Əlaqə Arxiv
news Image
2012.12.13
12:00
| A A A
Dilənçilər üçün sığınacaq mərkəzlərinin yaradılması zərurətə çevrilir
Qalib Arif: "Onları qeydiyyatda olduqları rayona aparırıq, amma yenidən Bakıya gəlirlər"

Günü-gündən gözəlləşən Bakı şəhəri bir-birinin ardınca bir neçə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməkdədir. Multikulturalizmin beşiklərindən sayılan Bakıda istənilən dinin, xalqın, siyasi dünyagörüşlü cərəyanların nümayəndələrinə rast gəlmək mümkündür. Lakin bunlarla yanaşı, inkişaf etmiş şəhərlə uyuşmayan bir neçə nüansı da qeyd etmək lazım gəlir.

Bura köhnəlmiş, istifadə müddəti bitmiş taksilər, tüfeyli həyat tərzi keçirənlər, sahibsiz heyvanlar, nəzərdə tutulmayan yerlərin zibilxanaya çevrilməsi və dilənçilər daxildir.

Sonuncular barədə geniş danışmağa ehtiyac duyuruq. Dünya alimləri, sosioloqlar bu günə qədər dilənçiliyin əsl tərifini verə bilməyiblər. İlk baxışdan elə gəlir ki, əl açıb dilənənlər bunu ehtiyac üzündən edirlər. Amma araşdırdıqda məlum oldur ki, onların bəzilərinin ev-eşikləri var. Onlar həmçinin təklif olunan iş yerlərini qəbul etmirlər. Bəhanə gətirirlər ki, əməkhaqqı azdır, belə yerlərdə işləməkdənsə, dilənmək daha asan və gəlirlidir.

Qeyd edək ki, Bakı şqəhərində dəfələrlə dilənçilərlə bağlı reydlər keçirilib. 2012-ci ilin mayında Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində paytaxt polisi dilənçilərlə bağlı xüsusi reydlər keçiriblər. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov həmin vaxt bildirmişdi ki, "Eurovision" mahnı müsabiqəsinə kimi paytaxt küçələrindən dilənçilər yığışdırılacaq. Düzdür, müsabiqə ərəfəsində şəhərdə dilənçilər gözə dəymirdi. Amma az sonra yenidən paytaxtımız dilənçilərlə doldu.

Gələn il Bakı şəhərində bir neçə beynəlxalq səviyyəli idman yarışları, konfranslar keçiriləcək. Bu mənada paytaxtımızın dilənçilərdən təmizlənməsi yenidən aktuallaşır. Bir məqamı da qeyd edək ki, dilənçiliyi özünə ömürlük peşə kimi seçənlərə qarşı mübarizə təkcə hüquqi müstəvidə deyil, ictimaiyyət tərəfindən də aparılmalıdır. Məsələn, bəzi ölkələrdə insanlar dilənçiliyi özünə peşə seçənlərə pul vermir. Küçə musiqiçilərinə nəmər verənlər heç bir işlə məşğul olmayan əl açıb dilənənlərə aqressiv münasibət göstərir.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif bizimlə söhbətində bildirdi ki, dilənçiliyə qarşı mübarizə kampaniya yox, hüquqi addım kimi qiymətləndirilməlidir: "Dilənçiliyə qarşı mübarizə aparırıq. Onları qeydiyyatda olduqları rayona aparırıq. Amma yenidən Bakıya gəlirlər. Bu sahədə qanunvericilikdə boşluq var. Dilənçilər üçün sığınacaq mərkəzləri olmalıdır. Bizdə bu yoxdur. Məcbur olub aparırıq qeydiyyatda olduqları rayonlara, amma yenidən qayıdırlar Bakıya. Xarici ölkələrdə dilənçilər üçün sığınacaq mərkəzləri var və onlar orada adapitasiya dövrü keçirlər".

Q.Arif əlavə etdi ki, Azərbaycanda dilənçilərin 90 faizi bəlli rayonlarda yaşayan etniklərin nümayəndələridir: "Sırf ehtiyac üzündən dilənənlər çox azdır. Bu sahəni özünə peşə seçənlərə qarşı mübarizə aparmaq çətindir. Nə qədər qazansalar belə, bu işdən əl çəkən deyillər".

Q.Arif polislərin dilənçilərlə əməkdaşlığı barədə mətbuatda gəzişən söz-söhbətlərə də münasibət bildirdi: "Bu, jurnalistlərin fantaziyasından başqa bir şey deyil. Dilənçinin nə imkanı var ki, polis ondan nəsə istəsin. Bu, mümkün deyil".

Sizin Reklam Yeriniz