Əlaqə Arxiv
news Image
2012.05.25
20:33
| A A A
Milli Məclis Avropa Parlamentinə etirazını bildirib
Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair qəbul etdiyi qətnamə məni təəccübləndirib Bu qətnamə təcili, təxirəsalınmaz keçirilən iclasda qəbul edildi. Bunu cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, bir ay əvvəl Avronest Parlament Assambleyasının Bakıda keçirilən iclası zamanı insan haqları, söz azadlığı ilə bağlı məsələlər üzrə sənədlər qəbul olunub. Lakin bundan bir ay keçməmiş Avropa Parlamentinin 754 deputatından yalnız 56 üzvünün iştirakı ilə təxirəsalınmaz toplantı təşkil edilərək 49 nəfərin lehinə səsverməsi nəticəsində Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul olunub.
"Nəzərə alsaq ki, iyunun 20-21-də Avropa Parlamenti - Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclası keçirilməlidir. Bu əməkdaşlıq hərtərəfli, qarşılıqlı hörmət və qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələləri əhatə etməlidir. Lakin buna baxmayaraq, Avropa Parlamentinin başqa qrupların təsiri altında olan bir qrup deputatının tələsik təxirəsalınmaz iclas keçirərək Azərbaycanın əleyhinə qərar qəbul etməsi bizdə dərin təəssüf hissi doğurur. Əgər bu qərar birgə komitənin iclasında, çoxluğun iştirakı ilə qəbul olunsaydı, heç bir təəssüf və təəccüb doğurmazdı", - o deyib.
Ələsgərovun sözlərinə görə, "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil olunduğu bir vaxtda belə bir qərarın qəbul olunması antiazərbaycan təbliğatından başqa bir şey deyil.
"Sanki kimlərsə Azərbaycanı Avropaya buraxmamağı qarşısına məqsəd qoyub. Amma bunun da kökündə bir qaranlıq məqam var. Azərbaycanın son illər əldə etdiyi uğurlar, regionda həyata keçirdiyi irimiqyaslı layihələr bəzi qüvvələrin qısqanclığına səbəb olub. Müstəqil, güclü Azərbaycanı görmək istəməyən qüvvələr məhz bu yollarla Azərbaycanın inkişafına mane olmaq, onun dünyada artan müsbət imicinə zərbə vurmaq istəyirlər", - vitse-spiker deyib.
O qeyd edib ki, bu cür siyasət təkcə Azərbaycana qarşı deyil, Avropaya inteqrasiya yolu tutmuş digər ölkələrə qarşı da həyata keçirilir.
"Bir vaxtlar Ukraynanı Avropaya ən sürətlə inteqrasiya edən ölkə adlandıranlar indi hətta orada futbol üzrə Avropa çempionatının keçirilməsinə belə etiraz edirlər", - Ələsgərov vurğulayıb.
Ələsgərov həmçinin qeyd edib ki, bu məsələ əməkdaşlıq komitəsinin iyunun 20-21-də Brüsseldə keçiriləcək iclasında kəskin şəkildə qaldırılacaq və Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin qəbul etdiyi bu qərara qəti etirazını bildirəcək.
Milli Məclis sədrinin müavini onu da bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Avropaya inteqrasiya, demokratik inkişaf yolundan dönməyəcək, ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində islahatlar davam etdiriləcək.
Sizin Reklam Yeriniz