Əlaqə Arxiv
news Image
2012.12.30
09:48
| A A A
Toylarda hələ də israfçılığa yol verilir
Gələn ildən qüvvəyə minəcək standartlar isə bu sahədə ciddi dəyişikliyə səbəb ola bilər

Məlumat verildiyi kimi bu günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını təsdiq edib. Dövlət standartı martın 1-dən qüvvəyə minəcək. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, indiyədək şadlıq evləri toy sahiblərinə öz menyularını təklif edirdilər və onlara seçim imkanı vermirdilər.

Stollara çoxlu sayda isti və soyuq növ qidalar düzülürdü. Bunun xərcini isə toy sahibləri çəkirdilər. Bununla bağlı digər qurumlarla yanaşı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə də çoxlu sayda müraciətlər edilirdi. Lakin bu məsələlər artıq yeni standartlarda öz əksini tapır.

Belə ki, yeni ildən toy sahibləri menyunu özləri seçə biləcəklər. Onların istəmədikləri qidalar menyudan çıxarılacaq. Şadlıq evi ilə toy sahibi arasındakı anlaşma bütün hallarda müqavilə əsasında tənzimlənəcək. İndiyə qədər müqavilə imzalanması ilə bağlı istək və tələb yox idi. Ancaq bundan sonra müqavilə bağlanması zəruri olacaq.

Müqavilə imzalamayan və ya toy edənlərin istəyinə əməl etməyən şadlıq saraylarına qarşı tədbirlər görüləcək. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq, fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunacaqlar. Əgər bundan sonra da şadlıq evi standartın tələbinə əməl etməzsə, onda onun fəaliyyətinə qadağa qoyulacaq. Lakin hesab olunur ki, şadlıq saraylarında israfçılığa yol verilməsinin qraşısını almaq üçün də müəyyən addımlar atlımalıdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bunu vacib sayır: "Zaman gəlib ki, cəmiyyətdə istehlak mədəniyyəti hər gün müzakirə olunmalıdır. İsrafçılıq qınaq yerinə çevrilməlidir. Bizim mətbuatımız, televiziyalarımız cəmiyyət israfçılığını, vətəndaş israfçılığını çox kəskin qınamalıdır, tənqid hədəfinə döndərməlidir.

Qoy desinlər ki, filankəsin toyunda xörəklər səpələnir, tökülürdü. Geyimlərdə eybəcər, bahaçılıqlar var idi, musiqiçilərə səbəbsiz çoxlu pul verilib və s. Bəzən görürsən adamlar bəhsə girirlər. Deyirlər ki, filankəs qonaqlığında filan yeməkləri vermişdi, mən də etməliyəm. Kabablar, on cür salatlar, bilmirəm daha nələr. Ona görə də burada artıq istehlak mədəniyyəti önə çəkilməli, bu barədə geniş danışılmalıdır. İsrafçılıq qınaq obyektinə çevrilməli, qənaətçilik həvəsləndirilməlidir. Dünya bu gün qənaət üzərində qurulub.

İşığı, geyimi, parçanı, taxtanı qənaət edirlər. Hər yanda bir qoruyucu elementlər var ki, israfın qabağını alsınlar. Hələ biz kapitalizmin o vacib məqamına, ciddi tələblərinə, nəticə fəsadlarına gəlib çıxmamışıq. Kapitalizm insanları qənaətcil olmağa, pulunun qədrini bilməyə öyrədir və həm də nə qədər ağrılı da olsa məhkum edir".

Bunun üçün hətta MDB ölkələrində oluğu kimi qanunun qəbulu vacib sayılır. Məsələn, məlumdur ki, Tacikistanda toy kartecini müşayiət edə bilən maşınların sayı ilə bağlı reqlament müəyyən edilib. Toyda verilən yeməklərin və qonaqların sayı da qanunla tənzimlənir. Onu da bildirək ki, toylarda yol verilən israfçılıq, toy sahibinin və ya toya gələnlərin borca düşməsi kimi hallar İslamda bəyənilməyən əməllərdir. Qeyd edilir ki, toyun keçirilməsində məqsəd yeni ailə quran gənclərin bu izdivacını ətrafdakılara elan etmək, onların şad gününə şərik olmaqdır. Ancaq bu gün keçirilən toylarda yol verilən israfçılıq, içki, həddən-ziyadə dəb-dəbdəbə İslamın əsas prinsiplərinə ziddir və İslama heç bir aidiyyəti yoxdur.

Sizin Reklam Yeriniz