"Azərsu" iki kəndin sakinlərini sevindirdi
"Azərsu" ASC içməli sudan əziyyət çəkən kəndlərdə su təchizatının
yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.
"Azərsu" ASC-dən Movqe.az-a verilən
məlumata görə, belə layihələrdən biri Şəki rayonunun Qaratorpaq və
Bolludərə kəndlərində həyata keçirilir. Layihənin birinci mərhələsi
çərçivəsində magistral su xəttinin tikintisi başa çatıb və
Qaratorpaq kəndinə içməli suyun verilməsinə başlanılıb. Həyata
keçirilən yeni layihə Qaratorpaq və Bolludərə kəndlərində 2200
nəfərin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.
Bu kəndləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün
su mənbəyi kimi Oğuz rayonunun Söyüdlü kəndindəki su anbarı
seçilib. Layihənin birinci mərhələsində su mənbəyindən
Qaratorpaq kəndinə qədər 11 km uzunluğunda magistral su xətti
çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 1 ədəd su bulağı və 1
ədəd su dayağı quraşdırılıb. Bu layihənin davamı olaraq növbəti
mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km
uzunluğunda magistral su xətti çəkiləcək.