Əlaqə Arxiv
news Image
2012.12.28
13:49
| A A A
Radikal müxaliflər yenə biri-birilərini "didirlər"
Zahid Oruc: "Qeyri-əsas, vahid və yaxud ikili namizəd məsələsini əsaslandırmaqdan asılı olmayaraq, hamı bilir ki, müxalifətin parçalanması bir reallıqdır" Araz Əlizadə: "İctimai Palataya daxil olan qüvvələrdə siyasi mədəniyyətin və siyasi tolerantlığın olmadığı bir daha üzə çıxdı" Son zamanlar sosial şəbəkələrdə İctimai Palataya daxil olan Müsavat və AXCP üzvləri arasında söz davası geniş vüsət alıb. Hətta bu savaşlar təhqir müstəvisinə belə keçib. Həmin vəziyyət isə İctimai Palatada durumun olduqca gərgin müstəviyə daxil olmasından xəbər verir. Münasibətlərin təhqir formasına keçməsi isə onu göstərir ki, həmin qüvvələr heç zaman vahid mövqedən çıxış etmək, vahid namizədi müəyyənləşdirmək məsələsində ümumi bir rəyə gələ bilməyəcəklər.  
Millət vəkili Zahid Orucun fikrincə, müxalifət həmişə parçalanma ərəfəsində bir-birini didməklə məşğul olub: "Müxalifət düşərgəsində gərginliyin artması və bir-birini təhqirə keçməsini biz dəfələrlə münasibət bildirmişik, bunu yolverilməz saymışıq. Amma onlar həmişə bu arqumentlərimizi saya salmayaraq iddia edirlər ki, guya bunları deyərkən bizlər rəqib olmaq nöqteyi-nəzərdən müxalifətin mövqeyini təhrif edirik, həm də arzumuzu dilə gətiririk. Amma İctimai Palata adlanan quruma daxil olan AXCP və Müsavat Partiyası arasında son zamanlar gərginləşən çəkişmələr sübuta yetirdi ki, heç də belə deyil. Daha artıq dərəcədə keçmişdən bu günə daşınan antoqonizm, onların rəhbərləri arasındakı patoloji nifrət öz rolunu oynadı. Əsas, qeyri-əsas, vahid və yaxud ikili namizəd əsaslandırmaqdan asılı olmayaraq, hamı bilir ki, müxalifətin parçalanması bir reallıqdır. O cümlədən hesab edirəm ki, İctimai Palatanın guya narazıların ittifaqı adı ilə hökumətə alternativ ola bilməməsindən sonra indi yenidən böyük koalisiya adı ilə silahlanıb meydana çıxmağın heç bir mənası yoxdur. Guya ki, bu adlar onları parçalanmış vəziyyətdən xilas edəcək? Zənn edirəm ki, Müsavat başqanının bədiləşdirərək ifadə etdiyi dillə onu lakonik vəziyyətə salmış oluruq. Müxalifət vahid namizədini Şaxta baba seçimi kimi xarakterizə edib. Ona görə də 2013-cü ildə İlham Əliyev prezident, İsa Qəmbər isə Şaxta baba ola bilər. Bunun özü də bir statusdur".
ASDP sədri Araz Əlizadə isə bildirdi ki, Müsavatla AXCP-nin iştahası həddən artıq olduğundan onlar bir araya gələ bilmirlər. Belə olanda da bir-birini təhqirə keçirlər: "Dəfələrlə demişəm ki, İctimai Palata ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşağa daxil olan qüvvələr də əlbəttə ki, normal fəaliyyət göstərə bilməzlər. İkincisi, İctimai Palataya daxil olan qüvvələrdə siyasi mədəniyyətin və siyasi tolerantlığın olmadığı da bir daha üzə çıxdı. Onlar qarşıdakı vahid məqsədi də görmürlər. Bu insanlar əvvəl bir təşkilatda idilər. Sonra parçalandılar. Parçalanmada da başlıca rolu İctimai Palatada toplaşanların şəxsi ambissiyası oynadı. Vahid namizəd barədə İsa Qəmbər elan edir ki, seçkilərə gedəcək və inanır ki, AXCP onu dəstəkləyəcək. Buna isə deyirlər ki, "qız evində toydur, oğlan evinin xəbəri yoxdur". Əli Kərimli də prezidentliyə namizəd olmaq istəyir. Ona görə də onlar heç zaman bir-birinə güzəştə getməyəcək. Onların iştahası bacarıqlarından çoxdur".
Hələlik isə AXCP-Müsavat münasibətlərində yaranmış gərginlik sosial şəbəkələrdə getdikcə kəskin xarakter alır. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı "facebook"da bu məsələyə yenidən toxunub. A.Hacılı bildirib ki, bu məsələni ictimai müzakirəyə çıxarmaqla düzgün addım atıb. Onun sözlərinə görə, cəmiyyətin bu məsələyə qiymət verməsi olduqca zəruridir: "Mən bu mənəvi terrora son vermək naminə sizin Müsavata, onun liderlərinə, mənə, silahdaşlarıma qarşı böhtanlarınızı ictimai müzakirəyə çıxarmaq qərarına gəlmişəm. Qoy hər şeyi cəmiyyət özü dəyərləndirsin!" Arif Hacılının bəyanatını şərh edən AXCP sədrinin müavini Asəf Quliyev atalar misalını xatırladıb: "Deyirlər, oğru necə bağırdısa, doğrunun bağrı yarıldı". Onun sözlərinə görə, son vaxtlar AXCP ilə Müsavat arasında müəyyən qədər gərginlik var və hər iki partiyanın öz seçki strategiyası olduğundan bu narazılıq təbii qarşılanmalıdır: "Müsavat bu məsələdə siyasi əxlaqa dayanan hərəkətlər etsə, daha yaxşı olar. AXCP-nin hər hansı bir funksioneri və ya sədri Müsavata qarşı kəskin ifadə işlətməyib". A. Quliyev Arif Hacılının getdiyi yerə qədər Əli Kərimlinin getmədiyini söyləməsinə də cavab verib. O deyib ki, Əli Kərimlinin yolu başqa, Arif Hacılının yolu başqadır.
Sizin Reklam Yeriniz