İnsanları qida rasionunda getdikcə əsas yerlərdən birini tutan fast-fud yeməklərin orqanizmə zərərləri, törədə biləcəyi fəsadlar barədə məsələ dəfələrlə gündəmə gəlsə də, bu qida növlərindən istifadə edənlərin sayı durmadan artır. Qısa zamanda hazırlanan bu yeməklər insanlarda vaxt qənaətinə səbəb olursa da, bir tərəfdən bəlkə də onların qənaət etdikləri vaxtı ömürlərindən alır. Xüsusilə gənclər fast-fud yeməklərə daha çox müraciət edir. Hətta gündə bir neçə dəfə bu cür yeməklərlə qidalanan insanlar da var.
Konserigen maddələrlə zəngin olan bu
cür qidaların insanlarda xərçəng xəstəliyi yaratma riskinin çox
yüksək olduğunu deyən tibb sahəsi üzrə ekspert Adil Qeybulla
tərkibindəki xammalın hardan gəldiyi məlum olmayan bu qidaların
eyni zamanda insanlarda mədə-bağırsaq xəstəliklərinin də yaradıcısı
olduğunu bildirir: "Fast-fud qidalarda istifadə olunan xammalın
özünün keyfiyyəti və yağlarla bağlı xeyli mübahisəli məsələlər var.
Ümumiyyətlə, yağdan həddən çox istifadə olunduqda, qızdırıldıqda,
qaynadıldıqda, onlarda konserigen maddələr əmələ gəlir. Hər bir yağ
bir dəfə qızardılmada istifadə olunduqdan sonra atılmalıdır. Amma
fast-fud qidalarından biri olan kartof qızardılanda dəfələrlə yağa
salınıb çıxarılır. Yəni orda bu konserigen elementlərin əmələ
gəlməsi riski həddən artıq çoxdur. Onu da qeyd etmək lazımdır ki,
fast-fud yeməklər həm də mədə-bağırsaq sistemində pozuntulara,
onların tərkibində olan xolestirinlər isə insanlarda
kökəlməyə meyillilik yaradır. Mümkün olan qədər bu cür qidalardan
uzaq durmaq lazımdır. Bu qidalanma həyat tərzinə keçdikdən sonra
orqanizmlə mübadilə də pozlmuş olur və sağlamlığı geri qaytarmaq
olmur".
Bəs Azərbaycanda fast-fud yeməklər
mövcud satndartlara uyğun hazırlanırmı? Sualımızı
cavablandıran Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş
direktoru Tahir Əmiraslanov xarici ölkələrdən fərqli olaraq,
Azərbaycanda fast-fud qidaların hazırlanması üçün hər hansı bir
standartın olmadığını deyir: "Azərbaycanda fast-fud hazırlanması
sahəsində konkret bir standart yoxdur. Xarici fast-fud restoranları
öz standartlarını qoyurlar və o standartlara uyğun olaraq da
çalışırlar. Azərbaycanda isə, belə bir standart yoxdur ki, yerlərdə
ona riayət olunub-olunmamasını müəyyən edək. Amma ümumilikdə
fast-fud yeməklər ayaq üstə, tələsik yeyildiyindən, beyin insanın
hərəkəti ilə məşğul olur. Nəticədə yeyilən qida yaxşı həll olunmur.
İnsanın fikri yayınır. Digər tərəfdən isə, bu mədəniyyətdən
kənardır. Təsəvvür edin ki, Azərbaycanın gözəl, incə bir xanımı
yolda yemək yeyə-yeyə gedir. Bu heç də xoş görüntü yaratmır.
Süfrənin arxasında yemək yemək ayrı bir mədəniyyətdir və eyni
zamanda ünsiyyətdir. Digər tərəfdən isə, məhsul keyfiyyətsizdirsə,
elə fast-fud yeməklərin içində də, digərlərini içində də zərərli
olacaqdır".