Əlaqə Arxiv
news Image
2014.09.26
12:15
| A A A
"Qardaş, siz oxuya bilməmisiniz, biz oxuyuruq da..." - Emil Bədəlov
Movqe.az müğənni Emil Bədəlovun publika.az-a müsahibəsini təqdim edir.

- Yaradıcılığında nə yenilik var?

- "Sənli məqamlar" adlı yeni mahnı yazdırmışam. Musiqisi Hacı Nazimə, sözləri Günel Əsgərovaya aiddir. Sabahdan radiolarda yayımlanacaq. Canlı korifeyimiz, bəstəkar Ramiz Mirişlinin "Sevdalandım yaz gəlincə" mahnısını da yeni aranjimanda işləyirik. Həmin mahnıda tanınmış tarzən, xalq artisti Firuz Əliyevin də ifası olacaq.

- Bu, Firuz Əliyevlə ilk iş birliyinizdir?

- Bəli, ilk işimizdir.

- Xeyli müddətdir qohumluğunuz var, nə əcəb, ilk dəfədir iş birliyiniz?

- Məclislərdə, toylarda çox ifalarımız olub. Nəsə risk eləmirdim. Sözün düzü, hər mahnıya da Firuz müəllimi dəvət edə bilməzdim. Ciddi mahnıdır deyə, istədim ki, o ifa etsin.

- Sizi tamaşaçıya tanıdan mahnılarınız "Bakı gecələri", "Saqqız" və son mahnınız da "Qarpız" oldu. Çox qəribə adları var.  Bu adları məqsədli şəkildə seçirsiniz?

- Yox, məqsədli şəkildə deyil. Sadəcə, bu mahnılarım "tutub". Ümumiyyətlə, repertuarımda 34 mahnı var. Həmin mahnıların içərisində Aygün Səmədzadənin, Xanım İsmayılqızının, Hacı Nazimin, Elçin Şirinin, Ramal İsrafilovun gözəl bəstələri var. Sadəcə, bu mahnılarım daha çox sevildi. Məncə, adını çəkdiyiniz mahnılar mövzuya görə sevilib.

- Subay vaxtında xanım pərəstişkarlardan hiss etdiyiniz diqqət indi də varmı?

- Şükür ki, indi də var.

- Bezdirici olmur?

- Qətiyyən, bezdirici olmur. Elə bunun üçün çalışmışam ki, məni istəsinlər.

- Yəni xanımlar istəsinlər?

 - (gülür) Yəni şəkil çəkdirmək istəsinlər, pərəstiş eləsinlər. Çalışdığım bu olub.

- Amma son zamanlar gənc sənətçilər arasında mənfi tendensiya formalaşıb. Azacıq populyarlıq qazanandan sonra tamaşaçılara yuxarıdan baxırlar.

- Naşükürlük edirlər, şadlıqlarına şitlik edirlər o adamlar. Bu, doğrudan da, naşükürlükdür. İstədiyimiz sevilmək olub. Buna nail olandan sonra "tripaşlıq" edəndə Allaha xoş getmir.

- Həmkarınız Vasif Məhərrəmli deyib ki, yol polisi maşınımı saxladı, "Nissan Altima" sürdüyümü görüb dedi ki, Vasif müəllim, adınız-sanınız var, bu nədir sürürsünüz? Doğrudanmı, ad-san maşınla ölçülür?

- Yol polisi əgər elə söz deyibsə, onun düşüncəsi bir az zəif olub. Məgər insanın insanlığı, hörməti, nüfuzu maşınla ölçülür? Əlbəttə, yox. Adam var, on minlik maşın sürür, amma 200 minlik maşın sürəndən imkanlıdır. Halbuki, 150 minlik maşın sürən kirayədə qalır. Amma bunun şəhərin on yerində mənzili var. Bu, geri düşüncəli insanların fikridir ki, kimin bahalı maşını varsa, o da hörmətlidir.

- Konsert var planda?

- Konsert maddiyyata bağlı bir şeydir. Nə vaxt o qədər imkanım olsa, konsert verəcəyəm. Mən konsert xətrinə 5-10 minlik konsert vermək istəmirəm. İstərdim ilk konsertim yaddaşlarda qalsın, böyük bir orkestrlə ifalarımız olsun.

- Müsahibədən öncə bildirmişdiniz ki, söz-söhbətlərə görə efirə çıxmaq istəmirəm. Doğrudanmı, efirə çıxmaq bu qədər bezdirici və cansıxıcıdır?

- Sənətlə, musiqiylə maraqlanan insanlar yoxdur. Varsa da, çox azdır. Aparıcıların əksəriyyətinin sualları şəxsi həyatdandır. Səni orada gördülər, burada  gördülər... Bir az da musiqidən, sənətdən sual versələr, daha maraqlı olar. Biri demir ki, qardaş, sən nə işlə məşğulsan, hansı mahnını yazdırmısan?

- Tez-tez yaşlı sənətkarların gənc ifaçıları tənqid etdiklərini görürük. Sənətə yeni gələndə sizi də tənqid edənlər var idi…

- Vəziyyət belədir də. Mahnı var ki, kommersiya xarakterlidir, mahnı da var, sırf sənətə aiddir. Cavankən ciddi mahnılar oxusan, gənc nəsil qətiyyən səni dinləmək istəməyəcək. Ciddi mahnıları arxivimdə qalmaq üçün oxuyuram. Kommersiya mahnılarımı cavanlar üçün oxuyuram. Bülbül adına orta ixtisas musiqi məktəbini skripkaçı kimi bitirmişəm. İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsində xalq artisti Azər Zeynalovun tələbəsi olmuşam. Yaşlı nəsil bir növ paxıllıqdan irad tutur. Tarkan, Barış Manço tomatdan, badımcandan oxuyanda heç kim heç nə demirdi. Bizi daşlayırlar ki, siz niyə oxuyursunuz? Qardaş, siz oxuya bilməmisiniz, biz oxuyuruq da. Barış Manço sizin yaş nəsli olub və elə mahnılarla tarixdə qalıb. Siz isə çıxıb boş-boş danışmaqla yadda qalmısınız. Atam Namiq Bədəlov öz dövrünün tanınmış müğənnilərindən olub, babam Bədəl Bədəlov, nənəm Məryəm Bədəlova qarmon ifaçısı olublar. Yəni mən bu sənətdə heç də təsadüfi deyiləm.
Sizin Reklam Yeriniz