Əlaqə Arxiv
news Image
2012.12.29
16:58
| A A A
“Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda “dəyirmi masa” keçirilib

Bu gün Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda "dəyirmi masa" keçirilib.

Azərbaycan Mətbuat Şurasında baş tutmuş tədbiri giriş sözü ilə açan ZMM sədri Rəhim Hüseynzadə bildirib ki, toplantı rəhbərlik etdiyi qurumun "KredAqro" Bank Olmayan Kredit Təşkilatı ilə birgə reallaşdırdığı eyni adlı layihə çərçivəsində baş tutan yekun "dəyirmi masa"dır.

R.Hüseynzadə layihə barədə məlumat verərkən bildirib ki, ZMM-in 9 ay əvvələdək 30 kütləvi informasiya vasitəsində apardığı monitorinqlər KİV-lərdə bu mövzunun işıqlandırılması sahəsində vəziyyətin heç də qənaətbəxş olmadığını göstərirdi. Onların 2012-ci ilin ilk 3 ayında təqdim etdikləri sahələr üzrə materialların yalnız 0.6 faizi həmin mövzu ilə bağlı idi. Buradan da belə bir nəticə hasil olurdu ki, media təmsilçilərimiz ölkə oxucusunun sahə üzrə peşəkar yazılara olan ehtiyaclarının ödənilməsinə istiqamətləndirməlidir: "Beləliklə, layihəni həyata keçirməyi qərarlaşdırdıq. "KredAqro" Bank Olmayan Kredit Təşkilatının rəhbərliyi layihənin gerçəkləşdirilməsində bizim tərəfdaşımız oldu. İndi isə monitorinqin 9 aylıq yekunlarını açıqlayacağıq. Rəqəmlərin özü məntiqi nəticəyə gəlməyə kömək edəcək".

ZMM sədri layihənin 3 istiqamətdə aparıldığını vurğulayıb. Ölkənin 24 aparıcı qəzetinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqi aparılıb, monitorinqin nəticələri ilə ölkə KİV-ləri, aidi qurumlar məlumatlandırılıb, sahədən yazan jurnalistlərin və mütəxəssislərin iştirakı ilə "dəyirmi masa"lar keçirilib.

31 KİV-də aparılan monitpriqn müəyyənləşdirib ki, bank-kredit məsələləri üzrə materiallarda "Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları"nın prinsip və bəndlərinin tələblərinə cəmi 8 dəfə etinasız yanaşılıb. Bunun da 6-sı layihənin ilk 4 ayına təsadüf edir. Digər 2-si isə son 5 ayda qeydə alınıb. Deməli, maarifləndirmə nəticəsində media - bank-kredit - ictimaiyyət üçlüyü arasında anlaşma mühiti tənzimlənməkdədir.

9 ayda monitorinqi aparılan qəzetlərdə sahə ilə bağlı 1870, informasiya agentliklərində 2244, cəmi 4114 material verilib. Layihənin ilk ayında bu rəqəm qəzetlərdə 118-ə, informasiya agentliklərində 82-yə, cəmi 200-ə bərabər idi. Müqayisə üçün deyək ki, dekabrın 25 günündə qəzetlərdə 292, İA-larda 375 material təqdim olunub. Fərq 3 dəfədən çoxdur. Ümumiyyətlə, artım tempi müşahidə olunub. Yalnız sentyabrda eniş nəzərə çarpıb (190-189) ki, sonrakı aylarda ənənə bərpa edilib. Diqqəti çəkən cəhətlərdən biri informasiya agentliklərinin apreldən sonra qəzetləri üstələməsidir.

Ümumilikdə qəzetlərə gəldikdə ən çox material təqdim edən "Ekspress" (199), "Bakı xəbər" (188), "Mövqe" (154) ilk üçlüyü bölüşdürür. "Üç nöqtə" (122), "Zerkalo" (102), "Azərbaycan" (95), "Bizim yol" (92), "525-ci qəzet" (86), "Xalq Cəbhəsi" (80), "Yeni Müsavat" (71) qəzetləri isə təqdim olunmuş bu istiqamətli materialların sayına görə sonrakı yerləri tuturlar. İnformasiya agentliklərində birincilik "Trend"ə məxsusdur (653), "APA"da bu göstərici 555, "Milli.az"da 486, "Salamnyus"da 273, "Azadinform"da 143-dür.

"Ekspress" qəzeti təqdim etdiyi informasiyaların sayına görə də öndədir - 180 material. "Bakı xəbər" 9 ayda 157, "Mövqe" qəzeti 135 informasiya ilə 2-ci - 3-cü yerləri tuturlar. "Üç nöqtə" (117), "Zerkalo" (96), "525-ci qəzet" (85), "Bizim yol" (83), "Xalq Cəbhəsi" (75) qəzetləri də informasiya təqdimatına üstünlük veriblər.

İnformasiya agentliklərində cəmi 3 analitik yazıya rast gəlmişik ki, bu da ciddi düşünməyə əsas verir. Həmin yazılar "APA"ya (2), "SİA"ya (1) məxsusdur.

Lakin etiraf etməliyik ki, bu gün KİV-lərimiz elmi-maarifləndirici yazılar sarıdan korluq çəkməkdədirlər. 9 ayda qəzetlərdə cəmi 14 belə yazı verilib. İnformasiya agentliklərində isə bir nümunəyə belə rast gəlməmişik. "Dəyirmi masa"mızda iqtisadçı alimlərin və ekspertlərin iştirak etdiklərini nəzərə alaraq mən üzümü onlara tutaraq bu boşluğun aradan qaldırılmasına kömək göstərmələrini istərdim. Maarifləndirici yazılar "Xalq qəzeti"ndə (4), "Azərbaycan", "Zerkalo"da (hər biri 2), "525-ci qəzet", "Kaspi", "Şərq" və "Olaylar" qəzetlərində gedib.

Zərdabi Mətbuat Mərkəzi onlara, eləcə də adları çəkilməyən bütün həmkarlarımıza minnətdarlığını bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayır. Qeyd edək ki, layihənin 2013-cü ildə davam etdiriləcək növbəti mərhələsində jurnalist yaradıcılığının stimullaşdırılması üçün müsabiqələrin, treninqlərin təşkili nəzərdə tutulur.

"Dəyirmi masa"eda çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı bank-kredit sahəsinin mediada işıqlandırılmasını, bu sahəyə diqqətin cəlb edilməsini vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib. Bu mənada ZMM-lə "KredAqro" Bank Olmayan Kredit Təşkilatının əməkdaşlığının vacibliyinə toxunub.

"KredAqro" BOKT-nin departament rəhbəri Zaur Əliyev təmsil olunduğu qurumun iş prinsiplərindən ətraflı bəhs edərək vurğulayıb ki, kredit təşkilatı fəaliyyətini media ilə əlaqələrə böyük önəm verərək qurur. Çalışır ki, mövcud sahədə qarşılıqlı inam və etimad mühitinin möhkəmlənməsinə öz töhfələrini versin. ZMM-lə birgə gerçəkləşdirilmiş layihəyə gəldikdə isə Z.Əliyev bu təşəbbüsün gələcəkdə də davamlı olacağını diqqətə çatdırıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mövcud istiqamətdəki fəaliyyətin tənzimlənməsinə yönələn bütün maraqlı tərəflərin birgə əməkdaşlığının vacibliyini önə çəkib. O bildirib ki, banklar özləri də informasiyalarının cəmiyyətə çatdırılmasına ciddi səy göstərməli, mövcud marketinq və menecment imkanlarının dəyərləndirilməsində medianın daha səmərəli fəaliyyətinə kömək göstərməlidirlər. Ən əsası isə jurnalistlərin kredit təşkilatlarından kredit götürmələri sahəsindəki vəziyyət dəyişməlidir ki, bu da yalnız qarşılıqlı əməkdaşlıq sayəsində mümkündür. V.Rəhimzadə habelə sıravi KİV təmsilçilərinin yaradıcılıqlarını məhz bank-maliyyə məsələlərinə yönləndirməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyacın duyulduğunu da vurğulayıb.

"Təfəkkür" Universitetinin jurnalistika fakultəsinin professoru, jurnalist Tofiq Yusif media ilə bank sisteminin qarşılıqlı əməkdaşlığının şəffaflığın təmin edilməsi baxımından zəruriliyinə aydınlıq gətirib. O, "elə fəaliyyət göstərmək lazımdır ki, media da bank sistemi ilə bağlı məlumatların etibarlı daşıyıcısı rolunda çıxış etsin" deyib.

"Dəmirbank"ın departament rəhbəri Anar Hüseynov təmsil olunduğu qurumun media ilə işlə bağlı təcrübəsindən söhbət açaraq ümumən bank-kredit işində əsas məqamın inam və etimad olduğuna diqqət yönəldib. Bank nümayəndəsinin sözlərinə görə, etimad mühitini daha da dərinləşdirmək üçün jurnalistlərin sahə üzrə ixtisaslaşmalarına ehtiyac duyulur. Bu prosesin təşkili də qarşılıqlı əməkdaşlığın vacib predmetinə çevrilməlidir.

Eyni fikri bölüşən "Bank Respublika"nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Ramil Bayramov çıxışında həmçinin müasir dövrdə bütün sahələrin, o cümlədən bank sektorunun da media ilə işləməsinə, öz fəaliyyətinin ayrı-ayrı sahələrinə dair məlumatları müxtəlif sosial şəbəkələrə daşımasına konkret rentabellik meyarları baxımından izah verib.

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "İqtisadiyyat" qəzetinin baş redaktoru Aytən Səmədzadə, "FİNCA Azərbaycan" Baqk Olmayan Kredit Təşkilatının ictimaiyyətlə əlaqədər departamentinin əməkdaşı Nərgiz İbrahimova, "Paralel" qəzetinin redaktoru Akif Nəsirli və başqaları çıxışlarında KİV-lərin bank sektorunda qarşılaşdıqları ayrı-ayrı çətinliklərdən, o cümlədən mövcud sahədə ümumən nəzərə çarpan tendensiyalardan söz açaraq hər iki tərəfin bir-birinə münasibətdə inam və etimad mühitinin formalaşmasın üçün birgə layihələrin vacibliyini vurğulayıblar.

Sizin Reklam Yeriniz