Əlaqə Arxiv
news Image
2012.12.23
11:57
| A A A
Məlumat bazası avtobus sürücüləri ilə bağlı problemə son qoyacaq

Seymur Yunusov: "Elektron baza elə formalaşdırılmalıdır ki, ictimai nəqliyyatdakı sürücülük, hörmətli peşəyə çevrilsin"

Natiq Ələkbərov: "Məlumat bazası yaradılarsa, işdən qovulan avtobus sürücüləri başqa ərazi üzrə marşrutda işləyə bilməyəcəklər"

Məlumdur ki, ötən il Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda çalışan sürücülərin peşəkarlığının artırılması üçün sürücülər üzrə məlumat bazasının yaradılacağını açıqlamışdı.

Bildirilirdi ki, sözügedən bazada ictimai nəqliyyatda çalışan sürücülərin əmək fəaliyyəti tam olaraq qeyd olunacaq.  Bundan sonra isə bir dəfə işdən uzaqlaşdırılan sürücü, başqa marşrutda və ya ərazidə işə düzələ bilməyəcək. O da bildirilirdi ki, qüsursuz işləyən, sərnişinlə etik davranan, onlara hörmətlə yanaşan, yol hərəkəti qaydalarına əməl edən sürücülər isə xüsusi proqramlar vasitəsilə əlavə təkmilləşdirmə kurslarına cəlb olunacaqlar. Amma hələlik qeyd edilən istiqamətlərdə hansı addımların atılması məlum deyil. Onu da xatırladaq ki, oxşar sistem "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) artıq tətbiq olunur. Ekspert iəs avtobus qəzalarının sayının artması fonunda bu gün üçün həmin bazanın yaradılmasının zəruriliyini vurğulayırlar.

Nəqliyyat üzrə ekspert Seymur Yunisov bildirir ki, o bazaya maşurut sistemində işləmək istəyən insanların adları daxil ediləcək: "Özəl şirkətlər sürücü cəlb etdikdə onun adının bazada olub - olmamasına, onun iş fəaliyyətinə diqqət yetirəcəklər ki, görsünlər həmin insan işində hansı səhvlərə yol verib. Həm də sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyata üz tutan insanların qarşısı alınacaq. Bundan başqa insan var ki, 10 ilin sürücüsüdür, amma bu vərdişlərə yiyələnməyib. Bu baxımdan avtobus sürücülərinin tarixinin necə olduğu aydın olacaq. Ona görə də onun  formalaşdırılması çox vacib məsələlərdən biridir. Hətta elektron baza elə formalaşdırılmalıdır ki, ictimai nəqliyyatdakı sürücülük, hörmətli peşəyə çevrilsin. Yəni, burada dərəcələr olmalıdır. Məsələn, birinci, ikinci dərəcəli sürücü, ali avtobus sürücüsü olmalıdır. Yəni, sürücülər ali avtobus sürücülük rütbəsini almaq üçün hədsiz əmək sərf etməlidirlər. Hansısa səhvə yol verən sürücünün də qazandığı rütbə əlindən alınmalıdır. Yəni, sürücülüyün ciddi, çox hörmətli peşə olmasına şərait yaradılmalıdır. Çünki, ictimai nəqliyyatda sürücülük, birbaşa əhalinin həyatı təhlükəsizliyi ilə bağlıdır. Ona görə də bu işlərə biganə yanaşmaq olmaz. İlk növbədə də bu dərəcələri tətbiq etməzdən əvvəl maaş sisteminə keçirilməlidir. Amma hazırda şirkətlər maaş sisteminə keçiddən qorxurlar. Bu gün sahibkar hər bir sürücüdən  gündəlik hesab tələb edir. Sürücülər də dayanacaqdan kənar saxlamaqla və digər üsullardan istifadə edib həmin vəsaiti qazanmağa çalışırlar. Düzdür, ilkin mərhələdə sahibkarlar müəyyən qədər uduzacaqlar. Amma sonradan əhalidə də belə vərdiş formalaşacaq ki, avtobuslar yalnız dayanacaqda dayanır. Bu da yalnız o halda ola bilər ki, sürücünün harada gəldi sərnişin götürməkdə marağı olmasın. Maaş sisteminə keçid bu problemi həll edə bilər. Bundan başqa ictimai nəqliyyatda xidmətin keyfiyyətini artırmaq üçün gün ərzində 2 növbəli sistem olmalıdır. Onlar şəhər nəqliyyatı ilə bağlı ən son kurslara göndərilməlidir".

Ekspertin sözlərinə görə, ümumiyyətlə, ictimai nəqliyyatla bağlı 2 yol var: "O, ya özəl sektor, ya da dövlət nəzdində olmalıdır.  Nəqliyyatın özəl sektorda olması çox az dövlətlərdədir. Amma çox dövlətlərdə bu, dövlətin mülkiyyətində qalır. Bizdə özəl sektordadır. Dünya təcrübəsi göstərir ki, nəqliyyat özəl sektora verildikdə onun qiyməti qalxır. Bu səbəbdən də bunu özəl sektora vermirlər. Əgər bizdə özəl sektor seçilibsə, bunu 20 qəpiklə sıxıb saxlamaq olmaz. Ona görə də bütün problemlərin əsas səbəbi 20 qəpik məsələsinə gəlib çıxır. Nəticəsində də sahibkarlar az qazanır və sürücülərini kursa göndərə bilmirlər. Bununla da ucuz işçi qüvvəsi çalışdırırlar".

"Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərov isə bildirir ki, məlumat bazası sürücülərin hərəkətinə nəzarət xarakteri daşıyır:      "Ümumiyyətlə, sərnişindaşımada sabit sürücü kontingentinin formalaşması problemlidir. Amma bu bazanın yaradılması həmin problemi həll etmiş olmayacaq. Çünki, ilk növbədə sürücülərin işlədiyi müəssisələrin özündə bu məsələyə ciddi yanaşılmalıdır. Sürücülərin məlumat bazası yaradılandan sonra yaxşı olardı ki, onların peşə hazırlığı məsələsi həllini tapsın. Çünki, bu gün sərnişindaşımada həddindən artıq qeyri - peşəkar sürücülər çalışır. Onlar da qəzalara səbəb olurlar, həm sərnişinlərə davranışlarında, həm də nəqliyyat vasitələrinin idarəçiliyində aşağı xidmət göstərilər. Bu gün bir marşrutdan qovulan sabah heç bir problemsiz başqa marşrutda işləyə bilir. Məlumat bazası yaradılarsa, işdən qovulan avtobus sürücüləri başqa ərazi üzrə marşrutda işləyə bilməyəcəklər. Bu da digər sürücülərə nümunə olar. Yaxşı olar ki, məlumat bazasında bütün bunlar nəzərə alınsın. Yəni sürücü işə götürülərkən onun xarakteri yazılsın. Bundan başqa o,  iş yerini dəyişdikdə bunu nə üçün etdiyi barədə də məlumatlar qeyd olunmalıdır. Həmçinin nümunəvi sürücülər mükafatlandırılmalıdır".

Ekspert sürücülər üçün təşkil olunacaq təkmilləşdirmə kurslarına da münasibət bildirdi: "Əgər həmin kursları praktiki olaraq icra edəcəklərsə, bunu müsbət qiymətləndirmək olar. Çünki, sərnişindaşıyan sürücülərin peşəkarlığı artırılması vacib məsələlərdən biridir. Həm də təkcə, həmin kurslarla yox, praktiki olaraq ən azından təcrübəli sürücülərin yanında təcrübəsi az olan sürücülər təlim keçməlidir. Yəni, sürücünün köməkçisi olmalıdır".

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz