Əlaqə Arxiv
news Image
2012.12.25
17:27
| A A A
Ordu sıralarında qadınlar
Aydın Mirzəzadə: «Bu gün Azərbaycan Silahlı Qüvvələrində hətta general rütbəsində olan qadınlarımız var» Cəsur Məmmədov: «Döyüşün planlaşdırılması istiqamətində, xəritələr üzərində işin aparılması prosesində qadınların əməyinə də ehtiyac olacaq» Gözəl həyat yoldaşı, yaxşı ana, bacı, müəllimə, həkim olan qadınlar lazım olan vaxt güclü, dözümlü, döyüşkən də ola bilir. Azərbaycanımızın tarixinə nəzər saldıqda bunun şahidi oluruq. Neçə-neçə qadın döyüşçülərimiz olmuşdur ki, onların adı indiyədək dillər əzbəridir.
Müasir dövrümüzdə də hərbi xidmətdə quluq edən qadınlar var.
Bu gün dünyanın bir sıra ölkələrində qadın hərbçilərin sayı kifayət qədərdir. İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın döyüşçülərdir. Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur.  Bu ölkənin ordusunda 50 min qadın əsgər var. Rusiya da qadınlar üçün hərbi xidməti məcburi etmək istəyir. Bəs Azərbaycanda bunun tətbiqi mümkündürmü?
"Doktrina" jurnalistlərin hərbi araşdırmalar mərkəzinin rəhbəri Cəsur Məmmədov aşağıdakı fikirləri səsləndirib: "Əgər biz diqqət yetirsək, bir sıra vəzifələrdə, məsələn hərbi tibbi vəzifələrdə, kargüzarlıq vəzifəsində, bir sıra texniki vəzifələrdə qadınlar xidmət edir. Bir neçə il bundan əvvəl Azərbaycanın ali hərbi məktəblərinə qızların da qəbulu nəzərdə tutulmuşdu. O zaman bir neçə qız qəbul olub məktəbi bitirmiş və ordu sıralarında xidmətə başlamışdı. Düzdür, sonradan bu proses dayandı. O da faktdır ki, ümumilikdə biz baxsaq, qadınların Azərbaycanın Silahlı Qüvvələrində xidməti çox cüzi faiz təşkil edər. Bir sıra qoşun növlərində qadınların sayı daha çoxdur, nəinki Müdafiə Nazirliyində. Azərbaycanın hərbi qanunvericiliyində qadınların hərbi xidmətə çağırılması məcburiyyəti ilə bağlı hər hansı bir müddəa yoxdur.  Bəllidir ki, Azərbaycanın Silahlı Qüvvələrində mülkiləşmə prosesi getməlidir. Ümumilikdə, islahatlar prosesinə əsasən, Silahlı Qüvvələrin əsaslı şəkildə mülkiləşdirilməsi həyata keçirilməlidir. Mən hesab edirəm ki, bu prosesdə Azərbaycanda Silahlı Qüvvələrində qadınların xidmət etməsinə ehtiyac çoxalacaq. Düzdür, qadının əlinə silah götürüb cəbhə xəttində xidmət etməyi bir qədər inandırıcı görünmür. Amma arxada xeyli vəzifələr var ki, hətta döyüşün planlaşdırılması istiqamətində, xəritələr üzərində işin aparılması prosesində qadınların əməyinə də ehtiyac olacaq. Bu istiqamətdə Azərbaycanın öyrənə biləcəyi bir sıra dünya təcrbələri var".
Sizin Reklam Yeriniz