Əlaqə Arxiv
news Image
2012.12.16
10:52
| A A A
Rəqabət Məcəlləsindən hələ də bir xəbər yoxdur
Sənədin Milli Məclisin başa çatmaqda olan payız sessiyasında qəbulu böyük sual atındadır

Artıq başa çatmaqda olan 2012-ci ildə parlament tərəfindən  Rəqabət Məcəlləsinin qəbulu gözlənsə də, bu qanun layihəsindən hələ də xəbər yoxdur. Proseslər bu qənaətə gəlməyə əsas verir ki, Rəqabət Məcəlləsinin ən yaxış halda Milli Məclisin yaz sessiyasında, yəni gələn ildə qəbul olunacaq. 

Halbuki, qiymətlərin tənzimlənməsi, inhisarçı qüvvələrə qarşı mübarizə baxımından bu sənəd xüsusi əhəmiyyət kəsb edir. Lakin nəjənsə parlamentdə bu qanunun qəbulu hələ də gecikir. 

Düzdür, cari ilin oktyabrında parlamentdə sözügedən sənədin ictimai müzakirəsi aparıldı. Xatırladaq ki, həmin vaxt Rəqabət Məcəlləsinin Azərbaycanda qəbuluna böyük ehtiyac olduğunu deyən müzakirə iştirakçıları bir sıra təkliflər irəli sürüblər. Qeyd olunub ki, Rəqabət Məcəlləsində hansısa şirkət bazarın 35 faizinə nəzarət etdiyi müəyyənləşərsə, bu  rəqabətin pozulması hesab olunur. O da qeyd olunub ki,  bu zaman təbii inhisar mütləq nərəzə alınmalıdır. Çünki 35 faizlik göstəricini bütün hallarda rəqabətin pozulması kimi qəbul  etmək olmaz. Hansısa sahibkar elə bir istehsalla məşğul ola bilər ki, həmin istehsalla heç kim məşğul olmur. Bu zaman həmin sahibkarın istehsal və yaxud idxal  etdiyi məhsulun bazarda çəkisinin yüksək olması təbiidir və bunun rəqabətin pozulması ilə  əlaqəsi yoxdur. 

Rəqabət Məcəlisi ilə bağlı  dünyada Avropa, Amerika və Yaponiya modelləri var. Bu modellərdə rəqabətin pozulmasına fərqli yanaşılır. Bələ ki, Amerikada əgər 1 şirkət bazarın 6 faizinə, 2 şirkət isə 15 faizinə nəzarət edirsə, bu artıq rəqabətin pozulması kimi qiymətləndirilir. Avropa da isə bu göstərtici 1 şirkət bazarın 25 faizinə, 2 şirkət isə 40 faizinə nəzarət etdikdə, Yaponiyada  bir şirkət bazarın 50,  2 şirkət isə 70 faizinə nəzarət etdikdə rəqabət pozulmuş hesab olunur.  Azərbaycanda isə bu göstərici 35 faiz nəzərdə tutulub. Azərbaycan üçün bu rəqəmin dəyişdirilməsini təklif edənlər də olub. 

 O da vurğulanıb ki, bir sıra hallarda bəzi iş adamları rəqabətin pozulmadığı halda belə qanundan digər sahibkara qarşı istifadə edə bilər. Bütün bunların nəzərə alınması üçün qanunvericiliyin dəqiqliklə işlənməsinin vacibliyi önə çəkilib. Süni qiymət artımının da rəqabətə təsir etdiyi diqqətə çatdırılıb. Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin payız sessiyasında 3-cü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulsa da hələ də bundan xəbər yoxdur. Ekspertlər bildirir ki, Rəqabət Məcəlləsi iqtisadi baxımdan vacib sənəddir. Çünki o, sağlam rəqabətin aparılması, sahibkarlığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Rəqabət Məcəlləsinin hazırlanmasında məqsəd iqtisadiyyatın səmərəli inkişafının təmin olunması, bazar münasibətləri əsasında azad sahibkarlığa əlverişli şəraitin yaradılmasını təmin etməkdir. 

 Bununla bağlı hazırlanmış qanunda inhisarçılığın və haqsız rəqabətin qarşısının alınması, istehlakçılara əmtəə seçmək şəraitinin yaradılması, istehlakçıların işgüzar fəaliyyətindən sui-istifadənin müdafiəsi, haqsız reklam metodlarının qarşısının alınması, milli sahibkarlara dünya bazarlarında iştirakda kömək edilməsi, xarici rəqabətin Azərbaycan daxilində yaratdığı rəqabətin rolunun artırılmasından ibarətdir. Burada icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının fəaliyyəti, təbii inhisar və maliyyə xidmətlərinin bazarda rəqabəti qoruması, sahibkarlıq fəaliyyəti və haqsız rəqabətin formaları, istehlakçı hüquqlarının müdafiəsi kimi məsələlər qanunda öz əksini tapıb. Lakin qəbulu Milli Məclisdə hələ də baş tutmayan məcəllə, həmçinin, ölkədə rəqabət mühitinin qorunması, inhisarçılığın qarşısının alınması, bazarda qiymətlərin aşağı salınması, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət etmək iqtidarındadır. 

 Xatırladaq ki, Rəqabət Məcəlləsini prezident Milli Məclisə hələ 2006-cı ildə təqdim edib. Üstəlik, bu layihə artıq 2 oxunuşdan keçib. Ekspertlər hesab edir ki, bu məcəllənin qəbulu ölkədə gedən iqtisadi proseslərə, aparılan islahatlara daha müsbət təsir göstərəcək. Çünki sənəddə bir çox məsələlərə aydınlıq gətirilir. Mütəxəssislər bildirir ki, bu gün qiymətlərin daha çox kənd təsərrüfatı istehsalı və emal sənayesi məhsulları, yəni süd və süd məhsulları, meyvə-tərəvəz, ət məhsulları arasında bahalaşdığı məlumdur. Ona görə də kənd təsərrüfatında rəqabətli bazar sistemi yaradılmalıdır. Ümumiyyətlə, bahalaşmanın qarşısını almaq üçün iqtisadiyyatda rəqabəti dövlət dəstəkləməlidir. Rəqabətin dəstəklənməsində dövlətin əsas funksiyası ondan ibarətdir ki, istehsalçılar, eyni zamanda idxalçılar və xidmət göstərənlər üçün eyni şərtlərlə bərabər fəaliyyət şəraiti yaradılmalıdır. 

Lakin ekspertlərin fikrincə, ilk növbədə qəbul ediləcək Rəqabət Məcəlləsinin icra mexanizminin müəyyənləşdirilməsinə və ciddi nəzarətin həyata keçirilməsinə ehtiyac var. Çünki bu qanunvericilik aktının qəbul edilməsi ilə yanaşı, eyni zamanda icra mexanizminin gücləndirilməsi vacibdir. Rəqabət Məcəlləsi məhz bazarda "oyun"çular arasında münasibətləri tənzimləyən bir akt olacaq. Bu qanun eyni zamanda inhisarçılığa qarşı mübarizə aktı kimi qəbul olunmalıdır. Çünki Rəqabət Məcəlləsinin qəbul olunması birmənalı şəkildə müvafiq dövlət orqanına imkan verəcək ki, bazarın hər hansı sektorunda müşahidə edilən inhisara qarşı mübarizə apara bilsin. Bu da bazarda birmənalı şəkildə inhisarçılıq mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Yalnız inhisarçılığın zəifləməsi deyil, eyni zamanda şirkətlərin rəqabətli mühitdə fəaliyyət göstərməsi və  onların böyüməsinə səbəb olacaq. Rəqabət Məcəlləsi biznes mühitinin sağlamlaşdırılması, şirkətlərin inkişafı üçün yeni imkanların yaradılması, bazarda monopoliyaya qarşı mübarizənin gücləndirilməsi, həmçinin ölkə iqtisadiyyatında rəqabətin müdafiəsi ilə bağlı yeni metod və vasitələrin tətbiq edilməsi baxımdan əhəmiyyətlidir. Sadəcə, qalır bu sənədi qəbul edib icraya yönləndirmək.

Sizin Reklam Yeriniz