Əlaqə Arxiv
news Image
2016.10.25
10:03
| A A A
Müharibə varinatı yenidən aktuallaşdı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvan səfəri fonunda Ermənistanın yeni hökumətinin işğal altındakı əraziləri qaytarmağa hazırlaşmadığını bildirmsəinə dair məlumatlar yayılıb. Bunu erməni ekspert Arutyun Mesrobyan da təsdiq edib. Millət vəkili Elman Nəsirov isə bildirir ki, aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı yaranmış münbit şəraitin indi daha çox pozulması tendensiyasını müşahidə edirik: “Pozitiv və neqativ tendensiyalar paralel şəkildə getməkdədir. Bir yandan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya ilə bu apardığı danışıqlar və müsbət nəticələrlə bağlı fikirlər səsləndirib. Rusiya da Türkiyənin nəzərinə çatdırıb ki, 5 rayonun qaytarılması gündəmdədir. Eyni zaman da Rusiya xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Türkiyənin tənzimləmə prosesində rolu haqqında müsbət fikirlər səsləndirdi.

Bütün bunlar müsbət ovqat yaradır. Xüsusən də Türkiyə-Rusiya münasibətlərinin bərpasının münaqişənin həllinə müsbət təsir edəcəyi ilə bağlı müəyyən ümidlər yaradıb. Ancaq paralel şəkildə başqa tendensiyanın da şahidi oluruq. Bu tendensiya münqişənin həlli prosesinin dalana dirənməsidir. Bu da ondan ibarətdir ki, Ermənistanda formalaşan yeni hökumət fəaliyyət proqramını hazırlayır. Həmin fəaliyyət proramında münaqişə ilə bağlı əsas tezis odur ki, heç bir güzəştdən söhbət gedə bilməz. Yəni, paradoksal vəziyyət yaranıb. Bir yandan Ermənistan guya münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortalığa qoyduğunu bəyan edir və danışıqlarda maraqlı olduğunu ifadə edir, beynəlxalq ictimaiyyətə münaqişənin sülh yolu ilə həllində maraqlı olduğun demək istəyir, digər tərəfdən isə “heç bir güzəştdən söhbət getmir” deyir. Bu vəziyyət həmsədrlər üçün ciddi siqnal olmalıdır. Ermənistanın yeni hökuməti özünün fəaliyyət proqramına belə bir bənd əlavə edibsə, həmsədrlər hansı məntiqlə prezidentlərin görüşünə nail olmağa çalışırlar ki?! Belə olan vəziyyətdə yalnız illik hesabatlarında 3 dəfə görüş keçirdiklərini bəyan etmiş olurlar. Halbuki, nəticə də sıfıra bərabərdir. Hətta Ermənistan tərəfi heç bir güzəştə getməyəcəyini bəyan edib. Bu reallıq münaqişənin həllində fərqli mənzərə yaradır.
Azərbaycan sülh yoluna sadiq olsa da, hər bir prosesin sonu var. Ona görə də hadisələr fərqli müstəvidə inkişaf edə bilər. Heç kəsin istəmədiyi müharibə varinatı aktuallaşması mümkündür. Aprel döyüşləri də elə onu göstərdi ki, münaqişə istənilən halda müharibəyə çevrilə bilər. Ermənistanın indiki davranışı ona işarədir ki, münaqişəni sülh yolu ilə həll etmək niyyəti yoxdur. Ona görə də hadisələr müharibənin başlamasına gətirib çıxara bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu da eyni mövqedən çıxış etdi: “Ermənistanın mövqeyində yeni heç nə yoxdur. Bu fikri həmişə də deyiblər ki, torpaqları qaytarmaq niyyətində deyillər. Halbuki, münaqişənin həllinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır. Bunu Ermənistan hakimiyyəti də bilir. Ancaq indi daha radikal mövqedən çıxış ediblər. Bu, ondan xəbər ki, həmsədrlərin bu səfəri də nəticəsiz qaldı. Onların əsas məqsədləri prezidentləri görüşdürməkdir. Amma Ermənistan heç bir addım atmaq istəmirsə, prezidentlərin danışıqlarından real nəticə gözləmək əbəsdir”.
Politoq əlavə etdi ki, bu fonda da həmişəki kimi müharibə ehtimalı gündəmdə qalır: “Müharibə olmasa da, genişmiqyaslı hərbi toqquşmaların baş vermə ehtimalı yüksəkdir. Çünki, danışıqlarda irəliləyiş yoxdur, atəşkəs intensiv pozulur, eyni zamanda Ermənistan təxribatlarından əl çəkmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz