Əlaqə Arxiv
news Image
2012.06.27
11:25
| A A A
Azərbaycanla Türkiyə arasında TANAP layihəsi ilə bağlı saziş imzalanıb
Bu gün Türkiyə və Azərbaycan arasında daha bir tarixi saziş imzalanıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzalayıblar. 
Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi"ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in prezidenti Rövnəq Abdullayev imzalayıb. 
İki ölkə arasında əsas hökumətlərarası müqaviləni isə Azərbaycan prezident İlham Əliyev və Türkiyənin baş nazir Rәcәb Tayyib Әrdoğan imzalayıblar. Müqaviləni Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da imzalayıblar.
İmzalama mərasimində sonra çıxış edən Rәcәb Tayyib Әrdoğan deyib ki, bu layihələr iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür. O bildirib ki, bu layihə Türkiyəni qardaş dövlət tərəfində enerji ilə təmin olunmasına, Ankaranın Şərq-Qərb enerji dəhlizində güclü söz sahibinə çevrilməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mövqeyinin güclənməsinə xidmət edəcək.
Ərdoğan bildirib ki, bu layihəyə Xəzərin qərb sahilindəki ölkələrin qoşulması ilə 50 milyard kubmetr qaz nəqlinə nail olmaq lazımdır. 
Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin həyata keçirdikləri layihələrin təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dayanır. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı siyasi münasibətlərin dünyada örnəyi yoxdur. 
Prezident vurğulayıb ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycanın maliyyə və texniki imkanları hesabına reallaşacaq. Beş il müddətinə başa çatması nəzərdə tutulan TANAP-ın tikintisinin layihə dəyəri 7 milyard dollardır.
Sizin Reklam Yeriniz