gəlib əmək fəaliyyətilə məşğul olmasını qanuniləşdirmək".

Lakin belə fikirlər də səsələnir ki, Avropada böhran dərinləşdikcə, buradan Azərbaycana üz tutanların sayında mütləq şəkildə artım olacaq. Çünki, Avropa ilə müqayisədə Azərbaycan iqtisadi böhranın təsirlərini daha az hiss edir. Eyni zamanda yenə də Avropadan fərqli olaraq Azərbaycan büdcə xərclərini nəinki azaldır, həm də onu nəzərəçarpacaq dərəcədə artırır. Bu da öz növbəsində ölkədə iqtisadi fəallığı yüksəldir. Belə şəaitdə isə Avropadan Azərbaycana miqrant axınının əhəmiyyətli dərəcədə arta biləcəyi də istisna edilmir.

Sizin Reklam Yeriniz