Əlaqə Arxiv
news Image
2012.12.17
10:12
| A A A
“Azərbaycanla möhkəm əlaqələr Gürcüstanın müstəqilliyi üçün lazımdır” - FOTO
Bazar günü Fransa Senatının üzvü, Qafqaz üzrə Fransa Dostluq Qrupunun sədr müavini Natali Qule və Fransanın Gurcustandakı səfirliyinin nümayəndəsi Qzav ye Ruar Marneuliyə səfər ediblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanlıların Mədəniyyət Mərkəzində gənclər və ziyalılarla görüşən xanım Natali Qule Gürcüstana gəlişinin səbəbini açıqlayıb: "Gürcüstana səfərdə məqsədim yeni hakimiyyətlə əlaqələr yaratmaq, parlament rəhbərliyi ilə görüşməkdir. Şadam ki, Marneulidə azərbaycanlılar və ermənilər sülh şəraitində yaşayırlar. Əgər Gürcüstanda azərbaycanlılar və ermənilər sülh şəraitində yaşayırlarsa, deməli, ümidvaram ki, nə vaxtsa, onlar Azərbaycanda, Dağlıq Qarabağda da belə yaşayacaqlar. Bu iki millət sülh içində yaşamağa hazır olmalıdırlar. Amma bunun üçün zaman lazımdır. Bunu tarix tələb edir. Mən Marneulidə azərbaycanlılar arasında özümü evimdəki kimi hiss edirəm. Buradakı Mədəniyyət Mərkəzində çox əhəmiyyətli və böyük işlər görülür. Burada mədəniyyətlərarası inteqrasiya mövcuddur".
Natali Qule qeyd edib ki, Gürcüstanla Azərbaycan həmişə dost ölkə kimi inkişaf etməlidir. "Bu, Gürcüstanın müstəqilliyi üçün lazımdır. Azərbaycanın Gürcüstanla iqtisadi və enerji layihələri sahəsində əməkdaşlığı var və Azərbaycan bu ölkəyə çox kömək edir".
Sonra Senat üzvü gənclərin və ziyalıların suallarını cavablandırıb. Xocalı soyqırımı haqqında sualı cavablandıran Fransa Senatının üzvü bu hadisəni "dəhşət" adlandırıb.
Tədbirdə AMM-in rəhbəri Fazil Həsənov qonağa Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında ədəbiyyat bağışlayıb.
Natali Qule jurnalistlərə açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəif olduğunu da inkar etməyib.
Senat üzvü Avropanın Cənubi Qafqaz üzrə real siyasət yürütmədiyini deyib.
APA-nın Türkiyə tərəfinin tarixi arxivləri araşdırmaq barədə komissiya yaratmaq təşəbbüsü ilə bağlı sualına cavab verən Senat üzvü qeyd edib ki, bu məsələyə sivil qaydada yanaşmaq lazımdır. "Fikirimcə, cəmiyyət buna hələ hazır deyil. Bunun üçün birgə işləmək lazımdır".
Sizin Reklam Yeriniz