Əlaqə Arxiv
news Image
2013.01.08
11:47
| A A A
Namizəd savaşı İctimai Palatanı dağıdır
Nürəddin Məmmədli: "Müsavatın son addımından sonra AXCP də prezident seçkilərində öz namizədilə çıxış edə bilər" Kamil Seyidov: "Bu halda AXCP ilə Müsavat arasında münasibətlər açıq savaş müstəvisində daha da kəskin tonda cərəyan edəcək" Artıq Müsavat Partiyası cari ildə baş tutacaq prezident seçkilərində onu təmsil edəcək namizədinin kimliyini rəsmiləşdirdi. Bu, əvvəlcədən də gözlənildiyi kimi sözügedən partiyanın başqanı İsa Qəmbərdir. Qeyd edək ki, hələ keçən ilin sonlarına yaxın İsa Qəmbər namizəd olmaq iddiasını ortaya qoymuşdu. Bu isə İctimai Palatada birgə təmsil olunan AXCP təmsilçilərinin narazılığı ilə qarşılandı.
Belə ki, AXCP prosesə öz namizədilə qoşulmaq istəyir ki, onun da namizədi Əli Kərimlidir. Lakin İsa Qəmbərin onları üstələyərək namizədliyini irəli sürməsi cəbhəçiləri istər-istəməz hövsələdən çıxardı. Hətta bu günə qədər sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında bir-birini təhqir etmə kampaniyası davam edir. Onların hər biri digərinin namizədini həzm edə bilmədiyindən çıxış yolunu təhqirdə görür. Bu müstəvidə isə Müsavatla AXCP arasında münasibətlər olduqca ciddi şəkildə gərginləşib. Vaxtilə bir boşqabdan yemək yeyənlər indi nədənsə həmin yeməyi bölə bilmirlər. Bu iki qüvvə arasından isə İsa Qəmbər bir qədər daha tədbirli çıxaraq namizədliyini ən azından partiyası daxilində Əli Kərimlidən öncə rəsmiləşdirdi. İndi isə top Əli Kərimlinin tərəfindədir. O ya çıxış yolu tapmayaraq İsa Qəmbərin namizədliyini dəstəkləməli, ya da gec də olsa öz namizədliyini irəli sürməlidir. Bu mənada deməliyik ki, AXCP sədrinin İsa Qəmbəri namizəd olaraq dəstəkləməsi onun siyasi karyerasına heç də müsbət keyfiyyətlər gətirməyəcək. Belə ki, həmin halda ictimaiyyət daxilində Əli Kərimli daimi olaraq müxalifətdən olan digər namizədlərə güzəştə gedən şəxs qismində tanınacaq. Belə imiclə isə onun ən azından müxalifət daxilində belə gələcəyi yoxdur. Bunu cəbhəçilər də yaxşı anlayırlar. Ona görə də heç şübhəsiz gec də olsa yaxın dönəmlərdə Əli Kərimli də namizədliyini irəli sürəcək. Bu halda isə dəfələrlə qeyd etdiyimiz kimi, İctimai Palatanın dağılması qaçılmaz bir hal olacaq.
AXCP sədrinin müavini Nürəddin Məmmədlinin qəzetimizə açıqlamasından isə belə çıxdı ki, Müsavatın son addımından sonra AXCP də prezident seçkilərində öz namizədilə çıxış edə bilər: "Namizədlik məsələsində nə etməklə bağlı məsələni artıq qərarlar vasitəsilə ifadə etmişik. AXCP Müsavat Partiyası ilə birlikdə İctimai Palatanın təmsilçiləridir. İctimai Palatanın son sessiyası da Koordinasiya Şurası tərəfindən təqdim olunan layihəni təsdiq etməklə hər bir partiyanın müstəqil şəkildə öz namizədini irəli sürmək haqqını tanıyıb. Ona görə də Müsavat Partiyasının İsa Qəmbərin namizədliyini irəli sürməsilə bağlı qərarı bu mənada razılaşdığımız və qərarlaşdırdığımız prinsiplərə tamamilə uyğundur. Hətta İsa bəyin namizədliyinin irəli sürülməsilə bağlı Əli bəy onu təbrik etdi. İndilikdə əsas məsələ partiyaların namizədlik istiqamətdə müstəqil davranışlarına hörmətlə yanaşmaqdan gedir ki, biz də bu prinsiplərə sədaqətliyik".
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov isə qeyd etdi ki, İsa Qəmbərin namizədliyinin Müsavat Partiyası tərəfindən rəsmiləşdirilməsi İctimai Palatanın dağılması prosesinin əsasını qoydu: "Dəfələrlə qeyd etmişik ki, əyalət siyasəti üzərində qurulan İctimai Palata gec-tez dağılmağa məhkumdur. Çünki onun yaradılmasının özü qeyri-legitim idi. İctimai Palata parlament seçkilərindən sonra bir qrup narazı qalan insanın yaratdığı bir qurumdur. Seçkilər ərəfəsində isə İctimai Palatada təmsil olunan Müsavat Partiyası ilə AXCP və onların liderləri olan İsa Qəmbərlə Əli Kərimli arasında gizli də olsa mübarizə gedib. Amma prezident seçkiləri ilində bu mübarizə artıq açıq müstəviyə keçib. Seçkilərə 10 aya yaxın vaxt qalmasına baxmayaraq, artıq İctimai Palatada birinci olmaq iddiasında olan insanlar arasında mübarizə kəskinləşib.
İndilikdə İsa Qəmbər İctimai Palatanın rəyini nəzərə almadan özünün prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Buna uyğun olaraq AXCP üzvləri və onları dəstəkləyən qüvvələr Əli Kərimlinin də namizəd ola biləcəyini ortaya atdılar. Bu mübarizə isə indilikdə İsa Qəmbərin məsələsinin partiyasında təsdiqini tapmasından sonra daha artan templə cərəyan edir və edəcək. Belə hal isə yekun nəticədə İctimai Palatanın dağılması ilə sonuclanacaq. Müsavat Partiyası əvvəlcədən proqnozlaşdırdığı kimi öz namizədini irəli sürdü və prezident seçkilərində iştirakını bəyan etdi. Bu halda isə AXCP ilə Müsavat arasında münasibətlər açıq savaş müstəvisində daha da kəskin tonda cərəyan edəcək. Yekun nəticədə isə müxalifətin geniş spektrinin prezident seçkilərinə öz namizədlərilə qoşulacağının şahidi olacağıq. AXCP də yaxın zamanlarda öz namizədini elan edəcək. Hardasa 4-5 nəfər müxalifəti təmsil edən qüvvələr öz namizədlərini verəcək. Belədə isə müxalifətin onsuz da zəif olan səsləri daha da parçalanacaq. Bu da onların məğlubiyyətini daha da yaxınlaşdıracaq".
Sizin Reklam Yeriniz