Əlaqə Arxiv
news Image
2014.03.12
09:38
| A A A
Azərbaycan Krım tatarlarına hansı yardımlar göstərəcək?!
Elxan Şahinoğlu: "Krım tatarlarına yardım istiqamətində Azərbaycanın Türkiyə ilə birgə fəaliyyəti mümkündür" Elman Nəsirli: "Azərbaycanın bu sahədə fərdi, həm də Türkiyə ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmək imkanı var" Rusiya qoşunlarının rusdilli əhalini müdafiə etmək bəhanəsilə Ukraynaya məxsus Krımı işğal etməsi bu ölkədə yerli sakin olaraq yaşayan Krım tatarlarının vəziyyətini xeyli dərəcədə ağırlaşdırıb. Belə ki, Krım tatarları yarımadada yaşayan rusdilli sakinlərdən fərqli olaraq ərazinin Rusiya qoşunları tərəfindən işğalını pisləyir və onlar Krımın Ukraynanın tərkibində qalmasını istəyirlər. Bu halda isə Krım tatarları ərazidəki kazakların, Rusiyaya birləşmək tərəfdarı olan separatçı qüvvələrin təzyiqilə üzləşirlər.
Maraqlı məqamlardan biri də odur ki, Rusiyaya birləşmək tərəfdarı olanlara işğalçı qüvvələr tərəfindən geniş təbliğat işləri aparılmasına imkan yaradılsa da, əks təbliğatla məşğul olmaq istəyənlər, o cümlədən Krım tatarları üçün bu imkanlar tanınmır. Ukraynanın tərkibində qalmağı təbliğ edən bu türkdilli xalqın nümayəndələri təpkilərlə üz-üzədir. Belə ağır durumda Krım tatarları kömək üçün türk dünyasına, o cümlədən Azərbaycan, Türkiyə və Qazaxıstana müraciət edib. Türkiyə hökuməti artıq məsələyə qarışaraq Krım tatarlarına hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib. Amma konkret olaraq bu dəstəyin nədən ibarət olacağı hələlik bəlli deyil. Maraqlıdır, ölkəmiz hazırda darda olan Krım tatarlarına hansı formada yardım edə bilər?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan tərəfi bəyanat səsləndirmək, maddi və mənəvi dəstək formasında Krım tatarlarına yardım əlini uzada bilər: "Krım tatarlarının liderləri yaranmış vəziyyətlə bağlı olaraq üç ölkə rəhbərlərinə, Azərbaycan, Türkiyə və Qazaxıstana yardım üçün müraciət edib. Düşünürəm ki, Azərbaycan da bu məsələyə səssiz qalmamalıdır. Doğrudur, ayrı-ayrı Azərbaycan rəsmiləri Ukraynanın ərazi bütövlüyü haqqında fikirləri dilə gətirib. Amma bununla yanaşı, düşünürəm ki, Krımdakı separatizmi pisləyən ortaq bir bəyanata ehtiyac var. Həmin bəyanatda Krım tatarlarının durumundan narahat olmaq barədə fikir də yer almalıdır. Bunu bir mesaj kimi verməyimiz Krım tatarlarına ən azından bir mənəvi dəstək və beynəlxalq aləmə mesaj olar. Gələcəkdə isə Krım tatarlarına maliyyə baxımından yardım məsələsinin həllində də iştirak edə bilərik. Türkiyə məsələn, bu günə qədər Krım tatarlarına məktəb və məscidlər tikib. Bu işi Azərbaycan hökuməti də görə bilər. Azərbaycan hökumətinin dəstəyilə bu günə qədər bir sıra xarici ölkələrdə məktəblər tikilib, müəyyən tibb mərkəzləri açılıb. Eyni şey Krımda tatarlar üçün də edilə bilər. Krımın Rusiya ordusu tərəfindən işğalı burada yaşayan tatarlar üçün də həyəcan siqnalına səbəb olub. Bu məsələdə Türkiyə də ehtiyatlı mövqe sərgiləyir. Azərbaycanda həmin məsələdə Türkiyə qədər fəal olmalıdır. Krım tatarlarına yardım istiqamətində Azərbaycanın Türkiyə ilə birgə fəaliyyət də mümkündür".
Politoloq Elman Nəsirlinin fikrincə, Azərbaycan bu istiqamətdə əsasən Türkiyə ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərə bilər: "Krım tatarlarının yardımla bağlı Türkiyə və Azərbaycana müraciət etməsi gözlənilən hadisə idi. Çünki süni köçürülmə nəticəsində Krım əhalisinin 58-60 faizi ruslardan ibarət olub. Krım tatarları isə 12-15 faiz civarındadır. Rusiya ilə Ukrayna arasında məlum münasibətlər və martın 16-da keçirilməsi nəzərdə tutulan referendum fonunda Krım tatarları onun fərqindədir ki, Kiyevin tərkibindən çıxıb Moskvanın tabeçiliyinə keçirlər. Bu tabeçilik fonunda da oradakı Krım tatarların sayının azalması, rusların sayının isə daha da artması tendensiyası baş verə bilər. Yəni, yeni şəraitdə tatarlar Krımı tərk edər, əvəzində rus əhalisi artar. Bu reallıqlar tatarları narahat edir. Belə olan vəziyyətdə Azərbaycana və Türkiyəyə müraciətləri həm etnik qohumluqdan, həm də hər iki dövlətin regiondakı çəkisi, hadisələrə təsir etmək imkanı ilə bağlıdır. Tatarlar hesab edir ki, Türkiyə və Azərbaycan imkan çərçivəsində Avropa İttifaqı və ABŞ-da bu məsələni daha çox qabarda və beynəlxalq sferada ciddi addımlar ata bilərlər. Tatarlar çox istəyir ki, onlara dəstək istiqamətində Ankara ilə Bakı koordinasiya olunmuş şəkildə fəaliyyət göstərsin və həmin fəaliyyət perspektivdə ola biləcək daha ciddi problemlərin indidən həllinə nail olunmasına gətirib çıxarsın, qarşıda daha ağır vəziyyətlə üz-üzə dayanmasınlar. Bu baxımdan önləyici addımlar atılmasını istəyirlər. Onların gəldiyi nəticə çox da optimist deyil, daha çox pessimist yanaşmadır. Hadisələrin gedişatı göstərir ki, martın 16-dan sonra Krım faktiki olaraq Kiyevin nəzarətindən çıxa bilər. Bunun nəticələrini gördüklərindən həyəcan təbili çalmağa başlayaraq, xüsusən də Türkiyə ilə Azərbaycana üz tutublar. Azərbaycanın isə bu sahədə fərdi, həm də Türkiyə ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərmək imkanı var. Xüsusən də bu istiqamətdə Ankaranın imkanları daha genişdir. Diplomatik kanallar vasitəsilə bu imkanlardan maksimum istifadə olunmalıdır".
Sizin Reklam Yeriniz