Əlaqə Arxiv
news Image
2013.05.29
14:04
| A A A
Fazil Məmmədov: Azərbaycanda elektron auditin tətbiqi genişləndirilməlidir
Neft, bank və ticarət sektorlarında elektron auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidənyayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalıb. Mövqe.az-in məlumatına görə, bunu Azərbaycanın vergilər naziri Fazil Məmmədov çərşənbə günü "Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimatda bildirib.

Nazir deyib: "Bu isə ona dəlalət edir ki, e-auditin tətbiqi sahəsində görülən işlər davam etdirilməli, tədricən e-auditin tətbiqi genişləndirilməlidir".

Onun sözlərinə görə, elektron audit layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri 3 il əvvəl başlanılıb:

"2010-cu ilin may ayında tender keçirilib, Avropa İttifaqı tərəfindən müvafiq maliyyə resursları ayrılıb. Tvinninq layihəsinin tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilib və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılıb".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia tədbirdə bildirib ki, dünyada maliyyə çətinliklərinin yaşandığı bir vaxtda Vergilər nazirliklərinin üzərinə böyük iş düşür. O qeyd edib ki, bu layihəyə Azərbaycanın, xüsusilə risklərin idarə olunması sahəsində ehtiyacı var:

"Avropa İttifaqında dəfələrlə vurğulayırıq ki, Azərbaycana bu sahədə mütəmadi dəstəyin göstərilməsinə hazırıq".

O qeyd edib ki, layihənin çox uğurlu nəticələnməsi onu davam etdirməyə əsas yaradır.
Sizin Reklam Yeriniz