Əlaqə Arxiv
news Image
2012.05.06
13:39
| A A A
“Azərbaycan hakimiyyəti söz verir ki...”
“Avropa Yayım Birliyinə çox ciddi basqılar edilir”

"Təəssüflər olsun ki, son vaxtlar qərb mətbuatında Azərbaycanın həddən artıq qeyri-demokratik, siyasi plüralizmin olmadığı, insan hüquqlarının pozulduğu, mətbuat, söz azadlığının təzyiq altında olduğu barədə rəy yaradılır. Mayın 2-də bununla bağlı Cenevrədə çox ciddi müzakirələr keçirdik"

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Avropa Yayım Birliyinə Azərbaycana təzyiqlər göstərməklə bağlı çox ciddi basqılar var: "Bununla istəyirlər ki, illərlə-aylarla xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı təzyiqlərinin reallaşmasına yardım göstərilsin, Azərbaycana təzyiq göstərərək, bu və digər məsələlərdə onu güzəştə sövq etmək mümkün olsun".

Ə. Həsənov bildirib ki, Cenevrədə çıxışları zamanı tədbir iştirakçılarını Azərbaycanda söz-mətbuat azadlığının, vətəndaş cəmiyyətinin, insan hüquqlarının vəziyyətinin Avropa ölkələrinin heç birindən geridə olmadığına inandırmağa çalışıb: "Lakin bəzi hallar var ki, heç bir cəmiyyət onlardan sığortalanmayıb. Belə hallara qarşı mübarizə aparmaqda Azərbaycan hakimiyyəti də qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır".

Şöbə müdirinin sözlərinə görə, Cenevrədə ümumi qənaət ondan ibarət olub ki, Azərbaycanda keçiriləcək "Eurovision" yarışması siyasiləşdirilməsin, bu müsabiqə hansısa proseslə əlaqələndirilməsin: "Azərbaycan hakimiyyəti də söz verir ki, "Eurovision"u işıqlandırmaq üçün ölkəyə gələn bütün jurnalistlərə normal şərait yaradacaq. Burada söz, mətbuat azadlığı necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək. Eyni zamanda jurnalistlərin peşəkarlaşması istiqamətində də səylərimizi davam etdirəcəyik".
Sizin Reklam Yeriniz