Əlaqə Arxiv
news Image
2014.03.12
09:12
| A A A
Nurda gizlənən təhlükə
Zahid Oruc: “Kəşfiyyat orqanlarının cavabı əsasında bir qərar verməliyik” Fazil Mustafa: “Nurçuluq Azərbaycana aidiyyatı olmayan bir məsələdir” Son günlərdə ölkə mediasında xüsusi diqqət mərkəzində yer alan əsas mövzu siyasi məqsədlər güdən dini cərəyanlar, o cümlədən nurçuluqla bağlıdır. Hesab olunur ki, Türkiyədə bu xüsusda məlum hadisələr cərəyan etdikdən sonra nurçulara bağlı olanların Azərbaycana olan uzantılarının araşdırılmasına ciddi zərurət var. Artıq həqiqəti nə qədər kəsb etdirdiyi dəqiq bilinməsə də, qeyd olunan xüsusda müəyyən diqqət çəkən materiallar mediada özünə yer tapa bilib. Görünən odur ki, bu məsələ hələ müəyyən müddət medianın, elə cəmiyyətin də diqqət mərkəzində qalmaqda davam edəcək. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirdi ki, bu məsələ son günlər qabardıqca cəmiyyətin və dövlətin elitasını düşündürməyə başlayıb: "Keçmişdə hamı belə hesab edirdi ki, nurçular sırf təhsil sistemində oturuşmuş və yalnız yüksək bilik daşıyıcılarını özünə qəbul edən, onun nəticəsində də insanları yetişdirən mərkəzdir. Bundan kənarda hansısa bir dövr təriqətlərinə bağlı insanları yetişdirmək və İslami ideologiya altında fərqli bir cəmiyyət yaratmaqda onların işləri yoxdur. Ələxüsus da hesab olunurdu ki, hakimiyyətə iddia etmək, siyasiləşmək, mason kimi təşkilatlanmaqda onların maraqları müşahidə olunmur. Bəlkə də Fətullah Gülən və Rəcəb Tayyib Ərdoğan arasındakı son qovğalar fonunda onların dövlətdə strukturlaşması, hətta milli kəşfiyyata qədər gedib çıxan uzantılarının bizə də bir ucu gəlib. Ehtimal ki, Ərdoğanın Azərbaycan dövlət rəhbərliyinə müraciətləri var. Bu fonda polemikalar gedir. Düzdür, onları hakim kimi görmək istəmirəm. Kəşfiyyat orqanlarımız cavab verməlidirlər ki, həqiqətən də bizdə fəaliyyət aparan bu kursların yetirmələrinin içərisində hansısa daha sərt fundamentalist baxışlara sahib olanlar varmı? Onlar öz baxışlarını həyata keçirmək üçün hansı vasitələrə əl atmaq istəyirlər? Silahlı mübarizə ilə onların işi mövcuddurmu? Onlar dövlət sisteminə necə oturuşmaqda maraqlıdırlar? Siyasi iddiaları varmı? Kəşfiyyat orqanlarının cavabı əsasında bir qərar verməliyik. Yəni, məsələ daha artıq dərəcədə ittihamlar, ehtimallar səviyyəsində baxmaq deyil, yüksək axtarışlarla, sübutlarla ortaya qoyulmalıdır. Əks halda, əlavə cəbhə açıb kimlərinsə üzərinə getmək, müxtəlif təhsil ocaqlarını tərəfə çevirmək ziyanımıza işləyər. Nə vaxtsa Türkiyədə həmin siyasilərin münasibətləri bərpa olunanda, sanki biz bundan narahat olacağıq ki, içərimizdə bu problemləri nədən yaratdıq? Kimdir nurçular? Onların əhatə dairəsi nə qədərdir? Hazırki dövrdə bunu təyin etmək həddən artıq çətindir. Çünki heç kəs etiraf etmir. Hiss olunan da budur ki, onların sələfləri - radikal vəhhabilərdən daha fərqli şüarları var. Ona görə də adları nurçu olanlar barədə məlumatlar xeyli qaranlıqdır".
Digər bir parlamentari Fazil Mustafa isə hesab edir ki, Azərbaycan üçün bu məsələdə hansısa real təhlükə yoxdur: "Əksinə, ölkəmizdə nursuzluq təhlükəsi ola bilər. Çünki təhsilin keyfiyyəti o qədər də ürəkaçan deyil. Nurçuluq əslində, Azərbaycanda regionçuluq nədirsə, odur. Cəmiyyət nəyisə qabartmağı çox sevir. Nurçuluq Azərbaycana aidiyyatı olmayan bir məsələdir. Azərbaycanda müəyyən sayda insanlar var ki, onların müəllimləri erməni, yəhudi və ya rus olub. Bu adamların təriqəti ilə maraqlanan olubmu? Söhbət Azərbaycanda təhsil öyrədənlərdən gedir. Bunu da bilərəkdən Azərbaycanda təhlükə kimi göstərməyin məntiqi izahı yoxdur. Çünki keyfiyyətli təhsil verən müəssisələrimizin sayı azdır. Əsas olmadan Türkiyə məktəblərini dini təhlükə kimi görmək lüzumsuzdur. Yəni, bunların hamısı Türkiyə əleyhinə olan kampaniyadır. Bu da Azərbaycan təhsilinin gələcəyini riskə qoyur. Amma nurçuluğun Azərbaycanda heç bir təhlükəsi yoxdur".
Millət vəkili bildirdi ki, vicdanlı davranmaq lazımdır: "Azərbaycan üçün nurçuluq yox, erməni təhlükəsi var. Münasibətimizdə nurçuluq kəsiminə dini baxışları paylaşmırıq. Nurçu adı altında rüşvətsiz ali təhsil müəssisələrini sıradan çıxarmaq düzgün olmazdı. Bu cür hərəkətlər Azərbaycana düşmənçilikdən başqa nəsə deyil. Əcnəbi də olsa, normal təhsil gətirirsə, ürəyimizi açıb verməliyik. Yüzlərlə insanın şotland, ingilis müəllimi var. Yəni, eyni cinslə evlənən adamlar dərs deyirlər. Onlarla maraqlanmaq lazımdır".
Sizin Reklam Yeriniz