Movqe.Az xəbər verir ki, bu gün
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və "Dialoq
Avrasiya Platformu"nun Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsü
ilə jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi ilə bağlı
mərasim keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki,
hələ keçmiş SSRİ mövcudiyyətini saxladığı dövrdə Azərbaycanda
müstəqil mətbuat ənənələrinin əsası qoyulmuşdu və bu proses tarixi
zərurətdən irəli gəlmişdi. Lakin hər bir zərurətin həyata vəsiqə
almasını təmin edən şəxsiyyətlər var. "Bu gün 60 yaşının işığına
toplaşdığımız Məzahir Süleymanzadə də onlardan biridir. Məzahir
müəllim o zamankı "Kommunist" qəzetində çalışarkən 1989-cu ildə
nəşrin "Səhər" adlı əlavəsini buraxdı. Tədricən onu müstəqil mətbu
orqana çevirdi. "Səhər" Azərbaycanın informasiya blokadasına
düşdüyü şəraitdə dünyaya həqiqətlərimizi çatdıran tribunaya
çevrildi. Tirajı bütün dövrlər üçün rekord rəqəmə - 2 milyona
çatmış qəzetin səhifələrində üzləşdiyimiz bəlalar - 20 Yanvar
faciəsi, sonra isə Xocalı soyqırımı təm təfərrüratı ilə işıqlandı.
Əhali məhz "Səhər"ə özlərinin informasiya tələbatını ödəyən mətbu
vasitə kimi yanaşdılar. O dövrün reallıqlarını göz önünə gətirsək,
bu, olduqca çətin bir iş idi. Eyni zamanda Məzahir müəllimin həyata
keçirdikləri vətənə, torpağa, doğma yurda xidmət nümunəsiydi. Bütün
bunlara görə Azərbaycan Mətbuat Şurası və "Dialoq Avrasiya
Platformu" Məzahir Süleymanzadəni "Həqiqətə xidmətlərinə görə"
mükafatı ilə təltif etmək qərarına gəlib", - deyən MŞ sədri
mükafatı yubilyara təqdim edib.
"Dialoq Avrasiya Platformu"nun Azərbaycan Nümayəndəliyinin
rəhbəri Mustafa Saatçı xalqın və millətin üzləşdiyi faciəvi
durumlarla bağlı həqiqətləri açıqlamağın və yaymağın ağırlığından
söz açaraq M.Süleymanzadənin bu mənada böyük xidmətlər göstərdiyini
vurğulayıb. Belə bir şəxsin əməyinin qiymətləndirilməsinin
vacibliyinə ümumən cəmiyyətin maraqlarının təminatı baxımından izah
verib.
AFFA-nın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl
Nərimanoğlu və Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi
Şahin Babayev yubilyara təbriklərini çatdıraraq ona təmsil
olunduqları qurumların fəxri diplom və mükafatlarını təqdim
ediblər. M.Nərimanoğlu eyni zamanda jurnalistə futbol üzrə
Azərbaycan milli komandasının 60 nömrəli geyimini hədiyyə verib.
Tədbirdə M.Süleymanzadənin hazırda çalışdığı Bakı Futbol
Federasiyası rəhbərliyinin təbrik məktubu da oxunub.
"Neftçi" futbol klubunun vitse-prezidenti Tahir Süleymanov və
Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının
prezidenti İsgəndər Cavadov çıxışlarında M.Süleymanzadənin
ölkəmizdə idman jurnalistikasının inkişafındakı müstəsna əməyinin
ayrı-ayrı epizodik məqamlarından söhbət açıblar. Onun xüsusən də
Azərbaycan futbolu ilə bağlı qələmə aldığı fikirlərin ölkədə
idmanın bu növünün təbliğindəki mühüm cəhətlərinə toxunublar.
Yubilyarı idman sahəsinin bilicisi kimi qiymətləndirən Azərbaycan
Respublikasının Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan
"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev ona
təmsil olunduğu qurumun xatirə hədiyyəsini təqdim edib.
Tədbirdə çıxış edənlərdən "Ədalət" qəzetinin baş redaktoru İradə
Tuncay, M.Süleymanzənin vaxtilə "Səhər" qəzetində birgə çalışdığı
jurnalist Hidayət Elvüsal, həmçinin "Addım" qəzetinin baş redaktoru
Anar Vəziroğlu, yubilyarın uşaqlıq dostu, respublikanın əməkdar
incəsənət xadimi Ziyadxan Əliyev və başqaları onu gözəl və qayğıkeş
dost, ailə başçısı, səmimi insan, yaxşı təşkilatçı olaraq
canlandıran keyfiyyətlərindən söz açıblar.
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar
Rəhimzadə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin
əvvəllərindən başlayaraq parlaq yaradıcılıq nümunəsi kimi ad
çıxarmış "Səhər" qəzetində fəaliyyət göstərdiyi dövrlərə diqqət
çəkib. M.Süleymanzadənin hadisə və prosesləri son dərəcə mükəmməl,
ən əsası isə sadə dildə çatdırmaq bacarığından danışıb, bildirib
ki, mövcud dəsti-xətt heç də hər jurnalistə nəsib olan yaradıcılıq
keyfiyyəti deyil.
MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq
Abbas ən ağır dövrlərdə milləti və xalqı üçün çalışan
M.Süleymanzadə kimi cəfakeş qələm sahibinin həyat və
yaradıcılığının öyrənilməsinin vacibliyini vurğulayıb.
Sonda çıxış edən M.Süleymanzadə mərasim iştirakçılarına təşəkkürünü
bildirib, yubiley təbrikini çatdıran hər bir şəxsin onda xoş və
səmimi duyğular yaratdığından bəhs edib.
Qeyd edək ki, M.Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda
anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi
bitirib.
Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq
Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin
Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi
Məktəbinin jurnalistika fakultəsini bitirib.
1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika
fakultəsində təhsil alıb. Müxtəlif illərdə "Leninskoe znamya",
"Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetski voin"
jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib
və redaktor müavini vəzifələrini tutub.
1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə
Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin
il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan
"Səhər" qəzetini təsis edib.
Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı
kitablar müəllifidir. Jurnalist 2005-ci ildə Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi"
fəxri adına layiq görülüb.