Azərbaycan prezidenti İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirib.
Koreyaya son səfərini xatırlayan prezident
İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu deyib
və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib. Prezident İlham
Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz
arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə
təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan
idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi
yüksək nəticələrə görə dövlət başçısını təbrik edib.
Koreyalı diplomat ölkələrimiz arasında əlaqələrin inkişafından
məmnunluğunu ifadə edib. Azərbaycanla Koreya arasında əlaqələrin
siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq
doğurduğunu vurğulayan Lee Ci Han bu əlaqələrin daha da
genişlənəcəyinə əminliyini bildirib.