Dünən xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət
Məclisinin (TBMM) Beynəlxalq Əlaqələr Komitəsinin sədri Volkan
Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə
olduğunu bildirən Volkan Bozkırın Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının 2012 - 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi
münasibətilə təbrikini çatdırıb.
Volkan Bozkırın Azərbaycan kimi gənc bir dövlətin bu mötəbər quruma
seçilməsindən fərəh hissi keçirdiyini söyləyib. Elmar Məmmədyarov
isə Volkan Bozkıra təbriklərə görə təşəkkürünü bildirib və
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü
müddətində qlobal və regional məsələlərin həllində effektiv və
yaxından iştirak edəcəyinə əmin olduğunu vurğulayıb. Elmar
Məmmədyarov görüşdə Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə
həlli məqsədilə aparılan danışıqların hazırkı durumu barədə məlumat
verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının və
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruri olduğunu
vurğulayıb. Volkan Bozkır münaqişənin tezliklə həll olunacağına
ümid bəslədiyini dilə gətirib. O, Dağlıq Qarabağ münaqişəsi həll
olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının
mümkünsüzlüyünü və protokolların TBMM-də ratifikasiya
olunmayacağını qeyd edib.
Görüşdə regionda baş verən hadisələr və qarşılıqlı maraq kəsb edən
müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.