Əlaqə Arxiv
news Image
2012.12.20
18:44
| A A A
Məhkəmələrin internet saylarının mnonitorinqi aparılıb

Movqe.Az xəbər verir ki, Media Hüququ İnstitutu (MHİ) 2012-ci ilin sentyabr - dekabr aylarında Azərbaycanın məhkəmə sisteminə daxil olan bütün məhkəmələrin saytlarını monitorinq edib. Qurum bu gün monitorinqin nəticələri əsasında hazırladığı "Məhkəmələrin ONLAYN ŞƏFFAFLIQ Hesabatı"nı açıqlayıb.

Hesabatın müəlliflərindən Xalid Ağaliyev bildirib ki, araşdırma çərçivəsində Azərbaycan Respublikasının məhkəmə sistemini təşkil edən 110 məhkəmənin internet resursu monitorinq edilib. X.Ağaliyev monitorinqin bir neçə mərhələdə aparıldığını bildirib. "İnformasiya əldə etmək haqqında" qanun, informasiya açıqlığı təsbit olunan digər normativ aktlarda məhkəmələrin saytlara yerləşdirməli olduqları bilgilər haqqında göstərişlər var. Ümumilikdə, bir məhkəmə öz saytına hansı bilgiləri yerləşdirməlidir? Təəssüf ki, bu suala cavab verən vahid forma, qaydalar yoxdur" - deyən X.Ağaliyev bildirib monitorinq zamanı istifadə olunan parametrlər yerli qanunvericilik və beynəlxalq praktika, o cümlədən, Rusiya, Türkiyə və Litva təcrübəsi öyrənilərək tərtib olunub. İlkin mərhələdə saytlara daxil edilməli olan 300-dək informasiya növü müəyyən edilib. Sonrakı mərhələdə həmin bilgilərin içindən açıqlanması mübahisə doğurmayan 77 informasiya növü seçilib. Monitorinq zamanı məhz həmin 77 növ informasiyanın saytlara daxil edilib-edilmədiyi araşdırılıb. Həmin informasiyalar "Məhkəmə heyəti haqqında bilgilər", "Məhkəmə strukturu, aparatı, hakim olmayan heyət bilgiləri", "İnformasiya xidməti", "Hesabatlılıq", "Vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması ilə bağlı izahedici bilgilər" bölümləri üzrə təsnifləndirilib.

Monitorinqin növbəti mərhələsində saytlar seçilib. Müəyyən edilib ki, yuxarı pillədə duran saytların internet saytları fəaliyyət göstərir. Digər məhkəmələrin saytları isə Məhkəmə-Hüquq Şurasının yaratdığı Məhkəmə Siteminin Portalı daxilindədir. Yuxarı pillədə duran məhkəmələrin saytları ayrılıqda, digər məhkəmələrin saytları isə Məhkəmə Siteminin Portalı çərçivəsində monitorinq edilib.

X.Ağaliyevin bildirdiyinə görə, saytlara daxil edilən bilgilərin əsas yükü məhkəmə heyəti haqqında bilgilərə aiddir. Ancaq məhkəmə heyətinin gəlirləri, mülkiyyət öhdəlikləri bilgilərə heç bir saytda rast gəlinməyib. Məhkəmə aparatının strukturu, katiblər, hakim köməkçiləri, aparatla əlaqə, kollegiyalar, hakim olmayan heyətin gəlirləri, hakim heyətini həvəsləndirmə, tənbehetmə tədbirləri haqqında bilgilər də qapalı tutulur. Bir neçə saytda (Bakı Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Şəki Apellyasiya Məhkəməsi) hakimlərin həvəsləndirilməsi (təltif) tədbirləri barədə bilgilər daxil edilib. Ancaq tənbeh tədbirləri haqqında statistik bilgilər belə heç bir saytda açıqlanmayıb.

Vətəndaşlar üçün publik bilgi xidmətinin göstərilməsi hər bir dövlət qurumu kimi məhkəmələrin də qanuni vəzifəsidir. Ancaq X. Ağaliyevin bildirdiyinə görə, Azərbaycan məhkəmə sisteminə daxil olan heç bir məhkəmə belə xidməti təşkil etməyib. "Yuxarı pillədə duran məhkəmələrin (Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, apellyasiya məhkəmələri) onlayn müraciət, ərizə, müraciət xidmətləri var. İnformasiya sorğusu göndərilməsini nəzərdə tutan birbaşa xidmətlərsə mövcud deyil. Müqayisə olunan Türkiyə, Rusiya təcrübəsində sorğu imkanından yararlanmaq üçün 2 klik kifayət edir". Məhkəmələrin hesabatlılığı ciddi axsayır. Monitorinqin nəticələrinə görə, Naxçivan Ali Məhkəməsinin saytı istisna olmaqla heç bir məhkəmə illik fəaliyyət hesabatını sayta daxil etməyib. Monitorinq edilən heç bir sayta məhkəmələrin xərclər smetası, büdcəsi, onların xərclənməsi barədə bilgilər daxil edilməyib. Saytlarda vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması ilə bağlı izahedici bilgilərə də rast gəlinmir.

"Məhkəmələrin ONLAYN ŞƏFFAFLIQ Hesabatı"na görə, məhkəmələr içərisində ən şəffafı Şəki Appelyasiya Məhkəməsi (36,43%), Bakı Apellyasiya Məhkəməsi (36,08%), Sumqayıt Appelyasiya Məhkəməsi (26,02%), Ali Məhkəmə (35,97%) və Konstitusiya Məhkəməsidir (35,65%). Siyahıda sonuncu yerləri isə Naxçıvan Ali Məhkəməsi, Cəbrayıl rayon Məhkəməsi və Naxçıvan Ağır Cinayətlər Məhkəməsi tutur.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı isə deyib ki, bu hesabat MHİ-nin 2005-ci ildən başlayaraq Bilgi Azadlığı sahəsində apardığı araşdırma, monitorinq, tövsiyyələr hazırlanması, ictimai mənafelərin müdafiəsi və maarifləndirmə işinin bir parçasıdır. "Dövlət qurumlarının saytları kimi, məhkəmələrin də saytları şəffaf olmaldırı. Xüsusi ilə də məhkəmə qərarları səhifədə yerləşdirilməlidir. Məhkəmələrin saytının şəffaflığı məhkəməyə olan inamın da artmasına səbəb olar". Rəşid Hacılı elektron hükumət təşəbüsünün davamlı gündəmdə olduğu bir vaxtda məhkəmələrin şəffaflığının 30% civarında olmasının çox pis göstərici olduğunu bildirib.

Sizin Reklam Yeriniz