Əlaqə Arxiv
news Image
2014.11.15
10:00
| A A A
Güc faktoru Ermənistanı daha çox sarsıtmaqdadır

Noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazisindən postlarımıza hücuma keçməyə cəhd göstərən Ermənistana məxsus helikopterin vurulması bir daha Azərbaycan Ordusunun gücünü düşmən tərəfə göstərdi. Həmin helikopterin cəmi bir atəşlə vurulması Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərimizin yüksək peşəkarlığa sahib olduğunu da ortaya qoydu. Erməni işğalçıları bir sözlə, yenidən əyani şəkildə ordumuzun gücünü hiss etdi. Həqiqətən də son illər Azərbaycan Ordusu peşəkarlıq və hərbi sirlərə yiyələnmək baxımından ciddi uğurlara nail olub. Son hərbi təlimlərdə nümayiş etdirilən peşəkarlıq səviyyəsi, təlim zamanı müəyyənləşən obyektlərin sərrast vurulmasının nəticəsidir ki, ordumuzun əsgəri düşmən helikopterini bir atəşlə vurub yerə saldı. Bütün bunlar Ermənistana bir daha Azərbaycanın hərbi gücünü göstərdi. Bunun nəticəsidir ki, ermənilər Azərbaycan ordusunun gücünü, hərbi üstünlüyünü növbəti etiraf etməli olublar.

Maraqlıdır, bu hal Dağlıq Qarabağın həll prosesinə nə vəd edir? Başqa bir tərəfdən, indiyə kimi, Ermənistan hər dəfə məsələ müzakirə olunanda konstruktiv mövqe sərgiləməkdən yayınıb. Belədə mövcud status-kvonu uzatmağa çalışıb. Lakin Ermənistana məxsus helikopterin vurulmasından sonra bu İrəvanın danışıqlar prosesində konstruktiv mövqeyə gəlməsinə təsir edə bilərmi?


Fazil Mustafa: "Ermənilər artıq bu məsələdə Azərbaycanla hər hansı bir şəkildə mübarizə aparmaq imkanlarını itirdiklərini bilirlər"


Millət vəkili Fazil Mustafa düşünmür ki, helikopterin vurulması erməni işğalçılarının konstruktiv mövqeyə gəlməsinə təsiri olsun: "Hərbi baxımdan Azərbaycan Ordusunun güclü olduğu bəlli idi. Sadəcə, bunu reallaşdırma yollarını belə epizodlarla göstərməliyik, necə ki, göstərdik. Bütün hallarda, ermənilər artıq bu məsələdə Azərbaycanla hər hansı bir şəkildə mübarizə aparmaq imkanlarını itirdiklərini bilirlər. Ona görə də çalışmalıyıq ki, bu üstünlüyümüzü davam etdirək. Amma bununla belə zənn etmirəm ki, həmin hadisənin Ermənistanın danışıqlar prosesində konstruktiv mövqeyə gəlməsinə təsiri olsun. Onlarda belə bir mövqeyə gəlmək düşüncəsi yoxdur. Bu səbəbdən də həmin məsələdə hər hansı bir şəkildə yenilik gözlənilmir. Amma bütün hallarda çalışmalıyıq ki, situasiyanı dəyişək".


Sahib Alıyev: "Azərbaycanın atdığı addım da göstərdi ki, ölkəmiz istənilən zaman işğalçı ordunun qüvvələrini darmadağın edə bilər"


Millət vəkili Sahib Alıyev isə qeyd etdi ki, helikopter məsələsi erməni təxribatı idi və Azərbaycan Ordusu onun qarşısını qətiyyətlə aldı: "Fikrimcə, vertolyotun vurulması təkcə ermənilər üçün deyil, dünya üçün bir mesajdır. Bu mesajın arxasında o dayanır ki, Azərbaycan daha 20 il də öz torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Vertolyot məsələsi erməni təxribatı idi. Onlar bilərəkdən öz zabitlərini qurbanlıq qoyun kimi Azərbaycan mövqelərinin üstünə göndəriblər, özü də bilə-bilə ki, onlar vurulacaq. Bununla onlar daxildəki narazılığın səmtini başqa istiqamətə, Azərbaycana qarşı yönəltmək istəyiblər. Ermənistan sülhə hazır deyil. Ona görə də belə insidentlər yaratmaqla çalışırlar ki, prosesin uzadılmasına haqq qazandırsınlar. Lakin Azərbaycanın atdığı addım da göstərdi ki, ölkəmiz istənilən zaman işğalçı ordunun qüvvələrini darmadağın edə bilər. Sadəcə, Azərbaycan sülhün yanındadır, əlavə insan itkisinə yol açmamaq üçün məsələnin danışıqlar yolu ilə həllini istəyir. Amma bu faktın özü bir daha onu ortaya qoydu ki, istənilən an savaş baş qaldıra bilər. Azərbaycan nə məqsədlə edilib-edilməsindən asılı olmayaraq, indidən sonra bu cür təxribatların qarşısını qətiyyətlə kəsəcək".


Rüstəm Məmmədov: "Ermənistanın konstruktiv mövqeyə gəlməsi qeyri-mümkündür, çünki, onun arxasında dayanan başqa qüvvə var"


Siyasi şərhçi, professor Rüstəm Məmmədov da ermənilərin sözügedən olaydan sonra konstruktiv olacağına inanmır: "Helikopterin vurulması fonunda belə Ermənistanın danışıqlar prosesində hansısa bir konstruktiv mövqeyə gəlməsi qeyri-mümkündür. Çünki, bu məsələnin arxasında dayanan başqa qüvvə var. Həmin qüvvə də bu gün məsələni diqtə edir".
Sizin Reklam Yeriniz