Əlaqə Arxiv
news Image
2013.10.09
18:08
| A A A
Uşaqlar üçün böyük təhlükəyə çevrilən oyuncaqlar
Eyyub Hüseynov: «Uşaq oyuncaqları alarkən pis qoxu gələrsə, yaş parça ilə oyuncağı siləndə rəngi çıxırsabelə oyuncaqları almasınlar»

Adil Qeybulla: "Çin istehsalı olan oyuncaqların əksəriyyətinin tərkibində bioksin adlı toksiki maddə var ki, bu uşaqlara həddindən artıq zərərli təsir göstərir"


Uşaqlara oyuncaq alarkən diqqətli olmaq lazımdır. Belə ki, bilmədən aldığımız oyuncaqlar bəzən onların ciddi problemlərlə üzləşməsinə  gətirib çıxara bilər. Araşdırmalar göstərir ki, Azərbaycana xaricdən gətirilən uşaq oyuncaqlarının əksəriyyətini Çin məhsulları təşkil edir ki, onların da bəzilərinin tərkibində orqanizmə zərərli olan bir sıra maddələrin mövcudluğuna dair zaman-zaman fikirlər səslənir. Ümumiyyətlə, bu hal müxtəlif MDB ölkələrində müşahidə olunur. Buna qarşı müxtəlif mübarizə tədbirləri həyata keçirilir. Məsələn, Ukrayna bildirir ki, oyuncaqlaar bundan sonra daha sərt formada nəzarət olunacaq və bununla bağlı ölkənin İqtisadi İnkişaf nazirliyinə yeni səlahiyyətlər veriləcək. Azərbaycanda da analoji addımların atılmasına ehtiyac var. 

Azad İstehlakçılar Birlyinin (AİB) sədri Eyyub Hüseynov Movqe.az-a mövzu ilə əlaqədar açıqlamasında Azərbaycanda bu problemə qarşı qanunvericiliklə mübarizə aparılsa da, qanuna tam şəkildə əməl olunmadığından bu cür zərərli məhsulların satışının davam etdiyini bildirib: "Nazirlər Kabinetinin qərarı ilə bir sıra mallar, o cümlədən uşaq oyuncaqları ölkə bazarına girməzdən öncə ekspertizadan keçirilməli, sonra bazara buraxılmalıdır.  Lakin Nazirlər Kabinetinin bu qərarına ciddi əməl olunmadığından Çində istehsal olunan zərərli oyuncaqların satıldığının şahidi oluruq. Və bunlar əhali tərəfindən alınır. Bu dəqiqə uşaq oyuncaqlarının 80%-i sertifikatlaşdırılmır. Cürbəcür yollarla gətirilən məhsullar, təbii ki, bəzən kiçik yaşlı uşaqların zəhərlənməsinə səbəb olur. Qanunvericilikdə bu məsələyə kifayət qədər nəzarət mexanizmi var. Lakin bu nəzarət bəzi dövlət orqanlarının qeyri-fəal fəaliyyəti ilə düz gəlmir. İstehlakçılar özləri özlərini qorumalıdırlar. Uşaq oyuncaqları alarkən pis qoxu gələrsə, yaş parça ilə oyuncağı siləndə rəngi çıxırsa, oyuncağın tükləri çıxırsa, belə oyuncaqları almasınlar. Bundan başqa, istehlakçılar məhsulları alarkən sertifikatlarını da tələb etsinlər. Bu sahədə qanunlar nə qədər sərtləşdirilsə, o qədər yaxşı olar". 

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla saytımıza verdiyi açıqlamada   keyfiyyətsiz oyuncaqların uşaqların orqanizminə verə biləcəyi təsirlərdən danışıb: " Ölkəmizdə satılan Çin istehsalı məhsullar bu cəhətdən çox zərərlidir. Uşaq oyuncaqlarının hazırlanmasında istifadə olunan plastmaslar orqanizmlə, dəri ilə təmasda olarkən qıcıqlandırmalar yaratmamalıdır. Lakin müəyyən olunmuşdur ki, Çin istehsalı olan oyuncaqların əksəriyyətinin tərkibində bioksin adlı toksiki maddə var ki, bu uşaqlara həddindən artıq zərərli təsir göstərir. Uşaqlar bu cür oyuncaqları dişləyirlər, ağızlarına sürtürlər, əllərində uzun müddət saxlayırlar ki, bu da həddən artıq zərərli olur. Bəzən bu çox pis vəziyyətlərə gətirib çıxara bilər. Hesab edirəm ki, bu cür orqanizmə zərərli olan keyfiyyətsiz  məhsulların ölkəyə daxil olmasının qarşısını almaq lazımdır. Bu cür məhsulların atılması məsələsi də var. Amma atıldıqdan sonra belə bu məhsullar hardasa qaldığı üçün toksiki təsirini göstərə bilər. Ona görə də, çalışmaq lazımdır ki, ölkəmizə nəinki plastmasdan hazırlanmış oyuuncaqların, o cümlədən digər plastmas vasitələrin gətirilməsinə yol verilməsin. Bu sahədə qanunvericilik tədbirlərinin gücləndirilməsinə ehtiyac var". 


Sizin Reklam Yeriniz