Əlaqə Arxiv
news Image
2012.12.18
12:17
| A A A
Bina mənzillərində edilən dəyişikliklərin yaratdığı fəsadlar
Əliməmməd Nuriyev: “Hətta binaların daxili hissələrində müəyyən dəyişiklik edəndə belə dövlət oranları ilə razılaşdırma aparılmalıdır” Zemfira Budaqova: “Əgər bina sökülməyəcəksə, dözümlülüyündən istifadə edərək bütün köhnə binalara yeni görkəm verilməlidir”

Hazırda ölkəmizdə çox təsadüf olunan hallardan biri də vətəndaşların yaşadıqları bina evlərinə əlavə dəyişikliyin edilməsidir. Belə ki, yaşayış sahəsinin kiçikliyini səbəb gətirərək çox vaxt vətəndaşlar əlavə eyvanlar artırırlar. Təbii ki, edilmiş bu əlavələr həm binanın xarici gönüşünə xələl gətirir, həm də həmin binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır. Elə qanunvericilikdə müvafiq məcəllələrdə də binalara edilmiş belə dəyişikliklər qanunsuz hesab olunur. Ancaq zəruri və razılıq əsasında bunları etməyə icazə verilir.

Ukraynada vətəndaşları belə əməllərdən yayındırmaq üçün artıq Mənzil Məcəlləsində müəyyən sərtləşdirmənin edilməsi nəzərdə tutulur. Yəni, ümumi istifadəyə verilmiş binada vətəndaşlardan hansısa biri binada icazəsiz əlavə dəyişiklik edərsə, böyük miqdarda cərimə ödəməli olacaq. Ekspertlər ölkəmizdə də bu praktika ilə yanaşı, digər qabaqlayıcı tədbirlər görülməsini təklif edirlər. Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, bütün qanunvericilik aktları əlavə tikililərin aparılmasını qadağan edir: "Yalnız müvafiq orqanlarla razılşma əldə olunmaqla yeni tikili həyata keçirmək, xarici görünüşdə dəyişiklik etmək olar. Bu da ümumi baş plana uyğundursa və yaxud da memarlıq qaydalarına zidd deyilsə, həyata keçirilir. Hətta binaların daxili hissələrində müəyyən dəyişiklik edəndə belə dövlət oranları ilə razılaşdırma aparılmalıdır. Edilmiş dəyişiklik də binanı xarici görnüşünə ziyan, onu təhlükəli vəziyyətə gətirmirsə, bu hallarda razılıq vermək mümkündür. Digər bütün hallarda isə qadağandır".

Hüquqşünas bildirdi ki, hazırda bizdə bu istiqamətdə nəzərdə tutulan cərimələrin miqdarı aşağıdır: "Ona görə də bir sıra hallarda bina sakinləri mənzillərində, eyvanlaırnda əlavə və dəyişikliklər edirlər. Bəzən isə bunlar yerli icra strukturlarının susmağı ilə baş verir. Yəni, onların razılıq sənədləri də olur. Ancaq bu hərəkətlərin qarşısının alınmasına ciddi surətdə diqqət yetirilməlidir. Çünki, bir sıra fövqəladə hallarda artırılmış eyvanlar, çox ciddi problem yaradır. Bu zaman binanın həyətinə daxil olmaq mümkün olmur. Ona görə də razılıq olmalı və cərimələrin miqdarı artırılmalıdır".

Əliməmməd Nuriyev qeyd edir ki, əvvəllər tikilən binalarda ümumi yaşayış üçün lazım olmayan elementlərdən istifadə olunurdu: "Mənzillər kiçik və dar tikilirdi. Amma indi tikilən binalar kifayət qədər genişdir. Həm də sakinlər ev almaq üçün bina seçimində sərbəstdir. Ona görə də indi tikilən binaların əksəriyyətində hansısa əlavələr yoxdur. Yəni, əlavə eyvanların artırılması, mənzil darısqallığı ilə bağlı olan məsələlərdən irəli gəlirdi.

İndiki halda bunlar müəyyən təhlükələrə də gətirib çıxara bilər. Odur ki, dərhal belə tikililərin aparılmasının qarşısı alınmalıdır. Həm də həmin eyvanların artırılması ilə bağlı bir çox orqanların razılığı lazımdır. "İcraat haqqında" qanuna görə, dövlət orqanı tərəfindən razılaşma olubsa, o, legitim xarakter daşıyır. Belə olan hallarda vətəndaş və hüquqi şəxslərə dəyən ziyan dövlət orqanları tərəfindən ödənilməlidir. Ona görə də yerli cavabdeh qurumların da məsuliyyətini artırmaq lazımdır. Sanksiyalar təkcə vətəndaşlara münasibətdə olmamalıdır. Eyni zamanda bu hərəkətlərə icazə vermiş şəxslərə münasibətdə də inzibati və cinayət məsuliyyəti yaradan normalar yaradılmalıdır".

Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova isə daha fərqli təklif irəli sürür. O, bildirdi ki, yeni tikilmiş çoxmərtəbəli binalarda dəyişikliklər etmək mümkün deyil: "Çünki, onlar həddindən artıq hündürdülər. Ancaq azmərtəbəli binalarda bunu etmək mümkündür. Bunun niyəsi də var. Vaxtı ilə yeni ailələr iş yerindən ev növbəsinə dayanaraq ev alırdısa, indi isə mənzil almaq problemə çevrilib. Ona görə də bu insanlar evlərini genişləndirmək üçün eyvan artırırlar və yaxud da dayaqlarla otaqlar əlavə edirlər. Bundan çıxış yolu kimi onu etmək olar ki, keçmişdə tikilmiş binaların landşafının sökülməsi labüd deyilsə, həmin binaların sakinləri müraciət edərək, evlərinin qarşısında olan boş sahələrdən istifadə edərək mənzillərini genişləndirə bilərlər və bu zaman bütün binanın fasadlarını yaxşılaşdıraraq otaqlar əlavə etmək olar. Həm də onsuz keçmişdə tikilən binaların xarici görkəmləri pisdir. Bu gün bəzi küçələrdə genişlənmə, abadlaşma işləri gedir. Həmin küçələrdə olan binaların xarici görünüşündə dəyişiliklər çox edirlər. Küçələrdə edilmiş həmin dəyişikliyə uyğun köhnə binalara dayaqlar, fundament qoyaraq əlavələr edilir. Əlbəttə ki, xarici görkəmi saxlamaq şərti ilə müraciət edib, ümumi binaya baxış etmək lazımdır. Əgər bina sökülməyəcəksə, dözümlülüyündən istifadə edərək bütün köhnə binalara yeni görkəm verilməlidir".

Sizin Reklam Yeriniz